Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçilik tariximizin parlaq səhifəsi

SİYASƏT
26 May
09:28

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Xoşbəxt o xalqdır ki, onun zəngin dövlətçilik ənənəsi mövcud olmuş və dövlətçilik şüuru həmin xalqın qan yaddaşına hopmuşdur. XIX əsrin əvvəllərində itirilmiş dövlət müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan Azərbaycan xalqı yüz il sonra tarixi şəraitin verdiyi fürsətdən məharətlə yararlandı. 1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik res­publika – Xalq Cümhuriyyəti qurmaqla Azərbaycan xalqı öz dövlətçilik ənənələrini yenidən bərpa etdi. Lakin bu yol heç də asan başa gəlmədi. 1917-ci ilin fevralında Rusiyada baş verən inqilab nəticəsində imperiyanın süqutu yaxınlaşdı və mərkəzdənqaçma meyilləri gücləndi. Rusiya Dövlət Dumasına seçilmiş Cənubi Qafqazdan olan deputatlar Tiflisdə toplaşaraq, əvvəlcə Xüsusi Komitə, noyabr ayında isə Zaqafqaziya Komissarlığı yaratdılar. 1918-ci il fevralın 23-də Rusiyanın Müəssislər Məclisinə seçilmiş deputatlar əvvəlcə Zaqafqaziya Seymini, aprelin 22-də isə müstəqil Zaqafqaziya Federativ Respublikasını yaratdılar.

 

Hər üç millətin nümayəndələrinin təmsil olunduqları Zaqafqaziya Seymində xarici və daxili amillərin sayəsində ümumi dil tapmaq çətinləşirdi. Mayın 26-da Zaqafqaziya Seymi özünün axırıncı iclasını keçirdi. Həmin gün Gürcüstan öz müstəqilliyini elan etdi. Mayın 27-də istiqlal mücahidlərinin və mütərəqqi ziyalıların təmsil olunduqları seymin müsəlman frak­siyası Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdilər. Milli Şuranın Rəyasət Heyəti və sədri seçildi. Milli Şurada əksəriyyət təşkil edən “Müsavat” Partiyasının təmsilçilərinin təklifi ilə M. Ə. Rəsulzadə Milli Şuranın Sədri seçildi.

1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Tiflisdə keçirilən həmin iclasda 6 maddədən ibarət İstiqlal Bəyannaməsi (Əqdnamə) qəbul edildi. Milli Şuranın 44 üzvündən 26-sının imzaladığı Dövlət müstəqilliyi haqqında Bəyannamə ilə türk-müsəlman dünya­sında ilk parlamentli respublikanın əsası qoyuldu. Fətəli xan Xoyskinin sədrliyi ilə müvəqqəti hökumət formalaşdırıldı. Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açıldı.

Azərbaycanın öz müstəqilliyini elan etməsi haqqında mayın 30-da hökumətin başçısı Fətəli xan Xoyskinin imzası ilə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqraflar göndərildi.

Xalq Cümhuriyyətinin mövcud olduğu müddətdə Əsas Qanunun – yəni Konsti­tusiyanın qəbul edilməsi mümkün olma­dığı üçün İstiqlal Bəyannaməsi dövlətin süqutunadək faktiki olaraq konstitusiyanı əvəz etmişdir.

Bəyannamənin 6-cı maddəsində qeyd edilirdi ki, Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycana xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət rəhbərlik edəcək. İyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdükdən bir gün sonra Qafqaz İslam Ordusunun komandanı Nuru paşa ilə Azərbaycan müvəqqəti hökuməti arasında ideoloji zəmində fikirayrılığı yaranmışdı. Belə mürəkkəb vəziyyətdə Milli Şura fəaliyyət göstərməyin mümkün olmadığını görüb, daha əlverişli vaxta qədər özünü burax­mağa məcbur olmuş və öz səlahiyyətlərini ikinci müvəqqəti Fətəli xan Xoyski hökumətinə həvalə etmişdi. Ona görə də hökumət həm qanunverici, həm də icraedi­ci orqan funksiyasını ifa edirdi.

1918-cil mayın 28-də həm də keçmiş İrəvan xanlığının ərazisində ilk erməni dövləti – Ermənistan (Ararat) Respublikası yarandı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Res­publikasına paytaxt kimi güzəştə gedildi ki, Azərbaycana qarşı ərazi iddiasından əl çəksin. Lakin Ermənistan hökuməti nəinki vədinə əməl etdi, əksinə mövcud olduğu müddətdə həm Azərbaycan Respublika­sının ərazilərinin işğalını, həm də İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirdi.

1918-ci il iyunun 4-də Batum şəhərində Osmanlı hökuməti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. Azərbaycanla Türkiyə arasın­da münasibətlərin hüquqi əsasını təşkil edən bu müqavilənin 4-cü maddəsinə əsasən Osmanlı hökumətinin göstərdiyi hərbi yardım sayəsində Azərbaycanın suveren hüquqları tədricən bərqərar edilmişdi. Azərbaycanla Türkiyə ara­sında 15 iyun 2021-ci ildə Şuşa bəyannaməsinin imzalanması ilə sanki tarixin təkrarının şahidi olduq. Bəyan edildi ki, Azərbaycanla Türkiyənin hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı­na və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq bir-birinə zəruri yardım göstərəcəklər.

Yenə tarixə müraciət edək. 1918-ci ilin martından Bakı erməni-bolşevik qüvvələrinin işğalı altında idi. İyunun 12-də Bakı Sovetinin hərbi qüvvələrinə Gəncə üzərinə hücum əmri verilmişdi. Stepan Şaumyanın tapşırığı ilə Bakıdan hərəkət edən erməni-bolşevik ordusu və Andranik Ozanyanın başçılıq etdiyi daşnak ordusu Zəngəzurdan hərəkət edərək Gəncədə birləşmək istəyirdilər. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı.

Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan Müvəqqəti Milli Hökumətin fəaliyyətinin Gəncə dövrü milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən Azərbaycanda hərbi vəziyyət elan edilməsi (19.06.1918), Azərbaycan Milli Ordusunun (korpusu­nun) yaradılması (26.06.1918), türk dilinin (Azərbaycan türkcəsinin) dövlət dili elan olunması (27.06.1918), türk-müsəlman əhaliyə qarşı törədilən vəhşilikləri araş­dırmaq məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması (15.07.1918)... ilə yadda qalımışdır.

Xalq Cümhuriyyətinin hökuməti və parlamenti mövcud olduqları müddətdə fəaliyyətlərini daha çox sosial-iqtisa­di və maliyyə problemlərinin həllinə, ölkənin ərazi bütövlüyünü təmin etməyə, vətəndaşların hüquqlarını qoruma­ğa, qaçqınlar problemini həll etməyə, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə, Cümhuriyyətin dünya dövlətləri tərəfindən tanınmasına nail olmağa, xarici ölkələrlə siyasi, iqtisadi və ticarət əlaqələri yaratmağa yönəltmişdi. Həmin dövrdə vətəndaşlıq, ümumi hərbi mükəlləfiyyət, mətbuat, Milli Bankın təsisi, Bakı Dövlət Universitetinin açıl­ması, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi, məhkəmə qanunvericiliyi haqqında və sair qanunlar qəbul edilmişdi.

Zəngin dövlətçilik ənənələrinə ma­lik olan müstəqil Azərbaycan dövlətinin atributlarının yaradılması da hökumətin diqqət mərkəzində olmuşdur. Müvəqqəti Hökumətin 21 iyun 1918-ci il tarix­li qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qır­mızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayra­ğının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir. Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (indiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi, neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdı.

Üçrəngli Dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçı­van Muxtar Respublikasının bayrağı kimi qəbul edildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bay­rağı haqqında Azərbaycan Respublikasının Qanunu"nu qəbul etdi. Bu qanunla üçrəngli milli bayrağımız Azərbaycan Respubli­kasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başla­dı. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-nun Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi bayram edilir. Üstündəki rənglərin və sim­volların hər birinin xüsusi məna daşıdığı üçrəngli bayrağımız dünya dövlətlərinin bayraqları arasında xüsusilə diqqəti cəlb edir.

Müstəqil Azərbaycan Respublikası­nın Dövlət gerbinin layihəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazır­lansa da, o illərdə onun qanunvericilik səviyyəsində qəbul edilməsi mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" qərar qəbul etmişdir. Qərarın birinci bəndində hərbi ordenlərin yaradıl­ması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyə, ikinci bəndində isə milli himnin, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi isə Xalq Maarif Nazirliyinə həvalə edilmiş­di. Lakin, təəssüf ki, 27 aprel 1920-ci il bol­şevik istilası nəticəsində bu ümummilli və dövlət əhəmiyyətli məsələ həll edilməmiş qaldı. Yalnız Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etmək ərəfəsində, yəni 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə dövlət gerbinin hazırlanması üçün müsabiqə elan olundu. Ali Sovet 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya qanunu ilə Xalq Cümhuriyyəti dövründə hazırlanmış dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etdi.

Milli Məclis 1992-ci il mayın 27-də "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi. Beləliklə, Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa olundu.

Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun birgə hərbi əməliyyatları sayəsində bütün cəbhə boyu erməni-bolşevik ordusu darmadağın edildi və 1918-ci il sentyabrın 15-də Bakı daşnak-bolşevik işğalından azad olun­du. İki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. F.Xoyskinin müraciətinə əsasən noyabrın 16-da Milli Şura yenidən fəaliyyətə başladı. Milli Şu­ranın noyabrın 19-da keçirilən iclasında qərara alındı ki, Azərbaycan parlamentində ölkədə yaşayan bütün nümayəndələri təmsil olunmalıdırlar. Parlamentin 120 nəfərdən ibarət olması qərara alındı. Həmin dövrdə Milli Şuranın Azərbaycanın mübahisəsiz hesab etdiyi ərazilərdə – Bakı və Gəncə quberniyalarında, Zaqatala dairəsində, İrəvan və Tiflis quberniyalarının Azərbaycana bitişik və soydaşlarımızın kompakt yaşadıqları ərazilərdə 2 milyon 750 min əhali yaşayırdı. Onlardan 1,9 milyon nəfəri müsəlman, yarım milyonu erməni, 230 min nəfəri rus idi. Əhalinin hər 24 min nəfərinə bir nümayəndə olmaqla, parlamentdə müsəlmanları 80, erməniləri 21, rusları 10, almanları bir, yəhudiləri bir deputat təmsil etməli idi. Kvotaya uyğun gəlməsə də, gürcülərin və polyakların da hərəsinin bir nümayəndə ilə parlamentdə təmsil olunmaları qərara alınmışdı.

1918-ci il dekabrın 7-də saat 13­-də Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (hazırkı Əlyazmalar İnstitutunun binası) Azərbaycan parlamen­tinin təntənəli açılışı oldu. Binanın ətrafı həmin gün bayramsayağı bəzədilmişdi. Bu, bütün müsəlman Şərqində demokratik prinsiplər əsasında formalaşdırılmış ilk parlament idi.

Parlamentdə o dövrdə Azərbaycanın siyasi palitrasını əks etdirən bütün parti­yalar təmsil olunmuşdular. “Müsavat” və bitərəflər fraksiyası ən böyük fraksiya ola­raq parlamentdə 38 deputatla təmsil olun­muşdu. Sollar – “Hümmət”çi menşeviklər və sosialistlər bloku 13 deputatla, “İttiha­di-İslam” partiyası 13, “Əhrar” fraksiyası 6, müstəqillər 3 yerlə parlamentdə yer almışdular. Milli bayraqlarla və xalılarla bəzədilmiş iclas zalında müsavatçılarla azlıqda qalan millətlərin nümayəndələri orta cərgədə, hümmətçi menşeviklər və sosialistlər solda, bitərəflər və ittihadçılar isə sağda əyləşmişdilər. Həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən diploma­tik nümayəndəliklərin təmsilçiləri də iclasda iştirak edirdilər.

Parlamentin ilk iclasını Milli Şuranın Sədri M. Ə. Rəsulzadə açaraq, təbrik nitqi söylədi və parlamentin rəhbərliyini seçməyi təklif etdi. O dövrdə bütün Rusiya müsəlmanlarının lideri hesab olunan siyasət nəhəngi, bitərəf Əlimərdan bəy Topçubaşov parlamentin sədri, “Müsavat” Partiyasının üzvü Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. Həmin vaxt Ə. M. Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi İstanbulda idi və sonradan Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya getmişdi. Parlamentin süqutunadək Ə. M. Topçu­başov Azərbaycana qayıda bilməsə də, qiyabi olaraq axıradək parlamentin sədri vəzifəsini daşımışdı.

Parlamentdə ermənilərə 21, rusla­ra 10 yer ayrılsa da, onlar parlamentin açılışında iştirak etmədilər. Lakin sonra­dan Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə Rus Milli Şurası parlamenti boykot etmək haqqında qərarını ləğv etdi və ruslar parlament iclaslarına qatıldılar. Erməni deputatlardan isə 11 nəfəri iki fraksiyada qanunverici orqanın fəaliyyətində iştirak edirdi. Ümumiyyətlə, Azərbaycan parlamentində 11 fraksiya və qrup fəaliyyət göstərirdi.

Yeri gəlmişkən, Ermənistan parlamentində təmsil olunan azərbaycanlı deputatlar haqqında da məlumat verməyi zəruri hesab edirəm. 1918-cu il avqustun 1-də açılan Ermənistan parlamentinin 46 deputatından 6 nəfəri azərbaycanlı idi. Ermənistan parlamentində təmsil olunan deputatlar bunlar idi: 1. Seyid Rza Mirba­bayev, 2. Mirzə Cabbar Məmmədov, 3. Əkbər ağa İsmayılov, 4. Mir Bağır Mirba­bayev, 5. Məmməd bəy Məmmədbəyov, 6. Əsəd bəy Ağabababəyov. Azərbaycanlı deputatların Ermənistan parlamentində öncə 6 deputatla təmsil olunmaları Türkiyə ilə Ermənistan arasında 1918-ci il iyunun 4-də imzalanan Batum müqaviləsinin şərtlərindən irəli gəlirdi. Lakin türk qo­şunlarının Mudros sazişinə əsasən, Ermənistandan çəkilməsindən sonra 1919-cu il iyunun 21-23-də yenidən parla­ment seçkiləri keçirilmiş yalnız Mir Bağır Mirbabayev və Əsəd bəy Ağabababəyov yenidən deputat seçilmişdilər.

Erməni tarixçisi Vanik Virabyan “1918-1920-ci illərdə Ermənistan Respub­likasının dövlət təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti” əsərində (İrəvan, 2015, ermənicə) yazır: “Ermənistan parlamentinə azərbaycanlıların seçilməsi üçün Azərbaycan hökuməti 40.000 rubl göndərmişdi. Azərbaycanlı deputatla­rın çoxsaylı casusları hər gün İrəvanın müsəlman məhəlləsinin arxasındakı Toxmaq göl tərəfdən gizli yolla Şərur-Dərələyəzə, Vedi və Zəngibasara gedirdilər. İrəvandan oralara silah-sursat aparılır, təlimatlar, xəbərlər göndərilirdi”. Ermənistanın xüsusi xidmət orqanları hesab edirdilər ki, məxfi məlumatların Azərbaycana ötürülməsində Ermənistan parlamentində təmsil olunan azərbaycanlı deputatların əli vardır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki mərhələyə ayrılır. Birinci mərhələ – Milli Şura dövrü, yəni 1918-ci il mayın 28-dən noyabrın 19-dək olan müddəti əhatə edir. İkinci mərhələ isə 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək olan dövrdür. Birinci dövr 6, ikinci dövr 17 ay davam etmişdir. Birinci dövrdə Milli Şuranın 9 iclası keçirilmişdir. Onlardan 7-si Tiflisdə və Gəncədə, 2-si isə Bakıda keçirilmişdir.

Xalq Cümhuriyyəti parlamentinin 145 iclası keçirilmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış və onlardan 230-u qəbul edilmişdir. Parlamentdə 11 komissiya fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə 5 dəfə hökumət kabinəsi qurulmuşdur. Bunun 2-si parlamentçilik tariximizin birinci dövrünə, 3-ü isə ikinci dövrünə təsadüf edir. Beş kabinədən 3-nə Fətəli xan Xoys­ki, 2-nə isə Nəsib bəy Yusifbəyov rəhbərlik etmişdir. Sonuncu üç kabinədə hökumətin tərkibi beynəlmiləl olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97.297,67 kv.km (Bakı quberniyasında 39.075,15 kv.km, Gəncə quberniyasında 44.371,29 kv.km, Zaqatala quberniyasında 3.992,54 kv.km, İrəvan quberniyasında 9.858,69 kv.km) təşkil etmişdir. Azərbaycanın Ermənistan və Gürcüstan arasında mübahisəli ərazisi 16.598,30 kv.km (İrəvan quberniyasında 7.913,17 kv.km, Tiflis quberniyasında 8.685,30 kv.km) olmuşdur. AXC dövründə mübahisəli ərazilərlə birlikdə ölkə ərazisi 113.895,97 kv.km olmuşdur.

Cənubi Qafqazda yeni yaranmış respublikalar arasında sərhədlərin müəyyən edilməsi üçün aparılan danı­şıqlarda Azərbaycan tərəfi “millətlərin öz müqəddəratını təyinetmə prinsipi”ni, Ermənistan tərəfi isə uydurma “tarixi prinsipləri” əsas götürürdü. Guya, qədimdə həmin mübahisəli ərazilərin “böyük Ermənistan” ərazisinə daxil olduğunu iddia edirdi. Üstəlik, Azərbaycan Milli Şurasının 29 may tarixli iclasının qərarı ilə İrəvan şəhərinin Ermənistana paytaxt kimi güzəştə gedilməsi erməniləri yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməyə şirnikləndirmişdi. Gürcüstan tərəfi isə əsasən “əlverişli iqtisadi şəraiti” ön plana çəkir, Tiflis və Kutaisi quberniyalarının inzibati-ərazinin saxlanılmasına çalışırdı. Hər üç respublikanın biri digərinə qarşı ərazi iddiası, xüsusən də Ermənistan Respublikasının fürsətdən istifadə edərək, silah gücünə daha çox əraziləri ələ keçirmək cəhdləri milli münaqişələrin dərinləşməsinə, nəticədə isə yüz minlərlə əhalinin etnik torpaqlarından qaçqın düşməsinə səbəb olmuşdu.

Ümumiyyətlə, həmin dövrdə Cənubi Qafqaz respublikaları arasında 11 zona­da mübahisəli ərazi problemi meydana çıxmışdı. Azərbaycan tərəfi mübahisəli ərazilər probleminin danışıqlar yolu ilə, bu mümkün olmasa, beynəlxalq güclərin iştirakı ilə yaradılmasını təklif etdiyi arbitraj yolu ilə həll edilməsini istəyirdi. 1919-1920-ci illərdə mübahisəli ərazilər və qaçqınlar problemini həll etmək üçün Bakıda və Tiflisdə dörd dəfə konfrans keçirilmişdi. Lakin bu konfranslar heç bir nəticə verməmişdi. 1919-cu ilin payızın­da Azərbaycan ordusunun Zəngəzuru erməni işğalından azad etmək üçün hərbi əməliyyatlara başlamasından sonra Ermənistan tərəfi müttəfiqlərin ali koman­danlığının vasitəçiliyi ilə noyabrın 23-də Tiflisdə keçirilən konfransda atəşkəs əldə edilməsinə nail olmuşdu. Azərbaycan tərəfi birtərəfli qaydada qoşunlarını Zəngəzurdan geri çəkmiş, Ermənistan qoşunları isə fürsətdən istifadə edərək 1920-ci ilin yan­varında Zəngəzuru tamamilə işğal etmişdi. Azərbaycanın bundan sonra diplomatik danışıqlar yolu ilə Zəngəzuru azad etmək cəhdləri heç bir nəticə verməmişdi.

Xalq Cümhuriyyəti hökumətinin başlıca məqsədi onun müstəqilliyinin tanınmasına nail olmaqdan ibarət idi. Parisdəki Azərbaycan nümayəndə heyəti bu məqsədlə çoxtərəfli görüşlər keçir­mişdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Bu əlamətdar hadisə ilə bağlı yanvarın 14-də bütün Azərbaycan ərazisində bayram şənlikləri və Azərbaycan parlamentinin xüsusi iclası keçirildi.

1920-ci il aprelin 8-də keçirilən parlament iclasında Azərbaycan Cümhuriyyətinin Qərbi Avropa dövlətləri və Amerikada diplomatik nümayəndəliklərinin təsis edilməsi və Paris Sülh Konfransın­dakı Azərbaycan nümayəndə heyətinin buraxılması haqqında qanun layihəsi müzakirə edilmişdi. Böyük Britaniya, Fran­sa, İtaliya, ABŞ, İsveçrə, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Ru­mıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklərin açılması haqqında qa­nun qəbul edilmişdi. Həmin dövrdə Bakıda 20-dən çox ölkənin diplomatik missiyaları fəaliyyət göstərirdi.

1920-ci il aprelin 22-də Azərbaycan parlamenti Gəncə qəzasının qərbini və Novo-Bəyazid qəzasının (Göyçə gölü hövzəsinin) bir hissəsini əhatə edən Şam­xor qəzasının yaradılması haqqında qanun qəbul etdi. Bu qəzanın tərkibinə Göyçənin Cil, Məzrə, Zod, Basarkeçər, Sarıyaqub və Aşağı Alçalı kəndlərinin daxil edilməsi nəzərdə tutulsa da, təəssüf ki, bir neçə gündən sonra Azərbaycan Cümhuriyyətinin süqut etməsi ilə bu qanunun icrası mümkün olmadı.

Azərbaycan parlamenti mövcud olduğu dövrdə İstiqlal Bəyannaməsinə əməl etmişdir. Onun fəaliyyəti isə "Azərbaycan parlamentinin "nakazı" (təlimatı) əsasında idarə olunurdu.

1920-ci ilin əvvəlində parlamentin rəyasət heyətində dəyişiklik baş vermiş­dir. Daxili nizamnaməyə əsasən bir illik səlahiyyət müddəti başa çatdıqdan sonra Həsən bəy Ağayev istefa vermişdir. Onun yerinə Məmməd Yusif Cəfərov parlament sədrinin birinci müavini seçilmişdir. Xalq Cümhuriyyətinin süqutunadək parlamentə M.Y.Cəfərov sədrlik etmişdir.

Lakin Azərbaycanın daxili-siyasi həyatında yaranan sabitlik uzun sürmədi. Ölkənin başının üstünü Şimaldan gələn bolşevik təhlükəsi almışdı. Rusiya qoşun­ları Azərbaycanın şimal sərhədlərində cəmləşmişdi. Xarici təhlükə ilə yanaşı, ap­rel ayının əvvəllərindən başlanan hökumət böhranı Azərbaycanda siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb olmuşdu. Mart ayında Qarabağda başlanan erməni separatizmini yatırmaq üçün Azərbaycan ordu hissələrinin Bakıdan Qarabağa göndərilməsi Qırmızı orduya qarşı ciddi müqavimət göstərməyi mümkünsüz etdi. Azərbaycan parlamenti 1920-ci il aprelin 27-də keçirilən sonuncu iclasında Rusiya­nın hərbi müdaxiləsi nəticəsində fakt qar­şısında qalaraq hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə qərar çıxardı.

Şimali Azərbaycan yenidən Rusi­yanın əlinə keçsə də, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz buraxdı. Cəmi 23 ay ya­şamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

SSRİ-nin dağılması fürsətindən istifadə edərək, XX əsrin sonunda Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” 6 fəsil, 32 maddədən ibarət Konstitusiya Aktı qəbul olundu. Konsti­tusiya aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respub­likası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. 1991-ci il dekabrın 29-da ümum­xalq referendumunda Azərbaycan xalqı ölkənin müstəqilliyinə və suverenliyinə səs verərək, bir daha müstəqillik ideyalarına sadiqliyini göstərmişdir.

Müstəqilliyin ilk illərində ölkədə hökm sürən hərc-mərclik və hakimiyyət böhranı, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü müstəqil dövlət quruculu­ğu prosesinə böyük zərbə vurdu. Yalınız 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra xalqın milli müstəqillik ideyalarının reallaşdırılması istiqamətində məqsədyönlü addımlar atıldı, Azərbaycanın dövlətçilik ənənələri bərpa edildi.

Xalq Cümhuriyyəti dövründə olduğu kimi, müstəqilliyini bərpa edən Azərbaycan Respublikası da Ermənistanın əsassız ərazi iddiası və qaçqınlar problemləri ilə üzləşdi. 1991-1994-cü illərdə Ermənistan havadarlarının hərbi-siyasi dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ölkənin əsas probleminə çevrildi. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün sürən İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi, işğalçı Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. İşğal illərində erməni vandalları tərəfindən viran qoyulmuş ərazilərin bərpası və məcburi köçkünlərin “Böyük Qayıdış” prosesinə başlanıldı. Qondarma “Dağlıq Qarabağ münaqişəsi” tarixin arxivinə gömüldü. Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikası, nəhayət ki, ərazi bütövlüyünü bərpa edərək dünyaya öz qüdrətini göstərdi. Xalqımız 1991-ci ildən sonra ikinci dəfədir ki, bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması zərurəti meydana çıx­mışdı. Ona görə də Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev 15 oktyabr 2021-ci ildə “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu imzalamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Res­publikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə dövlət müstəqilliyimizin bərpa olunduğu nəzərə alınaraq mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, milli dövlətçilik tariximizdə şərəfli və silinməz izlər qoymuşdur. Xalq Cümhuriyyətinin irsi­nin öyrənilməsi tarixdən ibrət götürülməsi və dövlətçilik ənənələrinin öyrənilməsi baxımından hər zaman aktualdır.

Nazim MUSTAFA,

tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı

SİYASƏT bölməsi