“Xarıbülbül” mədəniyyətimizin rəmzinə çevrilib

MƏDƏNİYYƏT
23 May
23:37

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın bu il 270 yaşı tamam olur. Bu il möhtərəm Prezidentimiz tərəfindən “Şuşa ili” elan edilib. Bu, çox əlamətdar və sevindirici bir tarixdir. Şuşa bizim üçün müqəddəs bir şəhərdir, onun daşı, torpağı, havası, suyu belə tariximizi, yaddaşımızı yaşadır. Şuşa Azərbaycan tarixində silinməz iz qoymuş, qızıl hərflərlə öz imzasını yazmış görkəmli şəxsiyyətlərin vətənidir.

Şuşa xalqımızın Zəfər rəmzi, Azad­lıq simvoludur. Azərbaycanın mənfur düşmənlərimizə qarşı apardığı mübarizədə, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı ədalətli müharibədə Şuşanın azad olunması böyük qələbəmizin zirvəsi oldu. Müzəffər Ali Baş Komandanımız, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğaldan azad edilmiş Şuşa şəhəri yenidən öz əzəməti ilə parlamağa başladı. Yəqin ki, bu gün həm Şuşa uğrunda qəhrəmanlıqları ilə əbədi yaşa­yacaq müqəddəs şəhidlərimizin və xalqımızın igid oğullarının, həm zaman-zaman Şuşanın tarixində iz salmış böyük şəxsiyyətlərin, həm də fəxrlə “şuşalıyam” deyən bütün insanların ruhu şaddır.

Biz hamımız böyük qürur hissi ilə hər dəfə Şuşaya gedəndə şəhərin gündən-günə necə dirçəldiyini, işıq saçdığını, insanların gəlişinə sevindiyini görürük. Şuşa artıq böyük siyasi-iqtisadi forumların, mədəniyyətin bütün sahələri üzrə möhtəşəm tədbirlərin keçi­rildiyi bir məkana çevrilib. Şuşa – həm də beynəlxalq festivalların məkanı kimi dünyada tanınır.

Musiqi məbədimiz olan Şuşa şəhəri tarixən “Qafqazın konservatoriyası” ol­muşdur. Burada xalqımızın musiqi mədəniyyətinin ənənələri yaranıb və bu gün də həmin ənənələr yaşadılmaqda davam edir, yenilənir. Ən gözəl cəhət də budur ki, Şuşanın musiqi ənənələrini dünyaya tanıt­dıran sənətkarlarımız, xalqımızın istedadlı övladları indi “Xarıbülbül” ünvanlı beynəlxalq festivalda toplaşır. Xarıbülbül dünyanın ən nadir çiçəklərindən biri olaraq, Şuşanın simvoluna, Zəfər rəmzimizə çevrildiyi kimi, indi də ənənəvi musiqi festivalının adı kimi əbədiləşib.

Heydər Əliyev Fondu tərəfindən keçirilən “Xarıbülbül” Beynənlxalq Folklor Festivalı bu il öz ətrafında həm azərbaycanlıları, həm Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrini, həm də dünyanın bir çox ölkələrindən gəlmiş musiqiçiləri birləşdirdi. “Xarıbülbül” ulu öndərimiz Heydər Əliyevin yaratdığı azərbaycançılıq məfkurəsinin, multi­kulturalizm və tolerantlıq ənənələrinin musiqi vasitəsilə canlı təcəssümünə çevrilmişdir.

Festivalın açılış konsertində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xa­nım Əliyevanın iştirak etməsi çox böyük ruh yüksəkliyi yaradırdı. Hətta güclü ya­ğışın yağması da bu möhtəşəm konsertin keçirilməsinə mane olmadı, əksinə, elə bil göydən nur yağırdı.

Builki festival öz çərçivələrini bir qədər də genişləndirmişdi. Festivalın proqramı üç gün davam edərək, hər gün iki-üç konser­ti əhatə edirdi. Proqrama F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamb­lının, solistlərin, azsaylı xalqların musiqi kollektivlərinin, xarici ölkə musiqiçilərinin ifasında folklor nümunələri və bəstəkar əsərləri, etno-caz qruplarının kompozisiyaları daxil idi. Əlbəttə ki, festival konsertlərini, hər bir çıxışı, bəlkə də, dönə-dönə dinləyib fikir bildirmək olar. Bunlar hamısı bizim musiqi mədəniyyətimizin parlaq səhifələridir.

Ancaq festivalın əsas məramı ay­rı-ayrı millətlərdən olan, fərqli dil və din mənsubiyyətli, müxtəlif mədəniyyətləri təmsil edən insanları bir ocaq – Şuşa musiqi ocağı ətrafında birləşdirmək idi ki, buna da biz nail olduq. “Xarıbülbül” festivalı bizə bu sevinci, bu qüruru yaşatdı və düşünürəm ki, hələ çox-çox illər bundan sonra da yaşadacaq.

Fərhad BƏDƏLBƏYLİ,

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru,

Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor

MƏDƏNİYYƏT bölməsi