Polşa Belarusla sərhəddə beton hasar inşa edir

Mənbə qeyd edir ki, bu barədə məlumatı Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik öz “Twitter” hesabında yayıb. Bildirilib ki, hasarın çəkilişi ilə bağlı işlərin iyun ayının sonuna kimi tamamlanacağı gözlənilir.
Məlumata görə, iki ölkə arasında hasar tikintisinə bu ilin yanvar ayında başlanıb. Gücləndirilmiş iş rejimində çalışan üç min nəfərlik heyət 5,5 metr hündürlüyündə hasarın əsas hissəsinin tikinti-quraşdırma işlərini başa çatdırıb.
Polşa və Belarus arasında sərhəd xəttinin ümumi uzunluğu 418 kilometrdir və onun 186 kilometrlik hissəsi quru sərhədidir. Sərhədin digər hissəsi isə Visla və Buq çayları vasitəsilə təbii baryerdən təşkil olunur.
Polşa gücləndirilmiş sərhəd baryerləri vasitəsilə qonşu Belarusdan qanunsuz miqrasiyanın qarşısını mümkün qədər almağa çalışır. 2021-ci ildə Polşanın Sərhəd Xidməti iki ölkənin sərhədində 41 mindən çox qanunsuz miqrasiya cəhdi qeydə alıb.
Rövşən TOĞRUL,
“Xalq qəzeti”
