Köhnə versiya

Latest news

Son buraxılış
Arxiv

103 il əvvəl Bakının işğaldan azad edilməsi tarixi Azərbaycan–Türkiyə qardaşlığının unudulmaz səhifəsidir

 

 

“Qardaşlığımız əbədidir” Qeyri Hökumət Təşkilatları Koalisiyasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 103 illiyi münasibətilə Gəncliyə Yardım Fondunun ofisində “Qardaşlığımızın dünəni, bu günü və sabahı” mövzusunda toplantı keçirilib. Mərasimdə millət vəkilləri, tarixçi alimlər, şəhid ailələri və qazilər iştirak ediblər.

İştirakçılar əvvəlcə Bakı­nın qurtuluşu və Çanaqqala döyüşlərində, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş hərbçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndiriləndən sonra “Tərxis Olunmuş Hərbçilərin Gənclərin Maarifləndirmə” İctimai Birliyinin və “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli toplantını giriş sözü ilə açaraq koalisi­yanın təsis olunduğu gündən şanlı döyüş salnamələri və hərbi vətənpərvərliklə bağlı tarixlərə xüsusi diqqət yetirdiyi­ni söyləyib. O, Bakının işğaldan azad edilməsinin milli tariximi­zin ən böyük zəfərlərindən biri olduğunu, xalqımıza Qafqaz İslam Ordusunun qardaşlıq köməyinin isə heç vaxt unudul­mayacağını vurğulayıb.

Koalisiya sədri daha sonra qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da qardaş Türkiyə Azərbaycana öz dəstəyini ən yüksək səviyyədə gerçəkləşdirdi. Bu gün iki qardaş ölkə arasında münasibətlər ulu öndər Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” gerçəyinə uyğun olaraq yüksələn xəttlə, bütün sahələrdə genişləndirilir və möhkəmləndirlir.

Hərbi Akademiyanın müəllimi, general-leytenat Yaşar Aydəmirov dünyaya hökm etmiş türk hərb tarixindən və Qafqaz İslam Ordusunun istiqlal tariximizdə oynadığı roldan söz açıb. Xəzər Univer­sitetinin müəllimi, tarixçi alim Telman Nüsrətoğlu Türkiyə və Azərbaycan dövlətlərinin qardaşlıq tarixinin öyünclü səhifələri haqqında danı­şıb. Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü isə Azərbaycana dar günlərdə ən böyük dəstəyi həmişə Türkiyə dövlətinin verdiyini, bu yardım və himayənin həyatın bütün sahələrini əhatə etdiyini minnətdarlıqla xatırladıb.

Sonda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 15 Sentyabr Bakının zəfər tarixinin həm Türkiyə dövlətində, həm də Azərbaycan Respublikasında şanlı bir bayram olduğunu vurğulayıb. O deyib ki, hər iki dövlətin illərin sınağından çıxmış dostluq və qardaşlığı 44 günlük Qarabağın savaşı günlərində ən yüksək səviyyədə Qələbəyə xidmət etdi.

Xatırladaq ki, “Qardaşlığı­mız əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-–Türkiyə münasibətlərinə dəstək vermək, iki qardaş ölkə ara­sındakı ictimai əlaqələri daha da gücləndirmək məramı ilə yaradılıb. Koalisiyada Müasir İnkişaf Birliyi, Tərxis Olun­muş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yar­dım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, "Könüllülük Fəaliyyətinin Təbliği" gənclər birliyi təmsil olunur.

T. AYDINOĞLU, “Xalq qəzeti”

16 September 2021 00:33 - Politic
Politic

Köhnə versiyamızdan xəbərləri izlə