Finlandiya və İsveç Türkiyə ilə razılaşmaya sadiqdir

XARİCİ XƏBƏRLƏR
2 İyul
01:23

Finlandiya yaxın vaxtlarda terror təşkilatlarının fəaliyyətini dayandırmaq sahəsində Türkiyə ilə əməkdaşlığa başlayacaq. Bu barədə ölkənin XİN başçısı Pekka Haavistö “Anadolu” agentliyinə müsahibəsində bəyan edib.

Agentliyin verdiyi məlumata görə, nazir bildirib ki, tezliklə Türkiyə tərəfindən müəyyən edilmiş şəxslər və qruplarla bağlı bütün əlavə məlumatların verilməsi sahəsində əməkdaşlıq qurulacaq: “Helsinki artıq PKK, YPG-PYD və FETÖ kimi terror təşkilatlarını dəstəkləmədiyi barədə Anka­ranı məlumatlandırıb”.

O deyib ki, PKK terror qruplaşması NATO-nun Madrid sammitində Türkiyə ilə danışıqlarda müzakirə edilən əsas məsələ olub: “Biz bu barədə Türkiyə ilə çox danışdıq. Bizim PKK ilə bağlı ümumi baxışları­mız var. Bu, Finlandiyada, eləcə də İsveçdə qadağan olunmuş terror təşkilatıdır. Əlbəttə, biz gələcəkdə PKK-ya qarşı addımlar atmağa hazırıq və bununla bağlı Türkiyədən istənilən informasiyanı qəbul etməyə açığıq”.

XİN başçısı qeyd edib ki, Finlandiya və İsveç Türkiyə ilə imzalanmış üçtərəfli memorandumla PKK-nın Su­riya qanadı olan YPG terror təşkilatını dəstəkləməmək barədə öhdəlik götürüb.

İsveçin Baş naziri Maq­dalena Andersson da bəyan edib ki, ölkəsi Türkiyə ilə im­zalanmış razılaşmaya sadiq­dir: “Biz Türkiyə ilə razılaş­manı yüz faiz dəstəkləyirik. Əlbəttə, razılaşmada qeyd olunanlar yerinə yetiriləcək. Türkiyə əvvəllər də ekstradi­siya ilə bağlı müraciət edirdi və biz bunlara müxtəlif cür baxırdıq. Bəzən deportasiya haqda qərar qəbul edir, bir çox hallarda bunu etmirdik. İndi isə razılaşmanın arxa­sında dururuq”.

Bu barədə hökumət başçısı SVD qəzetinə müsahibəsində bildirib.

ABŞ isə dünən 2013-cü ildə Türkiyənin Reyhanlı şəhərində qanlı terror aktının təşkilatçısı olmaq­da şübhəli bilinən Mehmet Gəzəri Türkiyəyə təhvil verib. Türkiyə DİN-dən bildirilib ki, Reyhanlı faciəsini planlaş­dırmış Yusuf Nazik istintaq zamanı bu barədə tapşırığı Gəzərdən aldığını deyib.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi