Rusiya-Ukrayna münaqişəsi: bütün istiqamətlərdə ağır döyüşlər gedir

XARİCİ XƏBƏRLƏR
5 May
23:58

Dünən Rusiya-Ukrayna cəbhəsi boyu yenidən şiddətli döyüşlər davam edib. Tərəflər bir-birini güclü artilleriya və raket atəşlərinə tutub. Hər iki tərəfdən xeyli sayda ölən və yaralananlar var. Bu barədə UNİAN agentliyi məlumat yayıb.

Lakin tərəflərin heç biri döyüşlərdə ciddi irəliləyişə nail ola bilməyib. Ukraynanın şərqində və cənubunda əvvəlki günlərdə olduğu kimi, ağır döyüşlər səngimək bilmir. Hiss olunur ki, Rusiya tərəfi bərk tələsir. Ekspertlər qarşıdakı bir neçə gün ərzində Rusiyanın hücumla­rını daha da genişləndirəcəyini düşünürlər.

Ukrayna Ordusu bunun fərqindədir və Rusiyanın artan təzyiqlərinə qarşı adekvat tədbirlər görməyə çalışır. Ukrayna hərbçiləri bir sıra istiqamətlərdə əks-hücum əməliyyatları həyata keçiriblər.

Dünən ən ağır döyüşlər yenidən Mariupolda gedib. Məlum oldu­ğu kimi, bu şəhər hər tərəfdən mühasirədədir. Lakin şəhərdəki “Azovstal” zavodundakı “Azov” qru­pu təslim olmaq niyyətində deyil.

Mariupol şəhərinin meri Vadim Boyçenko Ukraynanın milli tele­viziya kanalına açıqlama verib. Bildirib ki, Rusiya mülki şəxslərin də sığındığı zavoda ağır texnikalarla zərbələr endirir: “Hazırda orada 30-dək uşaq da var, onlarla əlaqə tamamilə itib”.

Mariupol şəhərindən mülki sakinlərin növbəti təxliyəsi həyata keçirilib. Bunu Ukrayna Baş na­zirinin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk “Teleqram 6” telekanalına müsahibəsində bildirib. “Bu gün Mariupol humanitar dəhlizi çərçivəsində 344 nəfər təxliyyə edilib. Bunlar Mariupol, Manquş, Berdyansk, Tokmak və Vasilivkadan olan qadınlar, uşaqlar və qocalardır. Onların hamısı Zaporojyeyə yenicə gəliblər. Bu, bizim üçün daha bir kiçik qələbədir”- deyə o vurğulayıb.

BMT-nin və Beynəlxalq Qızıl Xaç Komitəsinin işçilərinə, habelə huma­nitar karvanın işçilərinə - sürücülərə və Urayna Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşlarına təşəkkür edib.

Dünən Ukrayna Müdafiə Nazir­liyinin yaydığı operativ məlumatda bildirilir ki, Rusiya ordusu Şərqi əməliyyat zonasında hücum əməliyyatlarını intensivləşdirib. Son sutka ərzində Rusiya Ordusunun 9 hava hədəfi – 4 PUA, 3 qanadlı raket, 2 təyyarə məhv edilib.

Rusiya tərəfi də Ukraynadakı döyüşlər barədə məlumatlar yaya­raq qarşı tərəfin ciddi itkilərə məruz qaldığını iddia edib. Ekspertlər hesab edirlər ki, hazırda Rusi­yanın məqsədi nəyin bahasına olursa-olsun Donetsk və Luqansk vilayətlərinə tam nəzarəti ələ keçirmək və Krımla quru dəhlizini əldə saxlamaqdır.

Dünən Ukraynanın cənubunda da ağır döyüşlər davam edib. Ukrayna Müdafiə Nazirliyi rəsmisi mediaya açıqlamasında bildirib ki, Ukrayna hərbçilərinin keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Ru­siya hərbçiləri Nikolayev və Xerson vilayətlərinin sərhədində bir neçə yaşayış məntəqəsinə nəzarəti itirib.

Görünən budur ki, Rusiya-Uk­rayna müharibəsi uzanır. Ukray­na Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib ki, biz Rusiya ilə uzun və qanlı münaqişəyə hazır olmalıyıq. Onun sözlərinə görə, Rusiya Ukraynanın Qərb silahlarını lazımi miqdarda toplamasının qarşısını almaq üçün onları mümkün qədər tez tükətməyə çalışır.

Bu arada məlum olub ki, Nider­land və İsrail Ukraynaya yenidən hərbi yardım ayıracaqlar. Yayılan məlumatlara görə, İsrail ABŞ-ın xahişindən sonra Ukraynaya hərbi yardımı genişləndirməyi düşünür. Bu barədə Axios portalı ABŞ və İsrail rəsmilərinə istinadən xəbər verib.

İsrailin yüksək rütbəli rəsmisi deyib ki, İsrail hökuməti Ukraynaya hərbi yardımını artırmağı düşünür və çox güman ki, müharibə davam etdikcə bunu edəcək. Amma rəsmi şəxs vurğulayıb ki, İsrail yalnız ölümcül olmayan hərbi texnika verəcək.

M.QƏRİBOV,

M.HACIXANLI,

“Xalq qəzeti”  

XARİCİ XƏBƏRLƏR bölməsi