Xarici xəbərlər

XARİCİ XƏBƏRLƏR
2 İyul
00:28

ABŞ

Seçkilərə müdaxilə məlumatlarına görə 10 milyon dollar mükafat

ABŞ Dövlət Departa­menti yerli seçkilərə xa­rici müdaxilə haqqında məlumat verən şəxslərə 10 milyon dollara qədər mükafat təklif edəcək. Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Mükafat seçkilərə müdaxilə edən əcnəbiləri və ya təşkilatları müəyyən etməyə kömək edən məlumatları təqdim edənlərə çatacaq.

Xəbəri “lenta.ru” yayıb.

ABŞ Avropaya qaz nəqlində ilk dəfə Rusiyanı üstələdi

Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol “Twitter” he­sabında bildirib ki, iyun ayının nəticələrinə görə, ABŞ-dan Avropa İttifaqı­na LNG ixracının həcmi “Qazprom”un tədarükünü bir qədər üstələyib. O əlavə edib ki, Aİ ölkələri Rusiya qazının tədarükünün azalması fonunda qaza tələbatı azalt­mağa çalışmalıdır.

Fatih Birol Rusiya və ABŞ-ın Avropaya nə qədər qaz tədarük etdiyini dəqiq açıqlamayıb. Lakin məlumdur ki, mart ayında ABŞ Aİ-nin Rusiya enerjisindən asılılığını azaltmaq üçün bu il Avropaya 15 milyard kubmetr LNG tədarük etməyi öhdəsinə götürmüşdü.

Xəbəri “Kommersant.ru” yayıb.

Almaniya

BMW i3 elektrik avtomobilinin istehsalını dayandırır

BMW şirkəti Bavariya brendinin ilk kütləvi istehsalı olan elektrik avto­mobili i3-ün istehsa­lını dayandıracaq. Əvvəlcə hetçbeklərin istehsalının 2024-cü ilə qədər davam edəcəyi planlaşdırılsa da, indi sonuncu avtomobillərin 2022-ci ilin iyulunda Leypsiq zavodunun konveyer xəttindən çıxacağı bildirilir. BMW nümayəndələri bu məlumatı “Autocar”-a təsdiqləyiblər.

Bildirilir ki, zavodda BMW i3-ün istehsalı başa çat­dıqdan sonra onlar yeni nəsil elektromobil olacaq “MINI Countryman” krossoverinin yığılmasına başlayacaqlar.

Leypsiqdəki zavodda modelin istehsal olunduğu səkkiz il ərzində 250 min elektrik avtomobili yığılıb.

Xəbəri “Kommersant.ru” yayıb.

Çin

Pandemiya zamanı ənənəvi tibbi vasitələrin satışı artıb

“The Economist” yazır ki, Çində COVID-19 pandemiyası zamanı müxtəlif ənənəvi dərman vasitələrinin, otların və digərlərinin satışı xeyli artıb. Bu cür dərmanların əsas istehsalçısı olan “Yiling Pharmaceutical”ın satışları 2021-ci ildə pandemiyadan əvvəlki 2019-cu ilə nisbətən iki dəfə artaraq 10 milyard yuanı (1,6 milyard dollar) ötüb. Digər vasitələrlə yanaşı, şirkət COVID-19-un müalicəsində də istifadə edilən qrip dərmanı olan “Lianhua Qingwen” istehsal edir.

Məlumatı Sinxua verib.

İspaniya

“Camp Nou”nun adı dəyişdi

Kataloniya klubunun sta­dionu bundan sonra “Spotify Camp Nou” adlanacaq. Klub öz sosial platformasında Bar­sanın ev stadionunu bəzəyən yeni prefiksinin şəklini yerləşdirərək ad dəyişikliyini təsdiqləyib.

Bu ilin əvvəlində Barselo­na media nəhəngi Spotify ilə növbəti dörd il üçün spon­sorluq müqaviləsi imzaladı – ilk üç ildə müqavilə davam edir, kluba 67,5 milyon avro ödəniləcək ki, bu da 70 milyon avroya yüksələ bilər. 4 il ərzində "Barselona" 275 milyon avro ala bilər. Müddəti bitdikdən sonra Spotify müqaviləni daha 15 il müddətinə yeniləmək imkanı əldə edəcək.

Xəbəri “sport.ru” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi