Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Pandemiya təhsil sahəsində inqilaba deyil, təkamülə səbəb oldu”

ADA Universitetinin akademik işlər üzrə prorektoru, doktor Vəfa Kazdal Dubay forumundan diqqət çəkən fikirləri qəzetimizin oxucuları ilə bölüşür

Martın 22–24-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Ali Təhsil İdarəçiləri Forumu (“Higher Education Leadership Forum”) keçirilib. 50 ölkədən 400-dən çox dinləyici, 40-a yaxın təqdimatçının iştirak etdiyi forumun mövzusu “COVID-19-dan sonra ali təhsilin yeni istiqamətləri: tələblərə və tələbata cavab verən ali təhsil ekosistemi” olub. İştirakçıların çıxışı, debat və dəyirmi masa müzakirələri əsasında təşkil olunmuş forumda iştirak edən Azərbaycan Respublikasının ADA Universitetinin akademik işlər üzrə pro­rektoru, doktor Vəfa Kazdal debatlarda fəal iştirakı ilə yanaşı, həm də geniş məruzə ilə çıxış edib.

– Vəfa xanım, gəlin, ondan baş­layaq ki, forumda Azərbaycandan niyə məhz ADA Universiteti iştirak edirdi? Bunun özəl bir səbəbi var idi, yoxsa təşkilatçıların seçimi belə idi?

– Bu forumda təmsil olunmağı­mızın iki səbəbi var idi: birinci səbəb ADA Universitetinin ali təhsildə mükəmməllik mükafatı üzrə 90-dan artıq müraciət edənlər arasında seçilən üç namizəd universitetdən biri olması idi. Digər iki universitet isə Pakistanın Ağa Xan Universiteti və İspaniyanın dünya reytinqlərində yüksək yerlərdən birini tutan Bar­selona Universiteti idi. İkinci səbəb isə ADA Universitetinin hibrid təhsil ilə bağlı əldə etdiyi təcrübəni və bu istiqamət üzrə nəzərdə tutduğu növbəti hədəflərini beynəlxalq təhsil müəssisələri ilə bölüşmək idi.

– Nəzərə alsaq ki, 2 ildən artıqdır bütün dünya kimi, biz də pandemiya şəraitində yaşayırıq, o zaman forumda diqqət çəkən əsas məqamlar Azərbaycanın bütün ali təhsil ocaqları və onların kontin­genti üçün də maraqlı olar. Bu barədə bir qədər ətraflı məlumat verərdiniz.

– Şübhəsiz elədir. Çünki forumda ali təhsil sahəsi ilə bağlı ən aktual suallar işıqlandırıldı, verilən cavablar isə olduqca maraqlı, mühüm və konkret idi. Əminəm ki, bütün bu suallar və cavablar bizim ali təhsil ocaqları, həmçinin tələbələrimiz və onların valideynləri üçün çox maraqlı olacaq.

Forumda aparılan müzakirələr və əldə edilən nəticələr onu göstərdi ki, pandemiya ilə əlaqədar ali təhsildə baş verəcək dəyişikliklərlə bağlı miflər özünü doğrultmadı. Miflər ondan ibarət idi ki, pandemiya şəraiti ali təhsil sistemini radikal şəkildə dəyişdirəcək, kampuslar əhəmiyyətini itirəcək və ali təhsilin relevantlığı azalacaqdır.

Müazakirələr, fikir mübadilələri göstərdi ki, pandemiya təhsil sahəsində inqilaba deyil, təkamülə səbəb oldu. Baş verən dəyişiklikləri, xüsusilə də texnoloji tərəqqi və əmək bazarında olan prioritetləri nəzərə alsaq görərik ki, ali təhsil öz məqsədində yeni baxış yaradaraq özünü tamamilə yeniləmir, daha çox təkmilləşmə prosesindən keçir. Bu, hər zaman belə olmuşdur. Cəmiyyət, iqtisadiyyat inkişaf edib dəyişdikcə, ekosistemin bir hissəsi olan təhsil də ekosistemlə bir vəhdət təşkil etmək üçün daim dəyişib təkmilləşir. Hətta təqdimatçılardan biri təhsil səviyyələri arasında bir bütövlük və bağlılığın ya­radılması məqsədilə ekosistemə orta məktəblərin də daxil olmasının vacib olduğunu vurğuladı.

Forumda ən maraqlı məqamlardan biri pandemiyadan sonra ali təhsilin relevantlığına dair debat oldu. Debatın moderator və çıxışçıları Amerika Birləşmiş Ştatları, Avropa, Cənubi Afrika, Şimali Kipr və Qətər kimi ölkələrin ali təhsil assosi­asiyalarında fəaliyyət göstərən, təhsil siyəsətini formalaşdırıb inkişaf etdirən qərarverici şəxslər idi.

Bu debat zamanı meydana çıxan nəticələr onu göstərdi ki, pandemiya şəraitində ali təhsil sahəsinin rele­vantlığı və mahiyyəti daha da qabarıq şəkildə özünü göstərib. Bu dövrdə ərsəyə gələn startaplar, COVID-19, eləcə də təhsil sahəsi ilə bağlı apa­rılan tədqiqatlar, bunların fonunda irəli sürülən təkliflər və yeniliklər ali təhsilin vaciblik və müvafiqliyinin daimi olacağının göstəricisidir.

Debatla paralel forum iştirak­çıları arasında mövzu ilə bağlı interaktiv sorğu da aparılırdı. Bi­rinci sual universitetlərin başlıca məqsədlərinin nədən ibarət ol­ması idi. Universitetlərin ən vacib vəzifəsinin yeni sosial institutlar olaraq fəaliyyət göstərməsi və burada dəyərlərin formalaşdırılması ən çox səs toplayan cavab oldu. İkinci ən çox səs toplayan cavab isə yeni sosial era üçün insanları bir araya gətirmək və təlimləndirmək idi. Əgər bunlar universitetlərin əsas məqsədləridirsə, onda əminliklə deyə bilərik ki, ali təhsil müəssisələrinin mövcudluğu hər zaman öz aktuallığını qoruyub saxlayacaqdır. Buna görə də ali təhsil müəssisələri yeniliklərə açıq olmalı, özlərini təkmilləşdirməli, eyni zamanda, gənclərə müasir dövrün tələblərinə uyğun özlərini inkişaf etdirmək və potensial bacarıqlarını reallışdırmaq imkanları yaratmalıdır.

– Təhsilə texnologiyanın gəlişi və sürətlə yayılması ilə sizcə kam­puslara ehtiyac qalacaq?

– Kampuslar hər zaman öyrənmə və formalaşma prosesinin mühüm bir komponenti olaraq qalacaqdır, lakin kampusların mövcud olma məqsədi dəyişməkdədir. Onlar bilik mərkəzlərindən (“knowledge-hub”) sosial mərkəzlərə (“social hub”) çevrilməkdədirlər. Belə ki, kam­puslar sinif otağından daha çox sosiallaşma, əməkdaşlıq, axtarış, yaradıcılıq və eksperiment üçün açıq laboratoriya və məkan olmalıdır. Məhz bu cür kampuslara nümunə kimi sosial mərkəz konsepsiyası üzərində dizayn olunan, gələcəyə yönəlik ADA kampus modelini göstərə bilərik. Hətta bu konsepsiya ADA Universitetinin genişlənməsi ilə bağlı strateji planlarında belə öz əksini tapıb. Ümumiyyətlə, ADA Univer­siteti dizaynla bağlı istər hazırkı, istərsə də gələcək strategiyalarında hər zaman sinif otaqlarından çox geniş əməkdaşlıq və sosiallaşma məkanlarının qurulmasına önəm verir.

Təhsilin bilik komponenti isə artıq virtual kampuslara keçərək onu hibridləşdirir və beləliklə, təlim prosesinin səmərəliliyini artırıb zənginləşdirir. Üstünlük “flipped” dərslərə və daha çox praktikaya əsaslanan, komanda şəklində aparı­lan kampus təcrübələrinə verilməlidir. Onu da qeyd etmək lazımdır ki, kam­pusda olan mühazirə dərslərinin on­layn şəkildə keçirilməsi heç də yenilik hesab olunmur. Bu, sadəcə olaraq bir platformadan digər platformaya keçiddir. Lakin texnologiya və peda­qogikanı gücləndirmək, öyrənənlərin marağını artırmaq, öyrənmə imkanla­rını genişləndirmək – bu, yenilikdir.

– Forumda qısa zaman çərçivəsində sürətlə dəyişən dünyanın təhsil sferasında hansı dəyişikliklərin aparılmasına diqqət yetirildi?

– Bununla bağlı forumda auditori­ya bir sual ünvanladı: “Universitetlərin relevantlığının artırılması üçün yeniliyə daha çox harada ehtiyac var: öyrənmə və öyrətmə, innovasi­ya, tədqiqat və ya sosial fəaliyyətlər sahəsində?” Demək olar ki, səslərin çoxu ilk iki təklif arasında bərabər şəkildə bölüşdü.

Auditoriyanın təəccübünə səbəb olan məqamlardan biri tədqiqat komponentinin az səs toplamağı idi, çünki innovasiya və tədqiqat artıq bir anlayış kimi qəbul edilir. İnnovasiya demək olar ki, tədqiqatın nəticəsidir. Çünki, ən çox yenilik öyrənmə və öyrətmə prosesində ortaya çıxır. Öyrənmə və öyrətmə mühiti innovasi­ya ilə nəticələnən, startaplara gətirib çıxaran zəncirvari ardıcıllıqla yaradıl­malıdır.

Təbii ki, sürətlə dəyişən dünyada öyrənmə və öyrətməyə yanaşma­da ciddi dəyişiklər baş verməlidir. Forumda tələbyönümlü təhsil məsələsinə dəfələrlə toxunuldu. Tələbyönümlü təhsildə tələbənin maraq, ehtiyac və məsuliyyətini artıran yanaşma özünü göstərir, yəni tələbə təhsil prosesinin cavabdehlik daşıyan iştirakçısına çevrilir. Dözüm­lülük (“resilience”) və çeviklik (“agi­lity”) ən çox qeyd edilən və zamanın tələb edilən bacarıqları oldu. Forum boyunca bu iki bacarığı təhsilalanlara aşılamağın əhəmiyyəti ətrafında müzakirələr aparıldı. Bununla bağlı maraqlı suallardan biri o oldu ki, universitet məzunları əmək bazarına daxil olanda onlarda ən çox çatış­mayan bacarıqlar hansılardır? Ən çox səsləndirilən cavablar bunlar idi: insani bacarıqlar (“human skills”) – tənqidi təfəkkür, problemi həlletmə, yaradıcı yanaşma və kommunikasiya, həmçinin biznes bacarıqları– datanın kommunikasiyası, layihə idarəetməsi, dizayn və innovasiya. Bu baxımdan dünya təcrübəsi, həmçinin ADA Universitetinin təhsil modelində olan bakalavr proqramlarının ümumi təhsil (“general education”) hissəsi öz əhəmiyyətini qoruyur və yuxarıda qeyd olunan bacarıqlar istiqamətində özünü daha da gücləndirməkdədir.

Çünki ali təhsil hər zaman olduğu kimi və hətta deyə bilərik ki, daha da çox öz aktuallığını və mahiyyətini qoruyub saxlayır. Hibrid ali təhsil modeli texnologiya vasitəsilə təhsilin səmərililiyini və əlçatanlığını artırır, təhsilin beynəlmiləlləşməsi imkan­larını genişləndirir və təhsilalanın tədris prosesində məsuliyyətini və cavabdehliyini çoxaldır. Bu modeldə kampus zəngin, əhatəli, sahibkarlıq bacarıqlarını formalaşdıran və inkişaf etdirən laborotoriya və sosiallaşma məkanıdır. Öyrənmə və öyrətmə yanaşmaları bu modelə müvafiq olaraq tənqidi təfəkkürün, yaradıcılıq, problemi həlletmə və sahibkarlıq kimi bacarıqların inkişafına yönəlməlidirlər.

Forumun son hissəsi isə dəyirmi masa müzakirələri idi. Bizim iştirak etdiyimiz müzakirənin mövzusu təhsil mərkəzləri və onların müasir tələblərə uyğun olub-olmamasına həsr olunmuşdu. Burada bir çox Orta Şərq ölkələrində illərdir fəaliyyət göstərən beynəlxalq universitetlərin filiallarının professor və idarəetmə heyəti bu məsələnin çətinliklərini müzakirə edirdi. Onlar əməkdaşlıq və tərəfdaşlıq modeli üzərində qurulan universitet modelinin daha dayanıqlı olduğunu xüsusilə vurğulayırdılar. Məhz bu səbəbdən illər əvvəl ADA Universitetinin qurulma dövründə belə müzakirələr əsnasında rektor Hafiz Paşayev uzaqgörənliyi ilə ADA-nın milli və qlobal universitet vizyonu ilə qurulmasını məqsədəuyğun hesab etmişdi.

Müsahibəni qələmə aldı: İlqar RÜSTƏMOV,

 “Xalq qəzeti”

5 Aprel 2022 05:38 - MÜSAHİBƏ
MÜSAHİBƏ
20 Oktyabr 2022 | 00:17
Daha az fəsadlı anesteziya

Köhnə versiyamızdan xəbərləri izlə