Rusiya Prezidenti: Finlandiya və İsveçin NATO-ya daxil olması bizə təhlükə yaratmır

Putin bildirib: “Bizim Finlandiya və İsveçlə problemimiz yoxdur, onların NATO-ya daxil olması birbaşa təhlükə yaratmır. Onlar NATO-ya daxil olmaq istəyirlər, buyursunlar. Ancaq bu regionun ərazisində hərbi strukturun genişləndirilməsi, təbii ki, bizdən cavab reaksiyası tələb edir. Bu ölkələr aydın və dəqiq anlamalıdırlar ki, əvvəllər onlar üçün heç bir təhlükə yox idi, indi isə orada hərbi kontingent və infrastruktur yerləşdirilərsə, biz də eynən cavab verməyə məcbur olacağıq və bizə təhlükə törədən əraziyə təhlükə yaradacağıq”.
Prezident qeyd edib ki, Rusiyanın Ukrayna ilə problemi var: “Ukrayna ilə bağlı vəziyyət tamam başqadır. Finlandiya və İsveçlə vəziyyət belə deyil. Bu, tamam başqa vəziyyətdir”.
Rusiya Prezidentinin sözlərinə görə, NATO soyuq müharibə dövrünün qalığıdır: “NATO ABŞ-a lazımdır ki, özünün xarici siyasət aləti kimi yol yoldaşlarını nəzarəti altında saxlasın”.
Qeyd edək ki, iyunun 29-da NATO ölkələrinin liderləri İsveç və Finlandiyanın alyansa dəvət olunması barədə qərar qəbul ediblər və bu ölkələrin bloka üzvlüyü haqda protokolu razılaşdırıblar. Təşkilatın Madrid sammitinin bununla bağlı yekun bəyannaməsində bildirilir: “Bu gün biz Finlandiya və İsveçi NATO üzvlüyünə dəvət etdik. Finlandiya və İsveçin iştirakı bu ölkələri təhlükəsiz, NATO-nu güclü, Avroatlantik regionu da təhlükəsiz edəcək. Finlandiya və İsveçin təhlükəsizliyi alyans üçün birbaşa əhəmiyyət kəsb edir”.
Sənəddə həm də sammit ərəfəsində Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandumun imzalanması alqışlanır.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”