Xarici xəbərlər

Tarixi əsərlər tapılıb
İstanbulun Haydarpaşa dəmir yolu stansiyasının ərazisində aparılan qazıntı işləri zamanı çox sayda tarixi tikili, əsər və sikkə tapılıb. Məlumata görə, qazıntıların aparıldığı İstanbulun antik dövrlərdə “Khalkedon” olaraq bilinən tarixi Kadıköy bölgəsi Roma, Bizans və Ellin mədəniyyəti kimi dövrlərə şahidlik edib. Hazırda aşkarlanan bu tarixi əsərlər isə ən dərini beş metr olan qazıntılarla gün işığına çıxarılıb.
Tapıntılar eramızdan əvvəl V əsrə və daha qədim dövrlərə aid edilir.
Ümumilikdə, tapılan 50 min qutu eksponat restavrasiya ediləcək.
Məlumatı “Habertürk” yayıb.
Rusiya
Jirinovskinin avtomobili satılır
Vladimir Jirinovskinin Almaniya istehsalı olan qara limuzini hərrac vasitəsilə satışa çıxarılıb. Bildirilir ki, hərracda avtomobilə ilkin olaraq 2,5 milyon rubl qiymət qoyulub. Avtomobil 155 min kilometr məsafə qət etməsinə baxmayaraq, saz vəziyyətdədir.
Xəbəri “Avto-ru” verib.
ABŞ
Rüsumlar yumşaldıla bilər
Rəsmi Vaşinqton ABŞ-ın sabiq Prezidenti Donald Trampın Çin məhsullarına tətbiq etdiyi idxal rüsumlarını yenidən nəzərdən keçirir və onların bəzilərini ləğv etmək, yaxud ÇXR-ə münasibətdə tarif siyasətini dəyişmək üçün mümkün variantları nəzərdən keçirir. Bunu ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsinin müavini Sara Bianki açıqlayıb. O deyib: “Hazırda bütün imkanlar nəzərdən keçirilir. Diqqətimizi Çinlə uzunmüddətli münasibətlərin yenidən qurulmasına yönəltmişik”.
Xəbəri “Reuters” verib.
Çexiya
Ən uzun asma körpü
Dünyanın ən uzun asma körpüsü Çexiyada açılıb. Körpünün uzunluğu 721 metr təşkil edir. Sakinlər üçün nəzərdə tutulmuş piyada keçidi 95 metr yüksəklikdə Kralicky Sneznik dağının iki zirvəsi arasında yerləşir. Körpünün inşası 2 ilə başa gəlib.
Məlumatı “Belta” yayıb.
Xorvatiya
Zaqreb Avrozonaya daxil olacaq
Xorvatiya iqtisadi və maliyyə sabitliyi üçün lazım olan bütün şərtləri yerinə yetirib. Bildirilir ki, buna görə də rəsmi Zaqreb 2023-cü il yanvarın 1-dən Avrozonaya qoşulacaq. Bu barədə Avropa Komissiyasının saytında yerləşdirilən məlumata görə, Xorvatiya artıq avroya adaptasiya olunmağa hazırdır. Beləliklə, Xorvatiya Avrozonaya qoşulacaq 20-ci ölkə olacaq.
Məlumatı “Euronews” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
