“Şuşa mədəniyyətinin inciləri”: Bülbül

MƏDƏNİYYƏT
22 İyun
23:55

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.“Şuşa ili” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkar Murtuza Məşədi Rza oğlu Məmmədova həsr olunub.

O, Şuşada dünyaya göz açıb və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. İlk təhsilini də burada mədrəsədə alıb. Bülbül ilk səhnə fəaliyyətinə 1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə başlayıb.

Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olub, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrədib. Bülbü­lün sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və kamera ifaçılığı sahəsində layiqli yer tuturlar.

Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır.

Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

Bülbülün Vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulub. 1992-ci ilin may ayında Şuşanın işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan Hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib. Şuşamız azad olduqdan sonra hər üç görkəmli sənətkarın büs­tü yenidən Şuşaya aparılaraq orada ucaldılıb.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi