İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir

“The Guardian” nəşri “Axios” portalına istinadən yazır ki, İsrail hökuməti Birləşmiş Ştatların xahişindən sonra Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir.
Bildirilir ki, ötən həftə İsrail Müdafiə Nazirliyi hərbi-siyasi büronun rəhbəri Dror Şalomu ABŞ rəsmiləri ilə Ukraynaya silah tədarükünü müzakirə etmək üçün Almaniyadakı Ramşteyn aviabazasına göndərib.
Nəşr yazır: “Bayden administrasiyası israillilərə açıq şəkildə bildirib ki, ABŞ onların Rusiya ilə bağlı çətin vəziyyətini başa düşür və onların Ukraynaya yardım baxımından indiyə qədər etdiklərini yüksək qiymətləndirir, lakin onların hərbi texnologiya təmin etməkdə daha çox şey edə biləcəklərinə ümid edir”.
Yeri gəlmişkən, İsrailin yüksək rütbəli rəsmisi görüş əsnasında deyib ki, rəsmi Təl-Əviv Ukraynaya hərbi yardımını artırmağı düşünür və çox güman ki, müharibə davam etdikcə bunu edəcək. Lakin o vurğulayıb ki, İsrail yalnız ölümcül olmayan hərbi silah-sursat və texnika verəcək.
Rövşən TOĞRUL, “Xalq qəzeti”