Brüssel razılaşması regionun təhlükəsizliyinə önəmli töhfə verəcək

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bugünlərdə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən növbəti görüş, onun müsbət nəticələri barədə mediaya açıqlamasında bildirib:
– Üçtərəfli Brüssel görüşündə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılığın əldə olunması Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinin Cənubi Qafqazda yaratdığı reallıqların beynəlxalq diplomatiya müstəvisində də təsdiqini tapması kimi dəyərləndirilməlidir. Sərhədlərin delimitasiyası ilə əlaqədar razılığın əldə olunması sülh prosesində gedişatın müsbətə doğru irəliləməsi haqqında ümidli fikirlər formalaşdırdı.
Bu önəmli görüşdən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalaması və eyni vaxtda, Ermənistan baş naziri Nikol Paşinyan da delimitasiya komissiyasının yaradılması haqqında tapşırıq verməsi bundan əvvəl aparılmış danışıqların əməli məcraya daxil olmasının göstəricisidir. Delimitasiya komissiyalarının, nəhayət, fəaliyyətə başlaması, Brüssel görüşündən sonra həm Azərbaycan, həm də Ermənistan tərəfindən komissiyanın yaradılması iki ölkə arasında sülh razılaşmalarının əldə edilməsi yönündə daha bir müsbət addımdır.
Azərbaycan tərəfdən komissiyanın rəhbəri Baş nazirin müavini Şahin Mustafayevdir. O, həm də kommunikasiyaların açılması, dəhlizlərin yaradılması üzrə komissiyanın rəhbəridir. Güc strukturlarının, birbaşa bu proseslərlə bağlı qurumların, işğaldan azad edilmiş ərazilərin icra hakimiyyəti başçılarının da komissiyaya daxil edilməsi onun fəaliyyətinin mükəmməl qurulmasına xidmət edir. Ermənistanla həmsərhəd rayonların icra başçılarının delimitasiya komissiyasında təmsil edilməsi göstərir ki, sərhəddə keçid məntəqələrinin yaradılmasında onların iştirakı zəruridir. Ermənistan tərəfinin yaratdığı komissiyanın tərkibinə isə onların kadastr xidməti, xüsusi xidmət orqanları, Müdafiə Nazirliyi və digər qurumlar təmsil olunur.
Deputat Arzu Nağıyev sonda deyib: “Əsas məsələ odur ki, prosesə start verilib. Azərbaycanın sülh danışıqlarında təklif etdiyi 5 maddədən biri artıq həyata keçirilir. Bundan sonra sülh müqaviləsinin hazırlanması gündəmə gəlir. Ona görə də düşünürəm ki, Brüssel görüşündə əldə edilən razılaşmalar Azərbaycan tərəfinin növbəti diplomatik uğurudur. Bu, həm də növbəti mühüm işlərin başlanğıcıdır, digər detalların müzakirə çevrəsinə gətirilməsini aktuallaşdırır.
Hazırladı: T.AYDINOĞLU,
“Xalq qəzeti”
