Rusiya qoşunları Severodonetskin mərkəzində möhkəmlənib

Rusiya hərbçilərinin Donbasda hücumları davam edir. Dünən Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, Rusiya qoşunları Severodonetskin şəhər mərkəzində möhkəmləniblər. Bu barədə “Lenta.ru” agentliyi yayıb.
Sergey Qayday sonra qeyd edib ki, Rusiya qüvvələri ötən gün Severodonetskin şimal, cənub və şərq rayonlarına hücum ediblər. Şəhərdən mətbuata sızan məlumatlarda həmçinin qeyd olunur ki, hücumlar nəticəsində Severodonetskin daxilində və xaricində infrastruktur obyektləri, sənaye müəssisələri, eləcə də yaşayış evləri dağıdılır.
Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri şəhərin böyük hissəsinin artıq rusiyalıların nəzarətində olduğunu qeyd edib. Ekspertlərin sözlərinə görə, Luqansk vilayətinin ərazisinin 90 faizdən artıq hissəsi artıq Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. Rusiya Ordusu qonşu Donetsk vilayətini də tam olaraq nəzarətə götürməyə çalışır.
Dünən Ukraynanın cənubunda isə Xerson və Nikolayev şəhərləri istiqamətində Ukrayna Silahlı Qüvvələrinin əks-hücumlara keçdiyi barədə məlumatlar yayılıb. Ukraynanın rəsmi informasiya agentlikləri bu istiqamətdə irəliləyiş olduğu barədə xəbərlər yayıblar.
Xatırladaq ki, bu il fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə başlanan silahlı münaqişə artıq 101 gündür davam edir. Ukraynanın şəhər və kəndlərinin infrastrukturuna güclü zərbələr dəyib. Hər iki tərəfdən on minlərlə hərbçi qətlə yetirilib. Ölən və yaralananlar arasında qadın, uşaq və ahıllar da var.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”
