Bayden silah lobbisinə qarşı hərəkətə keçməyə çağırış edib

SİYASƏT
26 May
08:09

ABŞ Prezidenti Cozef Bayden Texas ştatının Yuvald şəhərindəki ibtidai məktəbdə baş verən atışma ilə bağlı Ağ Evdə çıxışı zamanı amerikalılara müraciətində bildirib ki, biz silah lobbisinə qarşı hərəkətə keçməliyik, müqəddəs amallar naminə özümüzə sual verməliyik ki, nə zaman silah lobbisinin qarşısını ala bilərik. Bunu etməyin vaxtıdır.

ABŞ prezidenti qeyd edib ki, ölkədə fəaliyyət göstərən hər bir məmura lobbiyə qarşı hərəkətə keçməyin vaxtı çatdığını başa salmaq lazımdır: “Sadəcə, 18 yaşlı bir gəncin mağazada iki silah ala bilməsi düz­gün deyil. Ötən iki onillikdə istehsalçılar bu silahları fəal şəkildə təbliğ etməklə böyük qazanc əldə ediblər. Bunun qarşısını almaq üçün cəsarətli olmalıyıq”.

Cozef Bayden atışma zamanı həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, Texas ştatının quber­natoru Qreq Ebbot ibtidai məktəbdə baş verən atışmada 18-i uşaq olmaqla 21 nəfərin həlak olduğunu bildirib. Hadisəni 18 yaşlı yerli sakin Salvador Romasın törətdiyi bildirilir.

ABŞ Prezidenti hadisə qurbanlarının xatirəsinə ölkədə və xaricdə hökumət bina­larının qarşısında bayraqların endirilməsi barədə sərəncam verib.

“Xalq qəzeti”

SİYASƏT bölməsi