“Min bir gecə” Gəncədə

MƏDƏNİYYƏT
24 İyun
00:31

Gəncə Şəhər Regional Mədəniyyət İdarəsi şəhər icra hakimiyyəti ilə birgə elə bir gün yoxdur ki, ölkə Prezidentinin açılışını etdiyi filarmoniyada bir-birindən maraqlı tədbirlər keçirməsin. Şəhər əhalisinin ən müxtəlif təbəqələri bu böyük sənət ocağına gəlir, sözün əsl mənasında, zövq alırlar.

Filarmoniyanın səhnəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmo­niyasının və Azərbaycan Dövlət Aka­demik Opera və Balet Teatrının dəstəyi ilə ikipərdəli “Min bir gecə” baletinin nümayiş olunması da böyük maraqla qarşılanmışdır.

Tamaşada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkili Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin Musiqi sektoru­nun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, Gəncə Regi­onal Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, mədəniyyət işçiləri, şəhər ziyalıları və sakinlər iştirak etmişlər.

Xatırladaq ki, Fikrət Əmirovun yara­dıcılığında xüsusi yer tutan və bəstəkara dünya şöhrəti qazandıran, gözəl musi­qisi olan “Min bir gecə” baleti eyniadlı nağılın motivləri əsasında hazırlanıb. Baletin libretto müəllifləri Əməkdar incəsənət xadimi, SSRİ Dövlət müka­fatı laureatı Nailə Nəzirova, Maqsud və Rüstəm İbrahimbəyovlar, truppanın bədii rəhbəri Xalq artisti, “Zirvə”, “Qızıl Dərviş” və “Humay” mükafatları laureatı Kamilla Hüseynova, quruluşçu rəssam Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov, geyim üzrə rəssam Xalq artisti Tahir Tahirov, tamaşanı idarə edən Əməkdar artist Yuri Lobaçevdir.

Tamaşada əsas partiyaları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Nigar İbrahimova (Şəhrizad) və Cəmilə Kərimova (Nuridə) ifa etmişlər. Digər rol­larda balet truppasının aparıcı solistləri Seymur Qədiyev, Ayan Eyvazova, Timur Oduşev, İslam Məmmədov, Dinara Şirinova, Liana Mirabdullayeva, İntiqam Məmmədov və başqaları çıxış etmişlər.

Qeyd edək ki, “Min bir gecə” bale­tinin nümayişi Prezident İlham Əliyev tərəfindən imzalanmış “Görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq ar­tisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında” 15 mart 2022-ci il tarixli sərəncamının icrası məqsədilə təsdiq olunmuş tədbirlər pla­nına əsasən həyata keçirilmişdir.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

MƏDƏNİYYƏT bölməsi