Türkiyə Prezidenti Pakistanın Baş naziri ilə görüşüb

XARİCİ XƏBƏRLƏR
3 İyun
07:39

Türkiyə və Pakistan həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq platfor­malarda əməkdaşlığı genişləndirməkdə tam qərarlıdırlar. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlardan sonra keçirdikləri mətbuat konfransında bəyan edib. Məlumatı “Anadolu” verib.

Onun sözlərinə görə, Türkiyə və Pakistan liderləri ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlərin bütün kompleksini müzakirə ediblər. Regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparıblar. Ankara və İslamabad iki ölkənin tarixinə, dostluq əlaqələrinə və potensialına uyğun ola­raq, ikitərəfli strateji münasibətləri daha da möhkəmlətməyə hazır olduqlarını bəyan edib.

Türkiyə lideri ölkəsinin Pakistanla müdafiə sənayesi sahəsində də uğurla əməkdaşlıq etdiyini qeyd edib: “Biz son zamanlar işlənib hazırlanmış konkret əməkdaşlıq layihələrindən razıyıq. MİLGEM layihəsi çərçivəsində birgə is­tehsal bu məsələdə mühüm nümunədir”. Ərdoğan deyib ki, Türkiyə və Pakistan arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi artıq 1 milyard dollara çatıb və tərəflər bu həcmi 5 milyard dollara qədər artırmaq niyyətindədir.

Əfqanıstandakı vəziyyətə toxu­nan Türkiyə lideri bu ölkədə sabitliyi bərpa etməyin vacibliyini bildirib: “Biz Pakistanla birgə humanitar böhranın nəticələrini aradan qaldırmaqda əfqan xalqına kömək etməyin yolları üzərində işləyirik. Türkiyə Əfqanıstana dörd xeyriyyə qatarı ilə 4 min tondan çox hu­manitar yardım göndərib. Beşinci qatarı göndərməyə hazırlaşırıq”.

Prezident Ərdoğan Kəşmir regionu ətrafındakı vəziyyətə də toxunub: “Biz bu problemin kəşmirli qardaşlarımızın gözləntilərinə və BMT-nin qətnamələrinə uyğun həllinə yönəlmiş səyləri dəstəkləməkdə davam edirik”.

Şərif isə deyib ki, Pakistan və Türkiyə “təbii tərəfdaşlardır” və çətin məqamlarda həmişə bir-birini dəstəkləyib.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi