Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi: Əlverişli nəqliyyat infrastrukturundan narkoqaçaqmalçılar da istifadəyə cəhd edir

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin təşkilatçılığı ilə “Narkotik vasitələrin və psixotrop maddələrin beynəlxalq xarakter daşıyan qanunsuz dövriyyəsi: yayılma arealı və mövcud daşınma kanalları” mövzusunda vebinar keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, vebinara ÜGT-nin Avropa Regionunda təmsil olunan 30 ölkənin gömrük administrasiyalarının 296 nümayəndəsi qatılıb.

Tədbirdə DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov, Mərkəzi Asiya Regional İnformasiya-Əlaqələndirmə Mərkəzi (CARICC), BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Narkotiklərlə Mübarizə üzrə Tədris Akademiyası (NEA), ATƏT-in Bişkek Ofisinin ekspertləri və ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ÜGT-nin Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Eser Çengel vurğulayıb ki, təmsil etdiyi qurum regionda potensialın gücləndirilməsi mərkəzi olaraq üzv ölkələrin gömrük xidmətlərinə onların tələbatları nəzərə alınmaqla müvafiq dəstək tədbirlərini həyata keçirir. Qeyd edilib ki, ötən ilin martında baş tutan “Qaçaqmalçılığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin prioritetləri” mövzusundakı vebinara göstərilən maraq bugünkü vebinarın keçirilməsini şərtləndirən əsas amillərdəndir.

Tədbirdə çıxış edən DGK sədrinin müavini Əsgər Abdullayev vebinarın əhəmiyyətindən danışıb və BMT-nin aidiyyəti qurumlarının yayımladığı hesabatlara əsasən COVID-19 pandemiyasına rəğmən dünyada və regionda narkoşəraitin mürəkkəbləşdiyini diqqətə çatdırıb. Komitə sədrinin müavini belə bir şəraitdə narkotiklərin qanunsuz dövriyyəsinə, yayılma arealına, daşınma kanallarına, üsul və metodlarına, eləcə də narkotiklərlə mübarizədə əldə edilmiş qabaqcıl təcrübəyə, nailiyyətlərə, problemlərə, perspektiv baxışlara həsr olunmuş bu tədbirin xüsusi əhəmiyyət daşıdığını bildirib, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəli təşkili baxımından faydalı olacağını qeyd edib.

DGK-nın ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisindəki nümayəndəsi Mirhəsən Seyidzadə Regional Ofisin beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətindən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı əlaqələrin və regional müzakirələrin önəmindən danışıb.

Sonra BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) eksperti Thomas Pietschmanın “Regional və qlobal səviyyədə COVID-19 pandemiyasından əvvəl və pandemiya dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi”, Narkotiklərlə Mübarizə üzrə Tədris Akademiyasının (NEA) eksperti Mehmet Fatih Uçarın “Çirkli pulların yuyulması və narkotiklərin qanunsuz dövriyyəsindən əldə olunan gəlirlərə qarşı mübarizə kimi “Bataklık” əməliyyatı”, Mərkəzi Asiya Regional İnformasiya-Əlaqələndirmə Mərkəzinin (CARICC) eksperti Tatiana Evdokimovanın “Beynəlxalq narkotrafik - narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə son tendensiyalar”, ATƏT-in Bişkek Ofisininin (OSCE) eksperti Dinara Bekievanın “Qırğızıstan Respublikasında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cari vəziyyət və onun inkişaf tendensiyaları” mövzularında təqdimatları dinlənilib.

Tədbirin plenar iclasında “Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əldə edilmiş nailiyyətlər” mövzusunda çıxış edən DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov bildirib ki, son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr nəticəsində Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib və yaradılan əlverişli infrastruktur hesabına bu nəqliyyat dəhlizləri ilə daşınan yüklərin, sərnişinlərin və nəqliyyat vasitələrinin həcmi artıb.

Baş İdarənin rəisi vurğulayıb ki, əlverişli nəqliyyat infrastrukturundan narkoqaçaqmalçılar da istifadəyə cəhd edir və bu cəhdlərin qarşısının alınması istiqamətində görülən qətiyyətli tədbirlər nəticəsində 2021-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub.

Məsum Rəsulov qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar sərnişinlərin sərhədkeçmə prosesinə tətbiq olunan məhdudiyyətlər səbəbindən faktların sayında azalma müşahidə olunsa da, əsasən yükdaşımalarla bağlı qanunsuz dövriyyədən götürülmüş narkotiklərin miqdarında kəskin artım qeydə alınıb. Gömrük orqanlarının səmərəli fəaliyyəti nəticəsində ötən il 3 ton 43 kiloqram 507 qram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb, 2020-ci illə müqayisədə 2021-ci ildə aşkar edilən narkotik vasitələrin miqdarı 2 dəfədən çox artıb. Ümumilikdə isə gömrük orqanları tərəfindən 2019-2021-ci illər ərzində 6 ton 522 kiloqram 640 qram əsasən təhlükəlilik dərəcəsi yüksək olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. O da ifadə olunub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizənin təşkilində beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi önəm daşıyır və Azərbaycan gömrüyü bu istiqamətdə zəruri tədbirlər həyata keçirir.

Sonda vebinarda müzakirə edilən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

5 Mart 2022 11:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə