Rusiya Almaniya və Danimarkaya qaz satışını dayandırıb

XARİCİ XƏBƏRLƏR
2 İyun
09:00

Rusiyanın “Qazprom” şirkəti Danimarkanın “Orsted” şirkətinə, eləcə də Almaniyanın “Shell” şirkətinin bir hissəsinə qaz satışını dayandırıb. Səbəb qazın dəyərinin rublla ödənilməməsidir. Məlumatı “Qazprom”a istinadən “İnterfaks.ru” yayıb.

Məlumata görə, mayın 31-i iş gününün sonunda “Qazprom eksport” Danimarka şirkətinin aprel ayında aldığı qazın dəyərini Rusiya Prezidentinin 31 mart 2022-ci il tarixli fərmanına uyğun olaraq rublla ödəmədiyi məlum olub. “Qazprom”un bununla bağlı yaydığı məlumatda bildirilir: “Aprelin 1-dən etibarən göndərilmiş qazın dəyəri yeni rekvizitlərdən istifadə edilməklə rublla ödənilməlidir və bu barədə qarşı tərəflərə vaxtında bildirilib”.

Rusiya şirkəti “Shell Energy Europe Limited” şirkətinin rublla ödəniş etməməsi ilə əlaqədar ona qaz verilişinin dayandırılması ilə bağlı da bəyan edib ki, həmin şirkət apreldə aldığı qazla bağlı borcunu mayın 31-dək ödəməyib.

“Qazprom” və “Shell Energy Europe Limited” arasında Almaniyaya qaz tədarükü ilə bağlı müqavilə ildə 1,2 milyard kubmetr qaz həcmini nəzərdə tutur. "Orsted Salg & Service” şirkətinə isə 2021-ci ildə “Qazprom eksport” 1,97 milyard kubmetr qaz göndərib ki, bu da Danimarkanın illik istehlak həcminin üçdə ikisini təşkil edir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 31 mart 2022-ci il tarixdə “Xarici alıcıların Rusiyanın təbii qaz tədarükçüləri qarşısında öhdəliklərini yerinə yetirməsinin xüsusi qaydası haqqında” 172 saylı fərman imzalayıb. Fərmana əsasən, bu il aprelin 1-dən Rusiyanın boru kəməri ilə nəql etdiyi qazının dəyərini sənəddə adı keçən xarici alıcılar yalnız rublla ödəməlidirlər.

Bununla əlaqədar “Qazprombank”da xarici alıcılar üçün xüsusi rubl və valyuta hesabları açılıb. Qaydaya əsasən, xarici alıcı qaza görə ödənişi valyuta ilə həyata keçirir, bank onu Moskva birjasında satır və əvəzində alınan rublu “Qazprom”un hesabına köçürür. Əgər bu şərt yerinə yetirilmirsə, qaz tədarükü dayandırılır.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi