Xarici xəbərlər

Nadir xəstəlik qadını canlı heykələ çevirib
Nadir genetik xəstəlik ABŞ-ın Konnektikut ştatının 29 yaşlı sakinini bir növ canlı heykələ “çevirib”. Bu barədə “The Mirror” məlumat yayıb.
Beş yaşındaykən diaqnoz qoyulan Jasmine Floyd birləşdirici toxumaların sümükləşməsinə səbəb olan fibrodisplaziyadan əziyyət çəkir. Xəstəlik onun hərəkət qabiliyyətinə təsir etməyə başladığı üçün o, son iki il ərzində yataq xəstəsinə çevrilib.
Xəbəri “lenta.ru” yayıb.
NASA Aya göndərdiyi aparatla əlaqəni itirib
Amerika kosmik agentliyi NASA Aya göndərilən Capstone ilə əlaqənin kəsildiyini bildirib. Bu barədə qurumun saytında məlumat verilib.
Cihazın rabitə ilə bağlı problemlərinin olduğu izah edilir. Mütəxəssislər nasazlığın səbəbini müəyyənləşdirməyə və əlaqəni bərpa etməyə çalışırlar.
Xəbəri TASS yayıb
Norveç
Hava limanlarında tətillər genişlənir
Avropa hava limanlarında tətillərin coğrafiyası genişlənir. SAS – “Scandinavian Airlines” aviaşirkətinin 900-dən çox pilotu rəhbərliklə 8 ay davam edən danışıqlardan əhəmiyyətli nəticə əldə etmədikdən sonra işlərini dayandırıb. Tətilçilərin tələbləri arasında maaşların 30 faiz artırılması da var. İsveç, Danimarka və Norveçdə hər ikinci reys ləğv edilib.
Xəbəri TASS yayıb
Çili
Yeni Konstitusiya layihəsi ölkə başçısına təqdim edilib
Çilinin paytaxtında polis təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən tələbələrə qarşı su şırnaqlarından istifadə edib. Həmin gün ölkə prezidentinə yeni konstitusiya layihəsi təqdim edilib. Layihənin qəbulu ilə bağlı iki aydan sonra Çilidə referendum keçiriləcək. Hazırkı konstitusiya 1980-ci ildə, Auqusto Pinoçetin hərbi diktaturası dövründə qəbul edilib. Sorğulara görə, vətəndaşların əksəriyyəti əsas qanunun dəyişdirilməsinin tərəfdarıdır, lakin təklif olunan layihədən narazılıqlarını bildirirlər.
Xəbəri “euronews.com” yayıb.
İtaliya
İbrahimoviçin müqaviləsi uzadılıb
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klubu ilə müqaviləsini uzadacaq. “Sky Sport”un məlumatına görə, tərəflər müqavilənin müddətini 2022/23 mövsümünün sonuna qədər uzatmaq barədə razılığa gəliblər. Oyunçunun maaşı performansına görə bonuslarla birlikdə 1-1,5 milyon avro olacaq.
İbrahimoviç komandaya 2020-ci ildə qoşulub. O, klubda 58 oyuna çıxıb, 33 qol vurub.
Xəbəri AS nəşri verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”