Ən son xəbərlər
Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişmişdir. Mən əminəm ki, gün gələcək, Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Qətliamın otuzuncu ildönümünü ötən illlərdə olduğu kimi, qəm-qüssə, kədərlə deyil, qürurla qarşıladıq. Çünki artıq xocalıların qanı yerdə qalmadı. Bütövlükdə, bütün şəhidlərimizin, qətlə yetirilmiş günahsız insanların qanı yerdə qalmadı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Ermənistanın işğalçılıq siyasətinə son qoydu və düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Qəhrəman hərbçilərimizin şücaəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə mərdliklə sinə gərən ölkəmiz haqq-ədalət uğrunda mübarizəsini sona qədər davam etdirdi.
Bu tarixi Qələbə Xocalı qətliamının ildönümünü qürurla qarşılamağımıza şərait yaratdı və erməni təxribatlarına layiqli cavab oldu.Prezident İlham Əliyevin 2022-ci il yanvarın 28-də imzaladığı “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” sərəncamında da qeyd edildiyi kimi, Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan azad edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpası uğrunda Vətən müharibəsinə qalxdı.
Sanki günahsız insanların qanına susamış ermənilər Vətən müharibəsinin gedişatında da Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə aldı. Bununla da bir daha sübut etdi ki, zaman və metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir.
Ermənistan zaman-zaman Azərbaycan ərazilərinə göz dikmiş, müxtəlif dövrlərdə xalqımıza qarşı dəhşətli faciələr törətmişdir. Ermənilərin qatı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq, bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar (Azərbaycanlılara qarşı etnik dözümsüzlük sonrakı illərdə də davam etmişdir). Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən ermənilər 1905–1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918–1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə--yeksan edilmişdir.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948–1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür–Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlanan Qarabağ hadisələri, erməni ideoloqlarının “böyük Ermənistan” adlı dövlət yaratmaq kimi sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağıdılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Məhz Xocalı faciəsi də bu iştahanın nəticəsi olmuşdur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdilər.
Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşilib. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən, Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.
Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Belə ki, bu, təkcə Azərbaycan xalqına qarşı qətliam deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş soyqırımı idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü elan etdi.
İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz ədalətli hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.
Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu, xüsusilə, fondun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır.
Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, eləcə də, ABŞ-ın 24 ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildən qüvvəyə minən konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.
Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi beynəlxalq aləmdə də soyqırımı kimi tanınacaq. Ermənistan üzərində qazandığımız tarixi Qələbə bu reallığa zəmin yaradıb.
Mehman İSMAYILOV,
politoloq
Köhnə versiyamızdan xəbərləri izlə