Xarici xəbərlər

Yeni texnologiya hazırlanıb
Çin Hərbi Hava Qüvvələri xaricdən gələn istənilən raket təhdidlərini 15 saniyəyə aşkar edə biləcək. Bunu Çin Hərbi Hava Qüvvələrinin Erkən Xəbərdarlıq Akademiyasının tədqiqatçıları açıqlayıb. Alimlər səsdən beşqat sürətli hipersəs raketlərinin yaxınlaşmasını və gedişatını təxmin edə bilən süni intellektə əsaslanan texnologiya hazırladıqlarını bildiriblər. Qeyd edək ki, “Journal of Astronautics” jurnalında bu barədə məqalə də dərc edilib.
Xəbəri “Sinxua” verib.
Səudiyyə Ərəbistanı
Göydələnlər inşa ediləcək
Səudiyyə Ərəbistanında “NEOM” meqapolis layihəsi çərçivəsində dünyanın ən böyük binaları inşa ediləcək. Bildirilir ki, hazırda hündürlüyü təxminən 500 metr olan və üfüqi olaraq böyük əraziyə uzanan iki göydələnin layihələri başa çatıb. Göydələnlər Qırmızı dəniz sahilindən səhraya doğru uzanacaq və burada yaşayış, pərakəndə satış və ofis sahələri olacaq.
Bundan başqa, Krallıq hökuməti tezliklə hazırda dünyanın ən hündür, Dubaydakı 828 metr hündürlüyündə olan “Bürc Xəlifə”nin rekordunu təzələyən binaya – tikintisi başa çatmaqda olan Ciddə Qülləsinə malik olacaq.
Xəbəri “Al Arabia” verib.
Belçika
İnflyasiya artıb
Cari ilin may ayında avrozonada illik inflyasiya 8,1 faiz təşkil edib. Bunu Avropa Statistika İnstitutu (“Avrostat”) açıqlayıb. Bildirilir ki, bu, 1997-ci ildən aylıq statistikaların dərc edildiyi vaxtdan qeydə alınan ən yüksək göstəricidir. İnflyasiyaya səbəb kimi Ukrayna münaqişəsi fonunda ərzaq və enerjinin qiymətlərinin bahalaşması göstərilir.
Məlumatı “Euronews”yayıb.
İtaliya
Etna vulkanı yenidən oyanıb
Avropanın ən böyük fəaliyyətdə olan vulkanı Etna yenidən oyanıb. Bildirilir ki, İtaliyanın Siciliya adasındakı vulkanda lava axınları müşahidə edilib, bölgədə çox saylı vulkanik zəlzələ qeydə alınıb. Vulkanın ətəyindəki yaşayış məntəqələrini kül və toz dumanı ilə örtülüb.
Xəbəri BBC verib.
Fransa
Zidan PSJ-ni çalışdıra bilər
Parisin PSJ klubunun prezidenti Nasir Əl Xələfi yaxın günlərdə Zinəddin Zidanla görüşəcək. Bunu şəxsi “Twitter” hesabında jurnalist Adrien Qrenye yayıb. Mənbə Xələfinin Zidanı baş məşqçi postuna gətirməyi və ona illik 25 milyon avro məvacib ödəməyi qarşısına məqsəd qoyduğunu hədəfləyib. Xəbərə görə, klub başqanı Zidanı razı sala biləcəyi halda, Paris təmsilçisinin indiki baş məşqçisi Maurisio Poçettino təzminat qarşılığında istefaya göndəriləcək.
Məlumatı “Figaro” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
