Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri”

AMEA-nın Tarix İnstitutu və “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin təşkilatçılığı ilə “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 və “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin 25 illik yubileylərinə həsr olunan tədbirdə Milli Məclisin deputatları, Türkiyə və Rusiyadan tarixçi alimlər, AMEA-nın elmi müəssisə və təşkilatlarının nümayəndələri və digər şəxslər iştirak ediblər.

Konfransı institutun direktoru, akademik Yaqub Mahmudov açaraq tədbirin Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq keçirildiyini deyib. Alim cari ildə Tarix İnstitutu tərəfindən ölkəmizdə və xaricdə bir sıra konfransların təşkil edildiyini Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq mərkəzinin açıldığını diqqətə çatdırıb.

Y.Mahmudov AXC-nin 23 ay ərzində iqtisadi, siyasi, elmi, mədəni, ordu quruculuğu və digər sahələrdə bir çox islahatlar apardığını, qadınlara seçki hüququ verdiyini, bununla da təkcə Şərqdə yox, eyni zamanda, Qərb respublikaları arasında ən qabaqcıl demokratik dövlət olduğunu sübut etdiyini bildirib. 

Sonra Tarix İnstitutunun şöbə müdiri, “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin sədri, tarix üzrə elmlər doktoru Tofiq Mustafazadə rəhbərlik etdiyi təşkilatın 25 ildə gördüyü işlərlə bağlı iştirakçılara məlumat verib.

Tədbirdə, həmçinin millət vəkilləri Fəzail İbrahimli, Fəzail Ağamalı, tarixçi alimlər Anar İsgəndərov, İradə Məmmədova və digərləri çıxış edərək AXC-nin yaranmasının Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırladığını, xalqımızın qəlbindəki istiqlal eşqini yaşatdığını söyləyiblər.

science.gov.az saytı yazır ki, beynəlxalq konfrans öz işini “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir”, “Cümhuriyyət dövründə Azərbaycan beynəlxalq münasibətlərdə” və “Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti” bölmələri ilə davam etdirib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

1 Dekabr 2018 12:19 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə