Rusiyalı biznesmenlərin 10 milyard avroluq aktivləri donduruldu

“The Sun” nəşri yazır ki, Avropa İttifaqı (Aİ) Ukraynadakı cari hadisələrlə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyalar çərçivəsində rusiyalı iş adamlarının təxminən 10 milyard avro məbləğində aktivlərini dondurub.
Bu barədə Avropa Komissiyasının məlumatında deyilir ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda rusiyalı sahibkarlar dəyəri 10 milyard avrodan bir qədər az olan dəbdəbəli yaxtalara, daşınmaz əmlaka və digər aktivlərə çıxışı itiriblər. Eyni zamanda, aprelin 8-nə bu rəqəmin cəmi 6,7 milyard avro idi.
Avropa Komissiyası çərşənbə günü (25 may – Red) Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə icazə verən qanun layihəsini təqdim etməyi planlaşdırır. Sonradan, bu vəsait Ukraynanın bərpası üçün istifadə edilə bilər.
Rövşən TOĞRUL,
“Xalq qəzeti”