Aİ ölkələrində Ukraynadan olan qaçqınların sayı 7 milyonu keçib

XARİCİ XƏBƏRLƏR
4 İyun
07:55

Avropa İttifaqı (Aİ) ölkələrində Ukraynadan olan qaçqınların sayı 7 milyon nəfəri keçib. Bu barədə Aİ-nin Sərhəd Nəzarəti Agentliyi olan “Frontex”in saytında məlumat verilib.

“Müharibənin başladığı fevraldan bəri 5,3 milyon Ukrayna vətəndaşı Aİ-yə gəlib. Aİ-yə daxil olan köçkünlərin, o cümlədən, qeyri- Ukrayna vətəndaşı olanların ümumi sayı isə 7 milyondur”, – agentliyin məlumatında deyilir.

“Son həftələr Ukraynaya geri dönənlərin sayı ölkəni tərk edənlərdən daha çox olub. Mayın 25-dən 31-nə kimi təqribən 260 min ukraynalı Aİ-ni tərk edib”, – “Frontex”in məlumatında deyilir. Ümumilikdə, bu il fevralın 24-dən sonra 2,3 milyon ukraynalı vətəninə qayıdıb.

“Mayın 23-nə olan məlumata görə, Ukraynada məcburi köçkünlərin sayı ilk dəfə azalıb. Hazırda ümumi say 7,1 mil­yon nəfər qiymətləndirilir ki, bu da mayın 3-dəki göstəricidən 11 faiz azdır”, – agentlik vurğulayıb.

“Frontex”in məlumatına görə, Ukraynadan qaçqın axını hələ də ən çox Polşa və Rumı­niyada müşahidə olunur. Bu il mayın 25-dən 31-dək bu ölkələrə müvafiq olaraq 147 min və 32,8 min nəfər gedib.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi