Sülh sazişinin imzalanması üçün proseslərin sürətləndirilməsi barədə razılıq əldə edilib

Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının prezidenti və Ermənistan baş naziri arasında Brüsseldə keçirilən görüş beynəlxalq aləmin diqqət mərkəzində idi. Bundan əvvəlki iki görüşdə Azərbaycanın irəli sürdüyü təşəbbüslər Avropa İttifaqı tərəfindən dəstəkləndiyindən üçüncü görüş də maraqla izlənilirdi. Görüşün nəticəsi bir daha təsdiqlədi ki, Azərbaycan diktə edən tərəfdir.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olundu. Görüşdə diqqət çəkən məqamlardan biri də Zəngəzur dəhlizinin açılması, o cümlədən dəmir və avtomobil yollarının çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəlməsi oldu.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Məlumdur ki, Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir. O cümlədən birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək.
Bununla yanaşı, dəhliz Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, Türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüssel görüşünün nəticələrinin səmimi və məhsuldar olduğunu bildirdi. Avropalı diplomat bəyanatında bildirdi ki, bütün məsələlər nəzərdən keçirildi. Görüş zamanı humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və müharibə zamanı itkin düşmüş insanların taleyindən də söhbət açıldı.
Avropa İttifaqı rəsmisinin bəyanatında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin növbəti təntənəsidir.
Budəfəki danışıqlarda ən çox müzakirə olunan məsələlərdən biri də iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı oldu. Əvvəlki görüşlərdə bu istiqamətdə ilkin razılaşmalar əldə edilmişdi. Lakin Ermənistan tərəfi bu barədə müzakirələrə başlamaq istəmirdi. Brüsseldə keçirilən sonuncu görüşdə əldə edilmiş razılığa görə isə yaxın zamanlarda hər iki ölkənin komissiyaları sərhəddə birgə görüş keçirəcəklər. Eyni zamanda, sərhədlərin delimitasiyası, sərhədboyu ərazilərdə sabitliyin təmin olunması ilə bağlı mexanizmləri müzakirə edəcək və müəyyən qərarlar qəbul olunacaq.
Artıq komissiyaların təşkil olunması barədə hər iki dövlət başçısı qərar qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb. Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb. Göründüyü kimi, üçüncü Brüssel görüşü artıq öz bəhrəsini verir.
Böyük sülh sazişinin imzalanması üçün tərəflər bu görüşdə münbit şəraitin təmin edilməsi naminə proseslərin daha da sürətləndirilməsi barədə razılıq əldə ediblər. Brüsseldə keçirilən üçüncü görüş Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində növbəti uğurlu addımdır.
Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı
