Unudulmaz səsi ilə qəlbləri ovsunlayan sənətkar

MƏDƏNİYYƏT
20 May
01:12

Bir vaxtlar Filarmoniyada onun konsertlərinə bilet tapmaq müşkül məsələ idi. Oxuyardı, nəğmələri ürəklərə hopardı, şaqraq musiqi sədalarından Filarmoniyanın divarları titrəyərdi. Tamaşaçıların alqışları altında mahnılar, muğam parçaları bir-birini əvəz edərdi. Xalq artisti Sara Qədimovanı sevirdilər. Təkcə paytaxtımızda yox, regionlarda da onun həvəskarları çox idi. Tez-tez rayonlara qastrollara gedən Sara xanımı böyük coşqu ilə qarşılayardılar. Xalq artistləri Xan Şuşinski, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Rübabə Muradova, Əbülfət Əliyev kimi müğənnilərlə birlikdə Azərbaycanı qarış-qarış gəzər, maraqlı konsert proqramları ilə çıxış edərdi.

Bu bənzərsiz müğənninin səsinin sehrindən ayrılmaq olmurdu. Hansı mah­nını, təsnifi, muğamı oxuyurdusa, onu özününküləşdirirdi. O, ömrünün sonuna qədər eyni şövqlə oxudu, səsi elə gənclik illərində olduğu kimi təravətli qalmışdı.

Şairlərimiz onu gözəl şeirlərilə vəsf etmişdilər. Xalq artisti Leyla Bədirbəyli xa­tırlayırdı ki, bir dəfə Sara Qədimova Səməd Vurğun, Qurban Pirimov, akademik Heydər Hüseynov, Vera Şirye, Zülfü Adıgözəlovla birlikdə qatarla cəbhə bölgələrinə gedirdik. Səməd Vurğun gənc Saraya yaxınlaşıb soruşdu: - Qızım, gözəl səsin var. Bir neçə konsertində olmuşam. Oxumağın xoşuma gəlir. Cəbhədə əsgərlər üçün nə oxuyacaq­san?

Sara ayağa qalxıb imtahan verən şagird kimi əllərini yanına saldı:

– “Segah” muğamını, Üzeyir bəyin “Şəfqət bacısı”, “Kürdün gözəli”, “Qubanın ağ alması” mahnılarını, – deyə cavab verdi.

Səməd Vurğun nə fikirləşdisə, elə bi­zim yanımızda cibindən “Avrora” siqaretini çıxarıb, onun qutusu üstünə bir şeir yazıb, Saraya uzatdı. Bu şeiri sənə həsr edirəm. Onu əzbərlə və “Segah” üstündə oxu, - dedi. Bu, “Ala gözlər” şeiri idi.

Yenə qılıncını çəkdi üstümə,

Qurbanı olduğum o ala gözlər.

Yenə cəllad olub durdu qəsdimə,

Qələm qaş altında piyala gözlər.

Gərdəni minadır, boyu tamaşa,

Ay da həsəd çəkir o qələm qaşa.

Bir cüt ulduz kimi verib baş-başa,

Yanıb şölə saçır camala gözlər.

Əlbəttə, Sara xanım bu beytləri dönə- dönə segah üstə oxudu.

Əslən Ağdamın Abdal-Gülablı kəndindən olan Sara Qədimova Bakıda anadan olmuş­du. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filar­moniyasının solisti kimi başlamışdı.

İstedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanmışdı. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalar­da çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu “Bayatı-Şi­raz”, “Şur”, “Şahnaz”, “Qatar”, “Mahur-hin­di”, “Xaric segah” muğamları və müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında “Qarabağ şikəstəsi” isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara xanım ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub. O, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq, inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcı­lığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqla­rın nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.

Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şu­şinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli da­vamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq.

Sara xanım SSRİ-nin “Şərəf nişanı”, Azərbaycanın “Şöhrət” ordenləri ilə təltif edil­mişdir. Bu böyük sənətkar 2005-ci il mayın 12-də vəfat etmişdir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi