Rusiya XİN Ukraynaya namizəd statusu verilməsinə münasibət bildirib

Ukraynaya Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi ölkənin inkişafına deyil, ərazisinin mənimsənilməsinə yönəlmiş addımdır. Bu barədə dünən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.
Onun sözlərinə görə, Qərb Ukraynaya təkcə silah verməklə deyil, həm də siyasi dəstək göstərməklə xüsusi hərbi əməliyyatın müddətini uzatmağa çalışır. Moskva Avropa İttifaqının Ukraynaya üzvlüyə namizəd ölkə statusu verilməsi ilə bağlı sammitini bu kontekstdə qiymətləndirir.
Diplomat deyib: “Bu, əslində, Qərb rejimlərinin Ukrayna ərazisini ələ keçirmək və ondan Rusiyanı dayandırmaq üçün istifadə etmək üzrə hərəkətlərinə daha bir nümunədir”.
O əlavə edib ki, bunun maliyyə və demokratik institutların inkişaf etdirilməsinə heç bir dəxli yoxdur.
Qeyd edək ki, diplomat iyunun 24-də Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsini Aİ tərəfindən Rusiyanın dayandırılması və MDB ərazilərinin geosiyasi mənimsənilməsi cəhdi kimi qiymətləndimişdi. Həmin gün RF Prezidentinin mətbuat katibi Dmitri Peskov da qeyd etmişdi ki, Ukrayna və Moldovaya namizəd statusunun verilməsi Avropanın daxili işidir. Amma o, ümid etdiyini də bildirmişdi ki, yaranmış vəziyyət Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin daha da pisləşməsinə gətirib çıxarmayacaq.
Xatırladaq ki, iyunun 23-də Avropa İttifaqı Şurasının başçısı Şarl Mişel təşkilatın sammitində Ukrayna və Moldovaya namizəd statusunun verilməsi ilə bağlı razılıq əldə olunduğunu bəyan edib. Bu barədə qərar Aİ üzvü olan bütün 27 ölkənin dövlət və hökumət başçıları tərəfindən təşkilatın Brüssel sammitində qəbul olunub.
Bundan sonra namizəd ölkələr Avropa Komissiyasının müəyyən etdiyi şərtləri yerinə yetirəcək və gələcək addımları Aİ Şurası atacaq.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”