Ən son xəbərlər
Son illərdə Mingəçevir turizm mərkəzinə çevrilir. Burada yeni otellər açılır, turistlərin sayı artır. Turizm hərtərəfli inkişaf edəcək. Amma, əlbəttə, Mingəçevir, ilk növbədə, gözəl, müasir sənaye mərkəzi, yüngül sənaye mərkəzi kimi inkişaf etməlidir. Şəhərin inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Dövlət Dram Teatrının qarşısında rastıma çıxan məktəblidən soruşuram:
–Adın nədir?
–Müşfiq.
–Neçənci sinifdə oxuyursan?
–Səkkizinci.
–Mingəçeviri sevirsən?
–Əlbəttə, – deyə qətiyyətlə bildirir: – Belə şəhəri heç sevməmək olar? Hər şeyi gözəldir, qəşəngdir. Həm də qəhrəmanlar, igidlər şəhəridir.
Müşfiqin bu sözü məni əməlli-başlı titrətdi: “Elə sən də qəhrəmansan” – deyirəm. Qucaqlayıb, bağrıma basıram. Düşünürəm. 14 yaşın ola, doğulduğun, böyüdüyün yeri belə sevəsən…
Yadıma mart ayının 14-də Mingəçevirdəki Heydər Əliyev Mərkəzində Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin təqdimatı düşür. Bu ekran əsərində Birinci Qarabağ müharibəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından söhbət açılır. Filmin rejissoru və ssenari müəllifi Karan Sinq üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada neçə-neçə insanla görüşüb, şahidlərlə söhbət edib. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə həmin fotoqrafın müsahibəsinə də yer verilib. Qırx altı dəqiqəlik filmin bütün kadrları erməni vəhşiliyinin, vandallığının dünya ictimaiyyətinə çatdırılması üçün təkzibolumaz fakt və sübutlardan ibarətdir.
Həmin təqdimatda balaca Müşfiq kimi öz elini-obasını sevən köhnə tanışım Etibar Əhmədovla da görüşdüm. Dəqiq yadımda deyil. Bəlkə də 20 ilin söhbətidir. Mingəçevir haqqında hazırladığım qəzet materiallarının birini oxuyandan sonra redaksiyamıza zəng etmiş Etibar o zaman mənə çox gözəl bir mövzu vermişdi: “Mingəçevir şəhəri haqqında qələmə aldığınız yazılara görə çox sağ olun. Şəhərimiz həqiqətən, həmin təqdiredici fikirlərə layiqdir. Ancaq çox istəyərdim ki, Mingəçevir kəndi barədə də nə isə yazasınız”. Dedim axı, o kəndlə bağlı nə yazmaq olar ki? Dedi: “Gəlib görsəniz, mütləq yazacaqsınız”. Getdim, gördüm və “Mingəçevir – mənim kəndim – kəsəyim…” adlı bir yazı ərsəyə gəldi.
Həmin gün Etibar mənə daha bir mövzu verdi: “Mingəçevir kəndinin gəncləri 44 günlük İkinci Qarabağ müharibəsində həqiqi vətənpərvərlik nümunəsi göstərmiş, düşmənə lazımı dərs verənlərdən olmuşlar. Kəndimizin qəhrəman oğullarından şəhid olanlar var. Gəlsəniz, həmin igid oğullarımızın xatirəsinin necə əbədiləşdirildiyinin də şahidi olarsınız…”
Ayyarımlıq müharibədə Mingəçevirdən 1.041 nəfər igid oğul iştirak edib. 53 nəfər isə şəhidlik zirvəzinə ucalıb. İki nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Xocavənd uğrunda döyüşlərdə qolundan yaralanan Pərviz Məmmədovun sözləri yadımdan çıxmır ki, çıxmır: “Müharibənin od-alovunda bir-birindən igid, neçə-neçə qəhrəman oğul itirmişik. Bu gün biz həm də onların yarımçıq qalmış ömürlərini yaşayırıq”.
Mingəçevirdə şəhid, qazi ailələrinə xüsusi diqqətdən danışmasaq, bizi qınayarlar: 21 xatirə bulağı tikilib, 26 binaya xatirə lövhəsi vurulub. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov elə bir şəhid, qazi ailəsi olmayıb ki, onun qapısını döyməsin, qayğıları ilə maraqlanmasın. Bu görüşlərin bir neçəsində mən də iştirak etmişəm. Başçının gözüyaşlı valideynləri necə səbrlə dinləməsinin, onlara qarşı necə həssas münasibət göstərməsinin şahidi olmuşam.
Ümumiyyətlə, Mingəçevirin bugünü, sabahını gözəlləşdirəcək ən xırda məsələ belə diqqətdən kənarda qalmayıb. Uzağa getməyək. Bir faktı deyim:
…Martın son günlərində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilirdi. Gündəliyə “Şəhər əhalisinə göstərilən nəqliyyat xidmətinin vəziyyəti haqqında”, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının Mingəçevir şəhərinə aid bəndlərinin icra vəziyyəti haqqında”, “Pandemiya ilə mübarizə və əhalinin vaksinləşməsi sahəsində şəhərdə aparılan işlərin vəziyyəti haqqında” və “Nikahların dayanıqlılığının pozulmasının qarşısının alınmasına yönəlmiş maarifləndirici və praktiki işlərin vəziyyəti barədə” məsələlər daxil edilmişdi. Mənim üçün ən maraqlı olanı isə o idi ki, müzakirə olunan bütün məsələlərə yaradıcı münasibət var idi. Şəhərlərin heç birində şura iclasının materialları ilə tanış olmamışdım. İndi gördüm ki, həmin iclaslarda şəhər və ya rayonun bütün sahələrini əhatə edən məsələlər müzakirə olunur.
Şəhər icra hakimiyyətinin başçısı ilə söhbətimiz zamanı da həmin məmnunluğumu dilə gətirdim. Həmsöhbətim qeyd etdi ki, möhtərəm Prezidentimiz icra başçısı təyin edərkən, onun yeni rəhbərlərə ilk tapşırığı və tövsiyəsi əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması olur: “Odur ki, adını çəkdiyiniz iclasın gündəliyindəki məsələlərin hamısı sakinlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edir”.
İlham müəllim qeyd etdi ki, dövlət başçımız bugünlərdə Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin biz – şəhər və rayon rəhbərlərinə də vətəndaş məmnunluğunun təmin edilməsi barədə konkret tövsiyələr vermişdir. Biz həmin istiqamətdə lazımi addımları ardıcıllıqla atırıq.
Müsahibim xatırlatdı ki, bu il fevralın 15-dən etibarən Mingəçevirdə vətəndaşlara “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə xidmət göstərilir. Bu portal Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb. Portal vasitəsilə regionlarda yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlər arasında elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim edilir. Bu, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını, həmçinin vaxtlarına qənaət etməsini təmin edəcəkdir.
Bundan başqa, Mingəçevirdə sakinlərin sosial-rifahının yaxşılaşması məsələsi də daim diqqət mərkəzindədir. Şəhər icra hakimiyətinin başçısı bu məqsədlə müntəzəm şəkildə sakinlərlə görüşür, onların problemləri ilə tanış olur, fikir və təkliflərini eşidir. İcra başçısının 7 nömrəli MİS-in ərazisində, Nəriman Nərimanov və Şah İsmayıl Xətai küçələrinin kəsişdiyi ərazidəki səyyar görüşündə qeyd olunub ki, 2020-ci ilin payız aylarında 44 günlük Vətən savaşında ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun cəsur əsgər və zabitləri 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edərək dünya dövlətlərinə dövlətimizin, xalqımızın gücünü, birliyini nümayiş etdirdilər. Dövlətimizin başçısının rəhbərliyi, qətiyyəti ilə həyata keçirilən daxili və xarici siyasət insanların rahat və firavan yaşayışını təmin edir, Azərbaycanın dünyada nüfuzunu artırır. Vətən müharibəsindəki Qələbə milli iradənin, birliyin, Vətənə olan sevgi və məhəbbətin təntənəsidir. Torpaqlarımız azad edildikdən sonra Prezidentimiz dəfələrlə azad edilmiş ərazilərdə olub. Burada həyatın bərpa olunması üşün geniş quruculuq işlərinə başlanılıb.
Bəs Mingəçevirdə hansı işlər görülüb? Saymaqla qurtaran deyil. Amma, yaxşısı budur, bəzi işlərin üstündən sükutla keçməyək.
Belə ki, ötən illər ərzində Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə də davamlı olaraq əsaslı tikinti, quruculuq işləri reallaşıb. Şəhərdəki çoxmənzilli yaşayış binalarının böyük əksəriyyətinin dam örtüyü yenilənib. Bir sıra məhlələrdə əsaslı təmir işləri görülüb, binaların fasad hissələri suvarılaraq rənglənib, ümumi istifadə sahələri, blokları təmir olunub, giriş qapısı qoyulub. Məhəllələrdə sakinlərin istirahəti, asudə vaxtının səmərəli olması üçün şərait yaradılıb. Uşaq və gənclər üçün əyləncə və idman qurğuları quraşdırılıb. Elektrik xətləri çəkilib, işıq dirəkləri qoyulub.
