“Qarabağ zəfəri mənim 30 illik arzum olan Şuşada Pənahəli xan abidəsinin ucaldılmasına zəmin yaratdı”

MƏDƏNİYYƏT
26 May
09:22

“...Güman ki, çox adamın yadındadır, ermənilərin uzun müddət davam edən məkrli planlarından xəbərdar olan ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində Qarabağın, xüsusən, Şuşanın inkişafı, oradakı milli-mənəvi sərvətlərimizin qorunması istiqamətində çoxsaylı addımlar atmışdı. Həmin addımlardan biri də Qarabağın ilk xanı olmuş Pənahəli xan Cavanşirin memorial abidəsinin ucaldılması təşəbbüsü idi.

Məhz o böyük liderin tövsiyəsi ilə Azərbaycan Respublikası Nazirlər Sove­tinin 7 aprel 1985-ci il tarixli qərarına əsasən, abidənin ucaldılması işlərinə başla­nılmışdı. Sonra respublika­mızda və SSRİ-də vəziyyət mürəkkəbləşmiş, nəhayət, 1990-cı ilin dekabrında həmin abidənin hazırlanması rəsmi şəkildə mənə tapşırılmışdı. Sonrakı proseslər məlumdur. Erməni fitnəkarlıqları işğalçı müharibə ilə davam etdi və ərazilərimizin əldən getməsi, Şuşanın işğalı ilə nəticələndi... Yəni mən görkəmli memar, akademik Mikayıl Hüseynovla birlikdə hazırladığım Pənahəli xanın abidəsinin eskizdən reallığa çevrilməsini otuz ildən çox gözləməli oldum. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu mənim otuz illik arzumun real­laşmasına zəmin yaratdı.”

Bu fikirləri redaksiyamızın qonağı, tanınmış heykəltaraş Cümşüd İbrahimli səsləndirdi. Xatırladaq ki, vətənpərvərlik və qəhrəmanlıq mövzulu çoxsaylı əsərlərin müəllifi olan sənətkarın hazırladığı heykəllər ölkəmizin Lənkəran, Xaçmaz, Gədəbəy, Yardımlı və Tərtər şəhərləri ilə yana­şı, İrkutskda, Dağıstanda və Gürcüstanda da meydanları bəzəyir.

Cümşüd İbrahimli 1941-ci il mayın 28-də Gürcüstanın Marneuli şəhərində ana­dan olmuşdur. 1962-ci ildə Gəncə İnşaat Texnikumu­nu, sonra Tbilisi Rəssamlıq Akademiyasının Monumental heykəltəraşlıq fakültəsini bitir­miş, 1974-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası­nın Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına qəbul olunmuşdur. “Sovet Azərbaycanının portret heykəltəraşlığı” adlı disser­tasiya mövzusu ilə yanaşı, SSRİ Rəssamlıq Akademiyası nəzdində fəaliyyət göstərən ikinci aspiranturaya qəbul olunmuşdur. 1978-ci ildə məşhur bəstəkar və dirijor Niyazinin obrazı üzərindəki geniş hesabat işi ilə aspi­ranturanı bitirmişdir. Misdən hazırlanmış, hündürlüyü 2 metrdən çox olan həmin əsər hazırda Maestronun Ev Muzeyində saxlanılır.

Mütəxəssislər qeyd edirlər ki, Cümşüd İbrahimli indiyə qədər 50-yə yaxın sənət və monumental əsərin müəllifidir. Belə əsərlərdən “İmadəddin Nəsimi”, “Niyazi”, “Cəvahirləl Nehru”, “İndira Qandi”, “Ko­roğlu”, “Şah İsmayıl Xətai”, “Qaçaq Kərəm”, “Pənahəli xan”, “Rəşid Behbudov”, “Zeynalabdin Tağıyev”, “Nəsirəddin Tusi”, “Yusif Məmmədəliyev”, “Babək”... və başqalarını misal göstərmək olar.

Ancaq biz redaksi­yamızın qonağı olan ta­nınmış heykəltaraşdan “Pənahəli xan”, “Nuru paşa” və azərbaycanlı gənclərin Baykal –Amur Magistralının tikintisində göstərdiyi fədakarlığı Nizami Gəncəvinin Fərhad obrazı ilə eyniləşdirmiş – Ulkan şəhərciyində ucaldılmış –“Fərhad” abidələri barədə danışmasını xahiş etdik.

– Mən bütün yara­dıcı həyatımı xalqımın qəhrəmanlarının sənətdə tərənnümünə sərf etmişəm” – iftixarı ilə söhbətə davam edən sənətkar dedi ki, ötən əsrdə Şuşada Pənahəli xanın abidəsinin ucaldılması kimi məsul vəzifənin mənə tapşırılmasından nə qədər sevinmişdimsə, həmin işin otuz il ləngiməsi də bir o qədər sarsıdıcı idi. Ancaq Allaha şükürlər olsun ki, indi Qarabağımız da azaddır, Şuşa da öz doğmalarını qəbul edir, “Şuşa ili” kimi tarixi sənəd də qüvvədədir. Bu gözəl şəhərimizin 270 illiyinin təntənəli surətdə qeyd edilməsi barədə sərəncam da verilmişdir. Yəni mənim Pənahəli xanın xatirəsinə hazırladığım abidə komp­leksinin üzünə Günəş doğa bilər. Bir məqamı da xatır­ladım ki, heykəldə Pənahəli xanın muzeydə saxlanılan xan toppuzunun formasından da istifadə edilib ki, bu da cənab Prezidentin 44 günlük müharibə günlərində dediyi “dəmir yumruq” ifadəsinin maddiləşdirilmiş nümunəsi kimi qəbul edilə bilər.

O ki qaldı, sizin bəyəndiyiniz “Nuru paşa” heykəlinə, xatırladım ki, 2018-ci il sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilir­di. Türkiyə Cümhuriyyətinin Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi həmin tədbirdə müzəffər Ali Baş Komandanımız İlham Əliyev dedi ki, yüz il bundan əvvəl Nuru paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi: “Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün son­ra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır. Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşları­mızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır”.

Mən “Nuru paşa” əsərimdə məhz milyonlarla azərbaycanlının qəlbində yaşayan böyük sərkərdənin tarixi obrazını yaratmağa çalışmışam. Sənətşünasların dediyinə görə əsər kifayət qədər uğurludur. İndi qalır onun paytaxtımızın müna­sib bir meydanında ucal­dılması. Eləcə də, Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün heykəli də mənim o bö­yük dövlət xadiminə olan sevgimdən yaranıb.

Sənətkar əlavə etdi ki, 1985-ci ildə Uzaq Şərqin İrkutsk vilayətinin Ulkan şəhərciyində ucaldılmış altı metr hündürlüyündə olan “Fərhad” abidəsi Nizami Gəncəvinin “Xos­rov və Şirin” əsərindəki Fərhadın güc, qüdrət və əzmkarlığının müasir dövrümüzdəki təcəssümüdür. Bu heykəl öz sevgisi uğ­runda minbir çətinliyə qatla­şaraq dağ çapan Fərhadın müasirləşdirilmiş obrazıdır. Həmin illər bizim gənclərimiz həqiqətən BAM-da dağ çapır­dılar.

Qonağımız sonda dedi: “Heykəltəraşlıq mənim öm­rümün mənasıdır, o, yeganə sənətdir ki, yalnız müsbət qəhrəmanları tərənnüm edir. Bu, mənə yaşamaq üçün stimul verir”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi