Ukraynanın şərqində ağır döyüşlər davam edir

Son günlər Ukraynanın şərqində ağır döyüşlərin getdiyi barədə məlumatlar yayılır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin şərqində aramsız döyüşlərin davam etdiyini təsdiq edib. Bu barədə UNİAN agentliyi məlumat yayıb.
Baş Qərargahın məlumatında bildirilir ki, düşmən Çerniqov vilayətinin Mxa, Zalizniy Mıst və Sumı vilayətinin Şaliqine yaşayış məntəqələri ərazilərində minaatanlardan hücumlar həyata keçirib: “Mi-24 helikopteri Sumı vilayətinin Esman qəsəbəsi ərazisində məktəb binasına zərbə endirib. Xarkov istiqamətində isə Rusiya tərəfi əsas səylərini işğal etdiyi ərazilərdə möhkəmlənməyə və qoşunlarımızın irəliləməsinin qarşısını almağa yönəldib. Qarşı tərəf Kutuzivka, Nove, Ruski Tışki, Mala Danylivka və Dementivka yaşayış məntəqələri ərazilərini artilleriya, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və tanklardan atəşə tutub”.
Məlumatda vurğulanıb ki, həmçinin Xarkov şəhərinə raket zərbələri endirilib: "Düşmən Baxmut istiqamətində və Novoluqanske qəsəbəsi istiqamətində də hücumlar aparır, hazırda orada ağır döyüşlər davam edir".
Baş Qərargahın məlumatında daha sonra bildirilir ki, cəbhənin Volın və Polisski istiqamətlərində heç bir ciddi dəyişiklik olmayıb. Rusiyanın Belarus ərazisindən və hava məkanından raket və hava zərbələri endirməsi təhlükəsi isə qalmaqdadır.
M.HACIXANLI, “Xalq qəzeti”