Nə Türkiyə otuz il əvvəlki Türkiyədir, nə də Azərbaycan...

SİYASƏT
26 May
08:38

Mən dəfələrlə demişəm ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqları­mız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapın­da nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Şuşa, 15 iyun 2021-ci il.

 

 

 

Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik... Bu Bəyannamə Şuşada bu gün reallığa çevrilir. Bu, son dərəcə önəmlidir. Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük.

Rəcəb Tayyib ƏRDOĞAN

Türkiyə Cümhuriyyətinin Prezidenti

Şuşa, 15 iyun 2021-ci il.

 

 

Siyasətçilərin xoşbəxtliyi ondadır ki, bəzən onların söylədikləri hansısa sadə arqument olduqca geniş bir coğrafiyada günün mövzusuna çevrilir, radio-televiziyaların anonsuna, yazılı mətbuatın manşetinə çıxarılır. Bu baxımdan qardaş Türkiyə Cümhuriyyətinin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının sədr müavini, sabiq baş nazir Binəli Yıldırımın həm Azərbaycanla Türkiyənin iqtisadi inkişafını, həm də dostluq və tərəfdaşlıq münasibətlərimizin ali səviyyəsini özündə əks etdirən bir ifadəsi, sözün həqiqi mənasında, bütün türk dünyasında məmnunluqla qarşılandı.

Qardaş ölkə siyasətçisinin “Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, bu mesajı bütün dünyaya göndərə bildi” – cümlələri bizim qürur mənbəyimizə, bədxahlarımızın isə yuxu qaçıran əndişəsinə çevrildi.

Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin dəfələrlə söylədikləri kimi, bu gün Türkiyə –Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir-birinə yaxın olmayıblar. Həm Ankarada, həm də Bakıda heç kəs unutmayıb ki, vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilməmişdi. Bu gün isə bütün dünya görür ki, Türkiyə birmənalı şəkildə Azərbaycanın yanındadır. Dostlarımız da, düşmənlərimiz də etiraf edirlər ki, bu iki ölkə arasında qarşılıqlı dəstək poten­sialı tam realizə olunur.

Təkcə Türk dünyasında və ya region­da deyil, dünyanın hər yerində, hamıya məlumdur ki, bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir. Bunu siyasətçi və politoloqlar deyirlər.

Tarixçilər isə xatırladırlar ki, bu gün Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil. Bu gün Türkiyə və Azərbaycan liderlərinin siyasi uzaqgörənliyi nəticəsində öz taleyi, siyasəti, münasibətləri ilə bağlı özləri qərar verən, maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güc­lü dövlətlərdir. Heç kəs unutmayıb ki, Azərbaycan dövləti otuz il vəhşi və bar­bar qonşularının əsarəti altında viranəyə çevrilən, qarət olunan, talan edilən, inildəyən tarixi torpaqlarını düşmən tapdağından azad etməyə başlayanda dünyanın müxtəlif yerlərindən Bakıya zənglər gəlirdi ki, atəşi dayandırın, münaqişəni sülh yolu ilə həll edin. Ancaq Prezident Ərdoğanın bu məsələyə münasibəti tamamilə fərqli idi: “Qa­rabağ Azərbaycanın tarixi ərazisidir. Azərbaycan Ordusu öz ərazisində döyü­şür, öz haqq işini görür və ona görə də Türkiyə Azərbaycana hərtərəfli dəstəyini əsirgəməyəcək”.

Faşist Ermənistan üzərindəki şanlı Qələbəmizdən, işğalçı düşmənin kapitul­yasiya aktını imzalamasından təxminən yarım il sonra – 2021-ci il iyunun 15-də cənab Ərdoğanın işğaldan azad edilmiş Azərbaycan torpaqlarına gəlməsi, Şu­şadan türk düşmənlərinə vacib mesaj­lar göndərməsi, ən başlıcası, müstəqil Azərbaycanın tarixində ən mühüm siyasi-diplomatik sənəd olan Şuşa Bəyannaməsinin imzalanması regionun daha aydın sabahına zəmin yaradılması idi. Bu gün artıq bütün dünya görür ki, həm Türkiyənin, həm də Azərbaycanın yeganə məqsədi sülhə nail olmaq, bütün ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini daha da genişləndirməkdir. Məhz ona görə də həm Ankaranın, həm də Bakının beynəlxalq aləmdəki nüfuzu durmadan artır.

Bu məqamda xatırladaq ki, Şuşada imzalanmış Müttəfiqlik haq­qında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bu məram bəyannamənin adında da görünür. Bakı ilə Ankara bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşdur və dövlət başçımı­zın dediyi kimi, həmin bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.

Xatırladaq ki, həmin sənəddə xalqla­rımızın böyük öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. Prezident İlham Əliyevin bu barədə söylədiyi fikirlərdən: “XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevin­cimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir”.

Ekspertlər yazırlar ki, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə birgə əməkdaşlığı, birgə fəaliyyətimiz, siya­si əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələrdə atdığımız addımlar öz müsbət nəticələrini verməkdədir. Xüsusən, müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri imza atdığımız tarixi nailiyyətdir.

Bu gün istənilən azərbaycanlı qürur və iftixarla yada salır ki, Bakı ilə Anka­ranın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeləri bir-birini tamamlayır. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında birgə Bəyannamədə bu məsələnin əks olun­ması böyük məna daşıyır.

Təbii ki, 44 günlük Vətən müharibəsi bizə çox böyük sevinc bəxş etmiş­dir. Ancaq qarşıda bizi hələ çox bö­yük planlar gözləyir. Bu barədə söz açarkən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətini xatırlamamaq olmur: “Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik. Ən qısa müddətdə evlərinə qayıtmalarını gözlədiyimiz azərbaycanlı qardaşlarımız üçün də hər cür səy göstərəcəyik. Təbii ki, bu məsələdə hörmətli qardaşımın xüsusi fəaliyyəti var. Yetər ki, buranın əsl sahibləri evlərinə, məskənlərinə qayıtsın. Onlara istər maliyyə köməyi, istərsə də iş imka­nı ilə bağlı hər cür dəstəyi verməklə azərbaycanlı qardaşlarımızın öz evlərinə, öz məkanlarına geri qayıtmaları buraları ciddi mənada zənginləşdirəcək”.

Bəli, bu gün Azərbaycan – Türkiyə əməkdaşlığı və tərəfdaşlığı heç za­man olmayan bir səviyəyə qalxmışdır. Bu səviyyənin müsbət nəticələri həm Ankarada, həm də Bakıda yüksək qiymətləndirilir. Ancaq bu sətirləri qardaş ölkənin Xarici işlər naziri Mövlud Ça­vuşoğlunun fikirləri ilə tamamlamaq istəyirik: “Azərbaycan və Türkiyənin həyata keçirdikləri heç bir layihə təkcə onların öz maraqlarını nəzərdə tutmur. Bu iki ölkə regionda sülhün, sabitliyin və inkişafın bərpası üçün çalışır”.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

SİYASƏT bölməsi