Yens Stoltenberq: Ukraynaya hərbi və maliyyə dəstəyi davam edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq dünən Madriddə keçirdiyi mətbuat konfransında deyib ki, ehtiyac olduğu müddətdə Ukrayna bizə arxalana bilər. Belə ki, Ukraynaya hərbi və maliyyə dəstəyi davam edəcək. Məlumatı “Euronews” agentliyi yayıb.
O bildirib ki, Rusiya Ukraynaya müharibə elan etməklə Avropada sülhü pozub: “Biz İkinci Dünya müharibəsindən sonra ən böyük təhlükəsizlik böhranı ilə üzləşdik”.
Baş katib Ukrayna Prezidentinin liderliyi və cəsarətini yüksək qiymətləndirib. “Mən şadam ki, bu gün Prezident Zelenski bu sammitə qoşuldu. Bizim, NATO-nun mesajı aydındır: Ukrayna ehtiyac olduğu müddətdə bizə arxalana bilər. Biz Ukraynaya əsas hərbi və maliyyə dəstəyi verməyə davam edəcəyik. Bu gün NATO müttəfiqləri Ukrayna üçün hərtərəfli dəstək planı barədə razılığa gələrək bu ölkəyə dəstəklərini gücləndirəcəklər”.
Baş katib açıqlayıb ki, Ukraynaya göstəriləcək yardımlar siyahısına təhlükəsiz kommunikasiya, yanacaq, tibbi ləvazimat, bədən zirehi, kimyəvi bioloji silahlar, minalarla mübarizə üçün ləvazimatlar, eləcə də yüzlərlə daşına bilən antidron sistemləri daxildir.
NATO-nun Baş katibi həmçinin qeyd edib ki, uzunmüddətli strategiya ilə bağlı alyans rəhbərliyi Ukraynanın sovet silahları sistemindən müasir NATO sisteminə keçməsi üçün yardımları davam edəcək. Bu, bizim Ukraynanın müstəqil, suveren gələcəyinə öhdəliyimizin nümunəsidir və bu öhdəlik sarsılmazdır. Müstəqil və suveren Ukrayna Avroatlantik regionunda sabitlik üçün həyati əhəmiyyət daşıyır”, - deyə Stoltenberq sonda vurğulayıb.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”