Bu məqamda bir məsələni xüsusilə qeyd etmək zərurəti var. Belə ki, şəhər icra hakimiyyətindən aldığımız məlumatdan aydın olur ki, 2022-ci ildə reallaşdırılacağı gözlənilən layihələrin sayı 2021-ci ildə həyata keçirilmiş tədbirlərdən çoxdur. Məsələn, ötən il 17 ədəd çoxmərtəbəli yaşayış binalarının dam örtüyü, fasad və girişləri əsaslı təmir edilib, Sahil parkının yamacına suvarma xəttinin çəkilməsi və abadlaşdırılması təmin edilib, Heydər Əliyev prospektindəki xiyabanlar yenidən qurulub, Tarix muzeyinin qarşısındakı ərazidə yenidənqurma işləri, yeni salınmış “Nizami” parkının abadlaşdırılması davam etdirilib, Günəşli yaşayış massivinin 11 küçəsinin, İ.Qayıbov, Xətai, Z.Tağıyev, C.Məmmədquluzadə, M.Əzizbəyli, M.Rəhimov, V.Hüseynov küçələrinin yol və səkiləri, Şəfəq, H.Hüseynov və dalanları, Ordubadi, Babək küçələrinin yolu, Vaqif, Vidadi küçələrinin təmiri başa çatdırılıb. Təmir edilmiş küçələr və məhəllədaxili ərazilər işıqlandırılıb, Soyqırımı abidəsi əsaslı təmir edilib,1941–1945-ci illərdə həlak olmuş soydaşlarımızın xatirəsinə ucaldılmış abidə kompleksində fəvvarə Qərb giriş qapısı yenidən qurulub və sair.
2022-ci ildə reallaşdırılması nəzərdə tutulan layihələr isə Günəşli yaşayış massivinin asfaltlanmayan 20 küçəsi başda olmaqla daha bir neçə küçə və prospektə asfalt döşənməsi, Mənzil fondunun əsaslı təmiri üzrə 21 yaşayış binasının əsaslı təmiri, Mənzil Təmir və Abadlaşdırma İdarəsinə ayrılmış vəsaiti üzrə 16 yaşayış binasının təmiri, Sahil və Dostluq parklarında fəvvarələrin təmiri, suvarma xətlərinin çəkilməsinin davam etdirilməsi, Şərq giriş qapısının ətrafının, Nizami parkının, Bayraq meydanı – Giriş qapısına kimi olan yaşıllıq zolağının, Heydər Əliyev prospektinin Kür kompüter zavodu ilə Karxana yolu arasında hər iki tərəfinin yaşıllıq zolağının həmin prospektdəki xiyabanın qalan hissələrinin yenidən abadlaşdırılması və digər tədbirlərdən ibarətdir. Bütün bu işlər isə həm kəmiyyətinə, həm də sərf olunacaq vəsaitin məbləğinə görə ötən ildəkindən xeyli çoxdur.
...Mingəçevirdə dostlarım çoxdur. Onlardan birini – Məhkəmə Tibbi Ekzpertiza Patoloji Anatomiya Birliyinin publik hüquqi şəxsi, Mingəçevir Şəhər Şöbəsinin rəisi Rauf Quliyevi istəyirəm sizə təqdim edim. Rauf müəllim, özü əslən Gədəbəydəndir. Taleyini bu şəhərə bağlayıb. Sahil parkında gəzdik. Mingəçevirin bu günündən danışdıq. Xeyli söhbət etdik, olub-keçənlərdən danışdıq. Kürün suyunun nisbətən bulandığına işarə edərək dedi: – Bu yaz, yay bərəkətli, payız süfrəmiz isə zəngin olacaq. Çünki neçə illər idi, Kürün suyu bu qədər bol görünmürdü. Mart ayında Türkiyəyə, Gürcüstana, Azərbaycana düşən yağıntılar təbiətə yeni can verib, çaylar, kanallar yenə də su ilə dolub. Su isə təkcə aydınlıq, həyat deyil, həm də bol məhsul, bərəkətdir. Təbiət kənd əməkçilərinin üzünü güldürür. Məmnunam ki, təbiətin xalqımıza bəxş etdiyi bu nemət və “Nur şəhəri”nin enerjisi insanların həyatının daha da firavanlaşmasına zəmin yaradacaq.
Qibtə ediləcək təəssübkeşlik idi. Təbiətin nemətinə öz şəhərinin nurunu da qatırdı.
Firavanlığın, daimi, işığın həmişə bol olsun, Mingəçevir!
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Köhnə versiyamızdan xəbərləri izlə