Beynəlxalq Muğam Mərkəzi ilə Yaponiyanın Azərbaycandakı səfirliyi arasında mədəni əməkdaşlıq memorandumu imzalanıb

MƏDƏNİYYƏT
25 May
11:09

Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Yaponiyanın Azərbaycandakı səfirliyi arasında mədəni əməkdaşlıq memorandumu imzalanıb.

Mərkəzdən verilən məlumata görə, imzalanma mərasimindən əvvəl BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov səfirə rəhbərlik etdiyi qurumun konsert, beynəlxalq, nəzəri və elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, hazırda mərkəzdə həftədə iki dəfə olmaqla Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII Muğam Televiziya Müsabiqəsi keçirilir.

Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi öz növbəsində memorandumu yüksək dəyərləndirərək birgə mədəniyyət layihələrinin, konsertlərin keçirilməsinin ölkələrin mədəniyyətini təbliği baxımından vacibliyini qeyd edib.

İmzalama mərasimindən sonra qonaqlara BMM-nin solistlərinin ifasında konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti çərçivəsində imzalanan saziş Azərbaycan milli musiqisinin həm ölkəmizdə, həm də xaricdə daha yaxından tanıdılması işində yeni maraqlı perspektivlər açır.

MƏDƏNİYYƏT bölməsi