Vyanada “Odlar Yurdunun sədaları” beynəlxalq musiqi müsabiqəsinin bağlanış mərasimi keçirilib

MƏDƏNİYYƏT
24 May
12:55

Vyanada şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar Yurdunun sədaları” beynəlxalq musiqi müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov  klassik musiqinin beşiyi sayılan Vyana şəhərində Azərbaycan klassik musiqisinin təbliğinə xidmət edən belə müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb və müsabiqənin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlara minnətdarlığını bildirib.

Sonra münsiflər heyətinin fəxri sədri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış ediblər. Bildirilib ki, klassik musiqi ifaçılığının inkişafına mühüm töhfə verən müsabiqənin bütün finalçıları yüksək peşəkarlıq nümayiş etdiriblər. Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa edən musiqiçilər təqdir edilib. Gənc istedadların üzə çıxarılmasında xüsusi əhəmiyyətə malik olan müsabiqəyə qarşıdakı illərdə uğurlar arzulanıb və Azərbaycan musiqisini tanıtmağa xidmət edən belə layihələrin dəstəklənəcəyi vurğulanıb.

Münsiflərin qərarına əsasən, Heli Kanq (Cənubi Koreya) birinci, Anna Leyerer (Avstriya) ikinci, Qriqorios İoannou (Yunanıstan) isə üçüncü yeri tutublar. Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa edən Aleksander Maria Vaqner (Almaniya) və Qriqorios İoannou xüsusi mükafata layiq görülüblər.

Mükafatlandırma mərasimindən sonra qaliblər qala konsertlə çıxış ediblər. Qriqorios İoannounun ifasında Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, Aleksander Maria Vaqnerin ifasında isə Tofiq Quliyevin “Cəmilənin albomu” (On iki pyes) əsəri xüsusi maraq doğurub.

Qeyd edək ki, beynəlxalq müsabiqə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, ölkəmizin Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

Tərlan SÜLEYMANOV,

"Xalq qəzeti"

MƏDƏNİYYƏT bölməsi