İraqdan iki azərbaycanlı uşaq ölkəmizə repatriasiya edilib

SİYASƏT
26 May
08:35

Mayın 25-də İraq Respublikasının cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilmiş 2 uşağın Bağdad-İstanbul-Bakı marşrutu ilə ölkəmizə repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Res­publikasının hökuməti tərəfindən həyata keçirilmiş əlaqələndirilmiş və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə, onların Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra Azərbaycan Respublikasının İraq Respublikasındakı səfirliyi tərəfindən onların ölkəmizə repatriasiyası təşkil edilib, o cümlədən uşaqlar Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin ediliblər. Azərbaycan Respublikasının İstanbuldakı baş kon­sulluğu tərəfindən sözügedən şəxslərin hava limanında sürətli keçidi təmin olunub.

Azərbaycan Respublikasına gəldikdən sonra repatriantlar zəruri tibbi yoxlamadan keçirilib, reinteqra­siyası və reabilitasiyası üçün müvafiq müəssisədə yerləşdirilib. Müvafiq pro­sedurlar tamamlandıqdan sonra onların yaxınlarına təhvil verilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, dövlətimizin öz vətəndaşına qayğısının bariz nümunəsi olan repatriasiya prosesi bu qəbildən olan növbəti humanist addım­dır. Belə ki, bu günə qədər 288 uşaq və 2 qadın olmaqla, İraqdan ölkəmizə repatriasiya olunmuş Azərbaycan vətəndaşlarının sayı, ümumilikdə, 290 nəfərə çatıb.

SİYASƏT bölməsi