Litva Türkiyədən “Bayraktar TB2” almağı planlaşdırır

XARİCİ XƏBƏRLƏR
3 İyun
07:37

Litva dövləti Türkiyədən “Bayraktar TB2” PUA-la­rını almağı planlaşdırır. Bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas məlumat verib. Xəbəri “Euronews” agentliyi yayıb.

A.Anuşauskas mediaya açıqlamasında bildirib ki, modern PUA-ların alınması ilə bağlı Türkiyə ilə danışıqlar aparılır. “Bayraktar” da daxil olmaqla zərbə PUA-larının alınması planlarımız arasındadır. Hələlik bu planlar barədə ətraflı danışmaq istəmirəm”, - deyə nazir bildirib.

Litva Türkiyədən alacağı PUA-ların bir qismini Ukrayna­ya verəcək. Yeri gəlmişkən, Litva sakinləri “Bayraktar TB2” PUA-larının alınaraq Ukrayna Ordusuna verilməsi üçün son 3 gündə 5 milyon avro vəsait toplayıb. Bu vəsaitin yaxın günlərdə dəfələrlə artacağı gözlənilir.

Görünən budur ki, Litva hökuməti hər vəchlə öz ordusunu da gücləndirmək niyyətindədir. Buna səbəb odur ki, bu il fev­ralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra bir çox Şərqi Avropa, eləcə də Pribaltika dövlətləri Rusiyanın onların ölkələrinə də hücum edə biləcəyindən narahatdırlar. Rəsmi Moskva belə ittihamları təkzib edir.

Qeyd etmək lazımdır ki, Litva öz qonşuları Latviya və Estoniya ilə bərabər NATO-nun üzvüdür. Alyansın bir çox üzvləri, o cümlədən ABŞ və Böyük Britaniya bu ölkələrin müasir silahlarla təchiz olunmasına kömək göstərir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi