Musiqinin bilmədiyimiz tərəfləri

Min illərdən bəri musiqi insan həyatının ayrılmaz hissəsinə çevrilib. Gündəlik yaşamımızda heç olmazsa günün müəyyən saatını musiqi dinləməyə həsr edirik. Bəzi insanlar bunu hobbi olaraq yerinə yetirir. Yəni musiqi onların həyatının mənalı hissəsinə çevrilmiş olur. Lakin bəziləri, sadəcə, zövq üçün və ya kədərli, eləcə də xoşbəxt anlarında mahnılara üz tuturlar. Bu məcrada musiqi həm əhvalımızı yaxşılaşdıra, həm də pisləşdirə bilər. Fərqli zamanlarda, fərqli əhval-ruhiyyələrlə dinlədiyimiz musiqilərin bizim sağlamlığımıza təsiri var.
Musiqi insan xarakterinin izahı kimi də qəbul edilir. Yəni bir şəxsin musiqi zövqünə əsaslanaraq onun necə xislətə malik olduğunu təyin etmək mümkündür. Mahnıların bizə göstərdiyi təsir təsəvvür etdiyimizdən də artıqdır. Müxtəlif janrlı mahnıların insanın psixologiyasına, hətta fizikasına belə təsiri mövcuddur. Mütəxəssislər bildirirlər ki, sadəcə, musiqinin üslubu deyil, onun ritm və tonallığı, eləcə də hansı alətdə ifa olunması orqanizmə müəyyən təsir göstərir. Məsələn, simli alətlər – gitara, skripka və s. ürək və qan-damar sistemini normallaşdırır, ona müsbət təsir göstərir. Alətlərdə ifa olunan musiqiləri dinlədikdə insanda mərhəmət, fədakarlıq hissi, müsbət insani keyfiyyətlər inkişaf edir.
Nəfəsli alətlərlə ifa olunan musiqilər ağciyər və bronxlara müsbət təsir göstərir, onların fəaliyyətini normallaşdırır. Zərb alətləri isə ürək ritminə, qaraciyərə yaxşı təsir bağışlayır. Ümumiyyətlə, musiqi dinləmək yorğunluğu aradan qaldırır, insana xoş əhval bəxş edir, beyin hüceyrələrində gərginliyi azaldır. Daha çox təbəssüm yaradan musiqilər serotenin hormonuna təsir göstərir, bu da nevrotik pozuntuların müalicəsində mühüm faktorlardan biri kimi qəbul edilir.
Əgər siz, klassik musiqilərə üstünlük verirsinizsə, bu, sizə revmatizm xəstəliyinin müalicəsində kömək edə bilər. İnsana xoş hisslər bağışlayan musiqi növlərindən biri də milli musiqilərdir. Bu dəmdə etnik musiqilər rahatlaşmağa və dincəlməyə kömək edir. Musiqilərin təsir qüvvəsini müəyyən etmək üçün mütləq mahnı dinlədiyiniz vaxtı hansı hissləri keçirdiyinizə diqqət edin. O zaman sizə uyğun olan musiqini seçməkdə çətinlik çəkməyəcəksiniz.
Şahxanım ƏLİZADƏ,
“Xalq qəzeti”



