Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın Aprel avantürası

Altı illik zaman kəsiyindən baxış

Müsahibimiz Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur.

– Elman müəllim, Aprel döyüşlərindən altı il keçir. Bu döyüşlərdə qazandığımız uğur­lar sanki hərbçilərimizə yeni ruh, güc-qüvvət verdi və tarixi qələbəyə gedən yolun başlan­ğıcı oldu. Sizin də bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

– 2016-cı ildə Ermənistan silahlı qüvvələrinin aprel avantürası onların məğlubedilməzliyi haqqında mifin bir neçə gün ərzində Azərbaycan Ordusunun əks- həmləsi ilə darma­dağın edilməsinə gətirib çıxartdı. Bu qələbə Azərbaycan Ordusunun hərbi texniki - təchizatının və döyüş ruhunun ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın hərbi üstünlüyü təmin edildi.

Dövlətimizin milli hərbi sənaye kompleksi formalaşdırılıb. Son illər ərzində ölkəmizdə 20 hərbi zavod tikilib istifadəyə verilib. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilir. Bu məhsullar dünyanın müxtəlif ölkələrinə, göndərilməklə yanaşı, Azərbaycanda keçirilən müdafiə sənayesi sərgilərində də təqdim olunur və müsbət reaksiyalar doğur­maqdadır.

Prezident İlham Əliyev deyib: “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır”. Ermənistan tərəfi bu fikirlərə uzun müddət ərzində bir təbliğat kampaniyasının tərkib hissəsi kimi yanaşırdı. Elə bu məntiqlə də aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avan­türaya əl atdı və layiqli cavabını aldı. Ermənistanın Azərbaycanla dövlət sərhədində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident Azərbaycan Or­dusunun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi. Ən müasir hərbi texnika və silahlarla təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik or­dumuzun 4 gün ərzində düşməni əks-hücumla darmadağın etməsi cənab Prezidentin yuxarıda qeyd olunan fikirlərinin tam həqiqəti əks etdirdiyini bir daha təsdiqlədi.

– Erməni təxribatının səbəbi nə idi?

– Ermənistan silahlı qüvvələri zaman-zaman Azərbaycan ərazilərində terror aktları, qətliamlar, təxribatlar törədiblər. Bu təxribatın səbəbləri bəllidir. Prezident İlham Əliyev aprel döyüşlərindən 4 gün sonra, 2016-cı il Aprelin 9-da Nazirlər Kabinetinin ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında silahlı təxribatı şərtləndirən amillərə toxunaraq qeyd etmişdir: “Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağın­da gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın.”

Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan işğalçı dövlət kimi münaqişənin permanent olaraq davam etməsində, status-kvo vəziyyətinin qorunub saxlanma­sında maraqlı idi. İşğalçı dövlət münaqişənin həllində müsbət tendensiyaların işartısını gördükdə belə, bütün qüvvələrini səfərbər edir və həmin prosesin qarşısını alırdı. Bu məqsədlə arsenalında olan bütün ənənəvi təxribat üsullarından istifadə edir, bir çox hallarda hərbi avantüraya əl atırdı.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin 31 mart –1 aprel tarixlərində Vaşinqtonda keçirilən İV Beynəlxalq Nüvə Sammitində iştirakla bağlı ABŞ Prezidenti Barak Obamadan dəvət almışdı. Azərbaycan nə nüvə dövlətidir, nə də ərazisində AES vardır. Bu dəvət ölkəmizin beynəlxalq təhlükəsizliyin təminatına verdiyi mühüm töhfələrlə bağlı idi. Dövlətimizə olan böyük etimaddan qaynaqlanırdı. Səfər çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər, xüsusilə də ABŞ-ın Dövlət katibi Con Kerri və vitse-prezident Cozef Bayden ilə apardığı məhsuldar danışıqlar Ermənistanda şok effekti yaratmışdı. Düşmən ölkə Cozef Baydenin artıq tarixə çevril­miş Ermənistan – Azərbaycan, artıq bizim üçün keçmiş olan Dağlıq Qa­rabağ münaqişəsinin beynəlxalq hü­ququn ərazi bütövlüyü və suverenlik prinsipləri çərçivəsində həlli ilə bağlı mövqeyini süngi ilə qarşılamışdı. Burada heç bir halda Ermənistanın daim əlində bayraq etdiyi xalqla­rın öz müqəddəratını təyinetmə hüququndan söhbət getmirdi. Onu da xüsusi olaraq qeyd edək, əslində, ABŞ vitse-prezidentinin bu mövqe­yi elə Prezident Barak Obamanın mövqeyi kimi qiymətləndirilməlidir. Bir qədər də açıq desək, bu, ABŞ ali icra hakimiyyətinin mövqeyidir. Vitse-prezidentin ölkə konstitusiya­sına görə, həm də Senatın rəhbəri olduğunu nəzərə alsaq, deməli, bu yanaşma, həm də ABŞ-ın ali qa­nunvericilik hakimiyyətinin mövqeyi anlamındadır.

Bu hadisə Ermənistanda günün günorta çağı şimşək efekti yarat­dı. Rəsmi İrəvan bu vəziyyətin münaqişənin həlli prosesinə və deməli, status-kvonun dəyişməsinə gətirib çıxaracağından ehtiyatla­naraq növbəti dəfə silahlı təxribat hərəkətlərinə əl atdı. Əslində, ermənilər yalnız milli ordumuzun mövqelərinə hücum etməmiş, həm də beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı hərbi cinayətlər törətmişlər. Təmas xəttinin yaxınlı­ğında yerləşən yaşayış məntəqələri, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdı. Nəticədə, dinc sakinlər həlak olmuş, biri 13 yaşlı uşaq olmaqla mülki vətəndaşlar yaralanmış, müxtəlif yaşayış məntəqələrində infrastruktur obyektləri, hətta təhsil müəssisələri zədələnmiş, evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatlarına və əmlakına xeyli ziyan dəymişdi.

Bu vəziyyətdə qəhrəman Azərbaycan Ordusunun əks-həmləsi artıq labüd idi. Nəticəsi isə hamıya bəllidir. Bir neçə yaşayış məntəqəsi və strateji yüksəklik üzərində milli bayrağımız dalğalanmağa başla­dı. Düşmən böyük itkilər vermiş, çoxsaylı hərbi texnikası məhv edilmişdi. Ordusunda mənəvi düşkünlük və fərarilik kəskin şəkildə artmış oldu. Təkcə təmas xətində deyil, Xankəndi, Şuşa və digər Azərbaycan ərazilərində yaşayan erməni əhalisi də kütləvi köç etməyə başladı. Bu proses əvvəllər də var idi. Lakin Azərbaycan Ordusunun rəşadəti sayəsində bu proses daha sürətli xarakter aldı.

Ermənistanın son hərbi təxribatı və ona Azərbaycan Ordusu­nun verdiyi layiqli cavab bir sıra nəticələrə gəlməyə əsas verir. Çox­saylı nəticələr sırasından üçünün üzərində xüsusi olaraq dayanmaq istəyirəm.

Birinci nəticə. Həmin dövrdə baş verən bir sıra hadisə və proselərə real zaman rejimində istinad etməklə mövqeyimizi əsaslandıraq. Ermənistan ordu­sunun və qondarma “DQR silahlı qüvvələri”nin kifayət qədər güclü olması, ən müasir silahlarla təchizatı və əsgər-zabit heyətinin yüksək döyüş ruhuna malik olması ilə bağlı erməni təbliğat maşınının illərlə for­malaşdırdığı mif sabun köpüyü kimi dağıdıldı. Ermənistan ordusunun keçən əsrin 80-ci illərinin silahların­dan istifadə etdiyi həqiqəti bəlli oldu. Ermənistanın ovaxtkı baş naziri Ovik Obramyanın İrəvana səfər etmiş Rusiyanın Baş naziri Dmitri Medvedevə 200 milyon dollar kredit üzrə silah-sursatın verilməsinin hələ də Moskva tərəfindən yubadıldığını xatırlatması və bu məsələdə komək göstərilməsini az qala yalvararaq xahiş etməsi yuxarıda söylənən fikirlərin düzgünlüyünü təsdiqləyir. Bundan savayı, Ermənistanın keç­miş prezidenti Serj Sarkisyan Alma­niyada səfərdə olarkən 2 hadisənin onu üzdüyünü dilə gətirməkdən çəkinməmişdir. Birincisi, Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunubdur. İkincisi, müttəfiqləri olan Rusiya Azərbaycana müasir silah-sursat satır.

Əli Xocalıda dinc, günahsız soy­daşlarımızın qanına bulaşmış “Serj Sarkisyanı heç vaxt bu qədər bədbin və inamsız görməmişdik,” – fikri də erməni ekspertlərinə məxsusdur.

