Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan türk dünyasını birləşdirən tarixi-coğrafi fenomendir

Mühacirət tariximiz türk araşdırmaçının gözü ilə

Beynəlxalq tədbirlərin birində tanımışdım onu. Azərbaycan mühacir ədəbiyyatının və mətbuatının məşhur nümayəndəsi, o cümlədən Azərbaycan Demokratik Respublikasının qurucularından olan, milli mətbuatla sıx əməkdaşlıq edən, elmi, siyasi-publisistik məqalələri ilə tanınan Mirzəbala Məmmədzadənin Almaniyanın Münhen şəhərindəki fəaliyyətinə həsr olunmuş məruzəsi tədbir iştirakçılarında ciddi maraq doğurduğundan ona ünvanlanan sualların da ardı-arası kəsilməmişdi.

 Moderator auditoriyaya təşəkkürlərini çatdırandan son­ra məruzəçi xanımın yenidən təqdimatına da ehtiyac duymuşdu: Sibel xanım Dəmirci. Türkiyədən kənarda yaşayan türk əsilli aydınların ictimai, siyasi fəaliyyətinin araşdırıl­masında və cəmiyyətə təqdim olun­masında davamlı fəaliyyət göstərən araşdırmaçıdır. Məmurdur, uzun illərdir ki, Türkiyə Ali Təhsil Şura­sında (YÖK) məsul vəzifədə calışır. Son dövrdə azərbaycanlı mühacir Mirzəbala Məmmədzadənin həyat və fəaliyyəti ilə bağlı maraqlı tədqiqatları ilə gündəmə gəlmişdir. Təbii ki, moderatorun bu təqdimatından sonra da Sibel xanım Dəmirci haqqında həm internet resurslarından, həm də Türkiyədəki həmkarlarımdan az-çox məlumat əldə etdim. Yəni, bu tədqiqatçının Azərbaycan mühacirətinə sevgi və marağının nələrdən qaynaqlandığını bilmək məndə ciddi maraq doğurmuşdu.

Nəhayət, 2022-ci ilin soyuq bir qış günündə Ankarada Türkiyə Ali Təhsil Şurasında Sibel xa­nımın iş otağındayam. Çox isti və qonaqpərvər münasibətinə görə minnətdarlığımı bildirirəm, beynəlxalq tədbirdəki onlayn görüşümüzü yada salıram. Çox təvazökarcasına bildirir:

–Hələ Ankara Universitetində təhsil aldığım illərdə “xarici türklər”, onların türkçülük ideyaları, bu yoldakı mübarizə və məşəqqətləri məndə sonsuz bir maraq doğurub. Elə oldu ki, hörmətli müəllimlərimdən olan professor Abdullah Gündoğ­du ilə söhbətlərim məni bu sahədə tədqiqatlar aparmağa həvəsləndirdi. Bu işə o qədər həvəslə bağlandım ki, az zamanda xeyli material və sənədlər topladım. Çox sağ olsun Abdullah müəllim, elmi rəhbərim oldu. “Türk siyasi və düşüncə həyatında Rusiya türklərinin rolu” adlı elmi işi müdafiə etdim. İki il öncə 2020-ci ildə bu əsər monoqrafiya kimi “Post Yayın Dağıtım” tərəfindən nəşr edildi və gözlədiyimdən də böyük maraq doğurdu.

–Sibel xanım, niyə Rusiya türkləri, bu deyim indiki dövrdə ziddiyyətli görünmürmü? Azərbaycan türkləri, Kazan türkləri və s. adlar elmi dairələrdə də qəbul edilib...

– Türkiyə sərhədləri xaricində yaşayan türklər haqqında məlumat və fikirlər Türkiyə Osmanlı İmperator­luğunun son dövrünə təsadüf edir və dünyada baş verən tarixi mübarizə mövzusunun populyarlığını da artırır. İlk vaxtlar buraya yalnız Rusiya­da yaşayan türk xalqları haqqında fikirlər daxil olsa da, zamanla “xarici türklər” anlayışının mənası dəyişdi. Xüsusilə Balkanlar, İraq, Kipr və s. bölgələrdə yaşayan türkləri eyni adla çağırmağa başladılar. Bu səbəbdən Türkiyə xaricində qalanlar bir adla – xaricdə yaşayan türklər adlandırı­lırdı. Adından da görünür ki, burada bütün əcnəbi türklərdən çox, Rusi­yada yaşayan türklərdən bəhs edilir. Çünki ictimai maraq və hətta türk milliyyətçiliyini oyatmaq baxımından onların – Rusiya türklərinin fəaliyyəti daha geniş mövzudur. Həm də türk­çülük və millətçilik tarixi baxımdan olduqca zəngin, amma, eyni zaman­da, araşdırmaların məhdud olduğu bir sahədir.

Rusiya türkləri fenomeni mənşəyi baxımından türkçülük ideologiyasının əvəzsiz bir parçasıdır. Türk millətçiləri bu fenomeni tarixi prosesdə mənimsəmişlər. Türk dünyası anlayışı türk xalqlarını bir bütövün parça­ları kimi təqdim edir və birləşdirici xüsusiyyətə malikdir. Bu baxımdan türk birliyi fikri türk millətçiliyi və türk­çülük ideyasından ayrılmır və moti­vasiya təmin edən bir anlayış olaraq qəbul edilməlidir.

–Eyni zamanda, bu dövr həm də “turkçülük-turançılıq” ideyasının meydana gəldiyi fərqli bir zaman­dır. Belə demək mümkünsə, ilk dəfə idi ki, sizin dediyiniz Rusiya türkləri ilə bir araya gələn Osman­lı türklərinin dili və mədəniyyəti ortaq mirasa çevrilirdi.

–Türkçülüyün tarixi ilə bağlı araş­dırma aparan hər bir tədqiqatçı, ilk növbədə, türkçülük tarixini düzgün və əhatəli bilməlidir. Çünki Türkiyədə bu məsələni sədaqətlə və dürüst əhatə edən düşüncə türk millətçiliyidir. Eləcə də xaricdə yaşayan türklər haq­qında bilgiləri və fəaliyyəti dövründən asılı olmayaraq türk millətçiliyindən ayırmaq mümkün deyil.

Rusiyada XIX əsrin əvvəllərində türklər arasında dil və təhsildə bir canlanma başladı. Bu mənada mo­dernist sayılan ilk şəxs Şahabəddin Mərcanidir (1815–1889). Kazan tarixini yerli türkcədə yazan Mərcani Kazan müsəlmanlarına acı bir dillə, amma sərt və aydın ifadələrlə dinlə yanaşı, millətin də varlığını anlada bilmişdir. Mərcaninin ideyalarını dəyərləndirən İsmayıl Qaspralı onun ardınca gedərək, 1883-cü ildə azərbaycanlı milyonçu Tağıyevin dəstəyi ilə “Tərcüman” qəzetini nəşr etdi və türklərin maariflənməsi yolunda ilk addımını atdı. Nüfuzlu bir ailədən olan Qaspralı özü Balkan­lardan Çinə qədər hər kəsin anlaya biləcəyi İstanbul türkcəsi mənşəli bir dil nəzərdə tutmuş və “Usuli- cədid” adlı bir təhsil sistemi qurmuşdur. O, “Dildə, fikirdə və işdə birlik” şüarı ilə sxolastik düşüncəyə qarşı müasir təhsilə əsaslanan transformasiyanı nəzərdə tuturdu. Mahiyyət etibarı ilə bu, ilk növbədə, Rusiyadakı bütün müsəlmanları birləşdirən amil olacaqdı.

Türk millətçiliyinin tarixi fonu və türkçülüyün meydana çıxması ilə Rusiyadakı türk xalqları arasında “maariflənmə” prosesi güclənmişdir. “Turkçülük-turançılıq” ideyası ilk dəfə idi ki, Rusiya türkləri ilə bir araya gələn Osmanlı türklərinin dili və mədəniyyətini ortaq miras kimi təsdiq edir. Qısaca, yeni “şüur dövrü” adlan­dırılan bu mərhələ 1911–1918-ci illər arasında Balkan müharibəsi və Gənc Türk hökuməti dövründə nüfuzunu daha da artırdı.

Atatürk dövründə türk millətçiliyi və bu anlayışa bağlı olaraq dəyişən xarici siyasət kursunda türk feno­meni də yer alır. Burada məsələ ancaq Rusiyada yaşayan türklər ilə məhdudlaşmır. Cümhuriyyət dövründə həyata keçirilən siyasət sərhədlər xaricində qalan bütün türklər üçün keçərli olur. İkinci dünya müharibəsindən sonra 1945–1960-cı illər arasında Türkiyənin xarici siyasəti, Sovet İttifaqı və ABŞ ilə münasibətləri, Rusiyada yaşayan türk əsilli xalqların sovetlərə qarşı mübarizələri, ABŞ-ın “Rusiya türkləri” məsələsinə münasibəti araşdırmaya cəlb olunub.

–Mənim üçün maraq doğuran bir fakt da var ki, siz Azərbaycanda türkçülük ideyalarının təşəkkül tarixindən də ətraflı bəhs etməyə çalışmısınız.

–Türkçülük tarixini Türkiyədən və Osmanlı torpaqlarından kənarda ən sistemli şəkildə təsvir edən böyük türk ziyalısı Yusuf Akçuradır. Yusuf Akçura Türk dünyasının maarifçilik tarixini araşdıran və yazan, hətta o illərin coşqun mübarizə aparan adamı kimi tanınmışdır. O, həm siyasi, həm də ideoloji mübarizəsində türkçülük tarixinə mühüm töhfələr vermişdir. Yusuf Akçuraya görə, millilik ideyası Avropadan gəlsə də, İdil hövzəsində yaşayan Qərb türkləri, Krım türkləri və Quzey türkləri ilə birlikdə Qafqazdakı Azərbaycan türkləri arasında meyda­na çıxıb.

Akçura Orta Asiyada 1870-ci ilə qədər şüurlu türkçülüklə qarşılaşma­dığını bildirir və Azərbaycan türkləri arasında Mirzə Fətəli Axundzadəyə (1811–1878) diqqət çəkir. Axundzadə, 1850–1855-ci illər arasında yerli türk ləhcəsi ilə, Avropa üslubunda bir neçə komediya yazmış və 1863-cü ildə İslam əlifbasında islahatlar apar­maq üçün İstanbula gəlmişdir. İslam əlifbasının islahı haqqında əsərini Sədr--əzəm Fuad Paşaya təqdim etmişdi.

Bu sırada Azərbaycan maarifçili­yinin daha möhtəşəm bir simasının adını çəkməmək mümkün deyil: Məlikzadə Həsən bəy Zərdabi 1875-ci ildə “Əkinçi” qəzetini nəşr etdirmiş­dir. Böyük turançı mütəfəkkir Əli bəy Hüseynzadə Azərbaycan milli mətbuatının banisi Zərdabinin əsas amalının nədən ibarət olduğunu belə ifadə etmişdi: “Aləmi-islam bir qaran­lıq içərisində qaldığı zaman Həsən bəy Zərdabi əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışırdı. Bu məşəl milli oyanışa, tərəqqiyə, istiqlala yol açan maarif işığı idi”.

Türkçülüyün yeni bir mərhələsi 1897-ci il türk-yunan müharibəsindən sonra formalaşan dövrdür. Bu zaman siyasi mühitdə önəmli türkçülərin ön plana çıxdığını görürük. Bu insan­lardan bəziləri – Şəmsəddin Sami, Nəcip Asım bəy, Bursalı Tahir bəy, şair Mehmet Emin, siyasi arenada Tu­nalı Hilmi bəy, Yusif Akçura ilə yanaşı, Əli bəy Hüseynzadə və Əhməd Ağa­oğlunun fəaliyyətlərini görürük. Bunlar da sübut edir ki, 1900-cü illərdə türkçülük artıq dillə bağlı bir anlam deyildi, həm də ideologiya kimi forma­laşırdı. Yeri gəlmişkən deyilməlidir ki, Əli bəy Hüseynzadə Turan ideyasın­dan, türklərarası birlik yaratmaqdan ilk danışanlardandır.

Başqa bir misal, “Türk yurdu” dərnəyi tərəfindən nəşr edilən “Xalqa doğru” dərgisinin yazarları sırasında Xalidə Ədib, Yusuf Akçu­ra, Hamdullah Sübhi, Kazım Nami, Fuad Köprülüzadə, Ziya Göyalp və Məmduh Şövkət kimi türk millətçiliyi düşüncəsinə sahib olan məşhur zi­yalılar sırasında Əhməd Ağaoğlunun, Əli bəy Hüseynzadənin, Məmməd Əmin Rəsulzadənin imzaları yer almaqdadır. Bu kimi faktların sayını artırmaq da olar, amma görünən budur ki, Azərbaycan böyük türk dün­yasının önəmli bir parçası olduğunu həmişə sübut etmişdir. Azərbaycan Türk dünyasını birləşdirən tarixi-coğ­rafi fenomendir.

Bu gün də bu ənənə davam etməkdədir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Bu günün reallıq­larına baxanda da ilk görünən budur ki, Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Eyni kök, oxşar mədəniyyət, dil, din, ortaq adətlər və milli dəyərlər Azərbaycan–Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir.

–Sibel xanım, bildiyim qədər Azərbaycanla bağlı tədqiqatlarınızı davam etdirirsiniz, bu barədə danışın...

–Azərbaycanla bağlı son araş­dırmalarım mühacir həyatı yaşayan Mirzəbala Məmmədzadəyə aiddir. Bu insan mənim üçün sıradan bir şəxsiyyət olmamışdır. Həyat və fəaliyyətinə nəzər saldıqca yoxdan var olan, zəngin, amma məşəqqətli bir həyat yolu seçən dəyanətli bir insanın taleyi ilə üz-üzə qalırsan. Onun Almaniyadakı fəaliyyəti məni daha çox cəlb etdi. O, 1954-cü ildən Münhendəki SSRİ-ni öyrənən institutda çalışmış, burada iki il elmi şuranın sədri, iki il isə sədr müavini vəzifəsini icra etmişdi. Türkiyənin bir çox qəzet və jurnallarında da onun SSRİ-dəki totalitar rejimi kəskin tənqid edən məqalələri dərc olun­muş, Azərbaycanda yeridilən ruslaş­dırma siyasətinin (dil, mədəniyyət, ədəbiyyat və s. sahələrdə) mahiyyəti açıqlanmışdır. Bir faktı da qeyd edim ki, Məhəmməd Əmin Rəsulzadənin vəfatından (1955) sonra “Müsavat” partiyasına və Azərbaycan Milli Mərkəzinə M.B.Məmmədzadə rəhbərlik etmişdir.

–Sonuncu sualım... Sirr deyilsə, Azərbaycan mühacirətinə sevgi və marağının nələrdən qaynaqlandığı­nı bilmək istərdim.

–Təşəkkür edirəm, əgər belə bir sevgini duya bilmisinizsə çox məmun oluram. Əslində, yerindən, məkanından asılı olmayaraq, hər bir türk övladı mənim üçün əzizdir. Bu sırada qazax da, türkmən də, qırğız da, özbək də, uyğur da var və bu siyahını xeyli uzatmaq olar. İlk araşdırmalarım Rusiyada yaşayan türk xalqlarının fikir adamları ilə bağlı idi. Amma Azərbaycan türklərinin mü­hacir həyatını öyrənmək, sadəcə, bir tale işi oldu. Ola bilsin, burada bir qan yaddaşı da rol oynayıb. Qeyd edim ki, atam Əziz Dəmirci Ərzurum əsillidir. Bir məsələni də deyim ki, araşdır­malarıma yekun vurandan sonra Azərbaycana gəlmək, o cümlədən Mirzəbala Məmmədzadənin vətənini ziyarət etmək arzusunda olmuşam.

Azərbaycan Ordusunun qazandığı Böyük qələbədən və tarixi torpaqları işğaldan azad etməsindən sonra bu sevdam daha da artdı. Əslində, 30 ilə yaxın davam edən bir işğal dövründən sonra Qarabağın azad edilməsi 84 milyonluq Türkiyənin də arzusu idi. Bu gün isə ölkələrimizi birləşdirən Zəngəzur dəhlizinin açılacağı tarixi günü səbirsizliklə gözləyirik. İndi biz içimizdən gələn bir duyğu ilə “Can Azərbaycan!” deyirik. Azərbaycan bütün Türk dünyasının ən çox söz açdığı, hər bir türkün getmək, görmək arzusunda olduğu bir məkana çevrilib. Ümidvaram ki, qardaş ölkəni ziyarət etmək tezliklə mənə də qismət olacaq.

–Maraqlı müsahib oldunuz, çox sağ olun. Ən yaxın vaxtlarda Sizi Azərbaycanda – Bakıda, Şuşada görmək çox xoş olardı.

Namiq ƏHMƏDOV,

 “Xalq qəzeti”

Ankara – Bakı

10 Mart 2022 00:16 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə