Bir ildir ki, Tahir Salahov aramızda yoxdur...

MƏDƏNİYYƏT
26 May
09:32

Azərbaycan xalqı üçün olduqca böyük itki idi Tahir Salahovun ölümü. Tahir Salahov nəinki Azərbaycanda, hətta dünyada da şöhrət qazanmış, özünün böyük sənət məktəbini yaratmışdı. Haqlı olaraq, bu görkəmli sənətkarı orijinallığına və böyük xidmətlərinə görə dünyanın ən məşhur rəssamları ilə müqayisə edirlər. Onun adı Van Qoq, Pikasso, Klod Mone, Xaçisika Xakusai, Salvador Dali, Zurab Sereteli, Repin, Surikov və digər dünya şöhrətli sənətkarlarla birlikdə çəkilir.

Azərbaycan rəssamlığında da Tahir Salahovun xüsusi yeri və özünəməxsus mövqeyi vardır. Obrazlı şəkildə demək olar ki, Xalq rəssamı Tahir Salahov Azərbaycan təsviri sənətinin inkişafında Bəhruz Kəngərlidən sonrakı mərhələnin təkrarsız-bənzərsiz zirvəsidir. Fikrimizcə, Azərbaycan musiqi sənətində Üzeyir bəy Hacıbəyli və Qara Qarayev, şeirdə Səməd Vurğun və Rəsul Rza kimi, rəssamlıqda da Tahir Salahov həmin yüksək mövqedə qərar tutmuşdu. O, Azərbaycan təsviri sənətinə dünya şöhrəti qazandırmış görkəmli rəssamdır.

Bu qüdrətli sənətkarın dünyanın mötəbər muzeylərini, məşhur qalere­yalarını bəzəyən və şəxsi kolleksiya­larda saxlanılan əsərlərinin, habelə hər biri hadisəyə çevrilən fərdi sərgilərinin Azərbaycan mədəniyyətinin ölkə hü­dudlarından uzaqlarda təbliğində xüsusi əhəmiyyəti olmuşdur. Pedaqoq kimi biliyini, təcrübə və bacarığını gənc fırça ustalarının yetişdirilməsinə sərf etmiş Tahir Salahovun misilsiz yaradıcılıq təcrübəsi neçə-neçə yeni rəssamlar nəsli üçün bundan sonra da məktəb rolunu oynaya­caqdır. Tahir Salahov, həmçinin ictimai xadim kimi tanınmış, SSRİ Ali Sovetinin və Azərbaycan Respublikası Ali Sovetinin bir neçə çağırış deputatı seçilmiş və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək, mədəniyyət siyasətinin həyata keçirilməsinə töhfələr vermişdir.

Tahir Salahov əvvəl SSRİ məkanında və Azərbaycanda, sonra isə Qərbdə və dünyada sərtstilin – sərt realizmin yaradı­cısı hesab olunmuşdur. Bu, əslində, so­sialist realizmi ilə eyni olmayan, həyatın yalnız nikbin meyillərini deyil, cəmiyyətin sərt üzünü, insanın və onu əhatə edən mühitin gərgin məqamlarını da sənətdə canlandıran yeni tipli sənət istiqamətidir. Lakin Tahir Salahovun müraciət etdiyi mövzular sosialist realizmin “ənənəvi mövzu dairəsinə” uyğun olduğuna, yara­dıcılığında dövr üçün aktual olan neft və fəhlə mövzuları üstünlük təşkil etdiyinə görə onun sovet təsviri sənətinin vahid yaradıcılıq metodundan fərqli bir sənətkar olduğu zahirən heç kəsin ağlına belə gəlməmişdir. Tahir Salahov istehsalat mövzusu fonunda yaratdığı böyük sənət şedevrləri ilə sosialist realizmi şəraitində tənqidi realist istiqamətini inkişaf etdirməyi bacarmışdır.

Təsviri sənətin ecazkar dili ilə ciddi ictimai mətləbləri yüksək səviyyədə ifadə etməyi bacarmaq Tahir Salahov sənətinin özünəməxsusluğunu müəyyən edir. O, təsviri sənətdə rəsm əsərləri vasitəsilə fikir, düşüncə, ideya, mövqe bildirmək missiyasını həyata keçirmənin qüdrətli yaradıcısıdır. Onun hər rəsm əsərinin sadəcə olaraq yaxşı, cəlbedici mövzusu və ya görüntüsü yox, bununla bərabər, daha çox öz mənası, fəlsəfəsi vardır. Bu mənada Tahir Salahov mütəfəkkir rəssamdır.

Ulu öndər Heydər Əliyevin Tahir Sala­hovla şəxsi münasibəti və dostluğu olub. Çoxşaxəli yaradıcılığı, məhsuldar ictimai fəaliyyəti xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Tahir Salahov müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – 1998-ci ildə “İstiqlal”, 2008-ci ildə “Heydər Əliyev” ordenlərinə, 2015-ci ildə Heydər Əliyev mükafatına, 1-ci dərəcəli “Əmək” ordeninə layiq görü­lüb. Azərbaycanda onun yubileyləri böyük təntənə ilə keçirilirdi.

Tahir Salahov bizim Rəssamlıq Aka­demiyası ilə yaxından əməkdaşlıq edirdi. Akademiyanın bakalavrlar və magistrlər buraxılışı üzrə dövlət komissiyasına sədrlik edirdi.

O, həmçinin Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının, Heydər Əliyev Mükafa­tı Komissiyasının üzvü idi. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə də daxil idi. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanın­da Mədəniyyət Şurasının üzvü idi.

Bakıda yaşadığı dövrdə isə Azərbaycan Rəssamlar İttifaqının sədri, Ali Sovetin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi , eləcə də UNESCO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-pre­zidenti, 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçil­mişdi. Elə buna görə də, çox zaman onu “incəsənətin səlahiyyətli səfiri” də adlan­dırırlar.

Tahir Salahov həm də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirib. Onun mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləri ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirləri təlqin edir.

Tahir Salahov haqlı olaraq təsviri incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən hesab olunurdu. Onun əsərləri dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin qızıl fondu­na daxildir. Böyük sənətkarın heyrətamiz portret yaradıcılığı isə sənətsevərlər tərəfindən daim rəğbətlə qarşılanıb. O, Vətənə məhəbbət dolu silsilə lövhələr, pey­zajlar və natürmortlarında insanın təbiətlə dərin məna kəsb edən ahəngdar mənəvi vəhdətini əks etdirməyə müvəffəq olub.

Xalq rəssamı Tahir Salahovun sənəti, əslində, onun yaradıcılığında aparıcı olan üç rəngin harmoniyası üzərində qurul­muşdur: qara, qırmızı və ağ. Doğrudur, Tahir Salahov digər rənglərdən yerli-yerində istifadə etməkdə də məharətini göstərmişdir. Görkəmli dövlət xadimi “Heydər Əliyevin portreti” əsərində də Tahir Salahov rənglərin mütənasib har­moniyasından şəxsiyyətin qüdrətini əks etdirmək üçün bacarıqla istifadə etmişdir. Bakı şəhərinin seçilmiş fraqmentlərinin fonunda çəkilmiş portretin ətrafındakı pəncərədən nəzərə çatdırılan tündvari Xəzər görüntüləri ulu öndərin Azərbaycan üçün çətin bir dövrdə hakimiyyətə gəldiyini göstərir. Çox qətiyyətli duruşu və iti baxışlarının təsviri onun Xəzərin bulanıq səmasını durultmağa qadir olan dövlət başçısı olması fikrini ifadə edir.

Demək olar ki, bütün planeti gəzmiş, geniş dünyagörüşə malik Tahir Salahovun beynəlxalq mövzularda çəkdiyi çoxsaylı əsərlər ilk növbədə Azərbaycan xalqını Yer kürəsinin müxtəlif guşələrində yaşayan ölkələrin, xalqların, insanların həyatı ilə tanış etməyə hesablanmışdır. Dünyanın müxtəlif ölkələrində təşkil edilmiş sərgilər vasitəsilə görkəmli Azərbaycan rəssamı, qüdrətli fırça ustası Tahir Salahovu bütün dünya tanımışdır. Beləliklə, Tahir Salaho­vun sənəti vasitəsilə beynəlxalq aləm həm də Azərbaycanı bir daha tanımaq imkanı qazanmışdır. Mövzusundan, üslubundan, yanaşma tərzindən asılı olmayaraq, Tahir Salahovun əsərlərinin əksəriyyətində mütləq bir parça, bir ovuc Xəzər effekti, bir cizgi Abşeron rəngi, ovqatı təsvir edilmiş­dir. Tahir Salahov milli təsviri sənətimizdə möhtəşəm bir Xəzər epopeyasının, yaxud Abşeron dastanının yaradıcısıdır.

Əsərləri və şəxsiyyəti Xalq rəssamı Tahir Salahova əbədiyaşarlıq qazandır­mışdır. Dahi rəssamın hər bir əsəri onun müəllifinin ölməz sənətinin və mənsub olduğu xalqın böyük istedadının əbədiyyət vəsiqəsidir. Onun adı Azərbaycan incəsənətinin tarixində və xalqımızın yad­daşında milli təsviri sənətin əfsanəsi kimi əbədi yaşayacaqdır.

Ömər ELDAROV,

Xalq rəssamı, akademik

 

MƏDƏNİYYƏT bölməsi