İkinci nəticə. Beynəlxalq birliyin subyektlərinin mütləq əksəriyyəti, o cümlədən böyük dövlətlər və beynəlxalq təşkilatlar, əsasən, Azərbaycanın haqq işini müdafiə etdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bütün həmsədr ölkələr – ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bü­tövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümü­zü dəstəkləməsin...Qanlı toqquşma­lardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və biz də bunu istəyirik”. Hətta, iş o yerə çatdı ki, Ermənistanın xarici işlər nazirliyi beynəlxalq qınaq obyektinə çevriləcəyi perspektivindən ehtiyatlanaraq, bu istiqamətdə yaranmış vəziyyətin geniş təhlilə ehtiyacı olduğunu vurğuladı və məlum istiqamətdə fəaliyyətin yenidən qurulmasının vacibliyini qeyd etdi. Xüsusilə, Ermənistanın hər zaman istinad edərək Azərbaycanı hədələdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ayrı-ayrı üzvlərinin davranışı rəsmi İrəvanın ”yuxusu­na haram qatdı”. Qazaxıstan və Belarus dövlətlərinin Azərbaycanın mövqeyini birmənalı olaraq müdafiə etməsini böyük məmnunluq hissi ilə qeyd edirik. Türkiyə hər zaman ol­duğu kimi, bu dəfə də Azərbaycanın yanında oldu. Dövlətlərimizin qardaş, dost, strateji müttəfiq olması həqiqəti növbəti dəfə tarixin sınağından çıxdı. Ermənistan mətbuatı və ziyalıları isə ölkələrinin təkləndiyini, müttəfiqsiz qaldığını acı etiraf olaraq səsləndirməkdə davam edirdilər. Rusiyanın qaz satışında həmin dövrdə Ermənistana etdiyi cüzi güzəşti isə əslində, Kremlin Sarkisyan rejiminə verdiyi “dəyər”in miqyasının göstəricisi kimi də qiymətləndirilə bilər.

Üçüncü nəticə. 1994-cü ildən bəri davam edən nisbi atəşkəs dövründə ilk dəfə olaraq Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbə endirə bilməsi bir sıra amillərlə bağ­lıdır. Xüsusi olaraq qeyd edək ki, ulu öndər Heydər Əliyevin ordu quru­culuğuna prioritet sahə kimi yanaş­ması və bu istiqamətdə göstərdiyi misilsiz fəaliyyət Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilmişdir. Azərbaycanın hərbi arsenalı ən müasir silahlarla təmin edilmişdir. Ölkə büdcəsində hərbi xərclər birinci sıradadır. Or­dumuzun hərbi-vətənpərvərlik ruhu özünün pik nöqtəsindədir. Bütün qo­şun növləri arasında unikal koordi­nasiya mövcuddur. Ən başlıcası isə, hakimiyətlə xalq arasında monolit birlik vardır. Xalq Prezidentini sevir, Prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Məhz bu reallıq ölkəmizdə siyasi sabitliyin formalaşmasını təmin edən başlıca amilə çevrilmişdir. Bütün bunlar Ermənistanda yoxdur. Ermənistan iqtidarının sosial bazası çoxdan tükənmişdi. Sarkisyan rejiminə erməni xalqı nifrət edir və öz ovlad­larını bu rejimin müdafiəsi naminə müharibəyə göndərmək istəmirdi. Elə bu səbəbdən də Ermənistanda yeni müxalifət düşərgəsi –“Əsgər anaları hərəkatı” formalaşmışdı. Ermənistan ordusunun “Aprel itkiləri” fonunda bu hərəkatın sıraları ədədi deyil, həndəsi silsilə ilə artmış oldu.

– Şübhəsiz, bu reallılqlar işğalçı Ermənistan üçün dərs oldu.

– Təbii ki, Ermənistan bütün bunlardan ibrət götürməli, işğal­çılıq siyasətini dayandırmalı idi. Unutmamalı idi ki, onu gələcəkdə hərbi cəbhədə daha biabırçı məğlubiyyət gözləyir. Elə də oldu. Ali Baş Komandan İlham Əliyevin təcavüzkar Ermənistan dövlətinə qarşı tətbiq etdiyi dərinləşməkdə olan iqtisadi və nəqliyyat blokadası siyasəti, başqa sözlə, təcavüzkar ölkəyə münasibətdə istifadə olu­nan “taqətdənsalma taktikası” öz real nəticələrini verdi. Ən mühüm nəticələrdən biri, bəlkə də, birin­cisi Ermənistanda inqilabın baş verməsi və 20 ildir ki, bu ölkədə bərqərar olmuş xunta rejiminə son qoyulmasıdır. İnqilabi proseslərin dalğasında hakimiyyətə gəlmiş Nikol Paşinyan höküməti münaqişənin tənzimlənməsi istiqamətində sələflərinin buraxdığı kobud səhvlərdən nəticə çixarmalı və konstruktiv davranış tərzi nümayiş etdirməli idi.

Təəssüf ki, Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı davra­nışı onun yaxın tarixi keçmişdən müvafiq nəticələr çıxarmadığını təsdiqlədi. O, öz sələfləri kimi daxili auditoriyaya ünvanlanmış populist, məsuliyyətsiz, ziddiyyətli və bir çox hallarda avantürist bəyanatlar verməkdə davam etdi. Xüsusilə, Ni­kol Paşinyanın 2019-cu ilin 5 avqust tarixində işğal altındakı Azərbaycan ərazisində –Xankəndidə dar əhatədə səsləndirdiyi “Dağlıq Qar­bağ Ermənistandır. Nöqtə” – sərsəm fikri işğalçı ölkənin özündə belə qeyri-ciddi və populist mövqe kimi qarşılandı. Bu reallıqda Prezident İlham Əliyevin mövqeyi son dərəcə prinsipiallığı və qətiyyəti ilə seçilirdi. Soçidə “Valday” Beynəlxalq Diskus­siya Klubunun plenar sessiyasında çıxış edən Prezident İlham Əliyev münaqişənin tarixi, Ermənistanın iş­ğalçılıq siyasətinin humanitar fəlakət törətməsi, beynəlxalq hüququn işləməməsi, BMT TŞ-nın müva­fiq qətnamələrinin lazımsız kağız səviyyəsinə enməsi, təcavüzkar dövlətin yeni rəhbərliynin popu­list və məsuliyyətsiz bəyanatlar səsləndirməsi kimi həqiqətləri məqamında və yerində dünya ictimaiyyətinə çatdırdı. Çıxışının so­nunda isə Paşinyanın dar çərçivədə söylədiyi və daxili auditoriyaya ünvanlanmış “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” sayıqlaması­na qarşı “ Qarabağ Azərbaycandır. Nida işarəsi !“ qətiyyətini irəli sürdü.

2020-ci il noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə, noyabrın 10-da prezidentlər İl­ham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladıq­ları Üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.

Bu tarixi Zəfərlə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə kimi təkcə mənsub olduğu ölkənin deyil, əslində, dünyanın hərb tarixinə həkk etdirdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanların­da sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik si­lindi. Birləşdik, bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti eti­raf etmək məcburiyyətində qaldılar.

Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı.

Böyük fəxr və qürur hissi ilə onu da qeyd edək ki, Prezident, Ali Baş Komandan İlham Əliyev 2021-ci ilin 12 noyabr tarixində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən VIII Zirvə göruşündə Türk Dünya­sının Ali Ordeni ilə təltif olundu. Bu təşəbbüsün müəllifi qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmuşdur və ali mükafatı da o təqdim etmişdir.

Həqiqətən də müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi sayəsində əldə olunan qələbə öz miqyası və əhəmiyyəti baxımından bölgəmizin sərhədlərini aşır,türk dünyası kimi daha geniş coğrafi arealı əhətə edir. Cənab Rəcəb Tayyib Ərdoğanın Ali Ordenin təqdimat mərasimində səsləndirdiyi fikirlər bu baxımdan böyük məna kəsb edir : “Azərbaycanın ərazi bü­tövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.”

– Aprel döyüşlərində əsası qoyulan tarixi Qələbəmiz region­da yeni reallıqlar yaratdı...

– Şanlı Qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəszilik mühitinin for­malaşması üçün geniş imkanlar yaranıb. Prezidenti İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Danışıqlarda, ilk növbədə, iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən edilməsi, iqtisadi-nəqliyyat kommunikasiyalarının bərpası, o cümlədən, Zəngəzur dəhlizinin işə salınması, minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi və ümumən tarixi sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılması ətrafında məsələlərin müzakirə edilməsi mümkün variant olaraq nəzərdə tutulur. Taleyüklü razılaşmaların əldə edilməsi sülh müqaviləsinin imza­lanması ilə nəticələnə bilər. Bu isə, öz növbəsində, bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq mühitini formalaşdırar.

Hər zaman olduğu kimi, qeyd edilən mürəkkəb məsələlərin həllində də milli birliyimizin qo­runub saxlanılması və daha da möhkəmləndirilməsi tarixi zərurətə çevrilmişdir. Bu dəmir məntiqdən çıxış edərək, son 19 il ərzində ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatla­rın, müasirləşmənin, ugurlu xarici siyasətin və xüsusilə də pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı olan Prezident İlham Əliyev ətrafında daha sıx və monolit birlik nümayiş etdirməliyik. Bu, zamanın çağırışıdır!

Müsahibəni qələmə aldı:Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

5 Aprel 2022 06:00 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə