Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xocalı şəhidlərinin qisası qiyamətə qalmadı”

Şair-dramaturq Əvəz Mahmud Lələdağ erməni vəhşiliyinin canlı şahidi olan soydaşlarımızdandır. 1935-ci ildə Ermənistanın Qarakilsə rayonunun Ağüdü kəndində anadan olub. Uşaq yaşlarından erməni xislətinin iç üzünü görüb. Ata-babasından erməni qaniçənliyi barədə eşitdiklərini, öz gözləri ilə gördüklərini yaddaşına köçürüb. Əvvəlcə bu mövzuda ilk şeirlərini qələmə alıb, sonra elmi-tarixi araşdırmalar aparıb, kitablar yazıb. Hazırda SDU-da müəllim olan müsahibimiz mətbuatda müntəzəm çıxışlar edir. Xocalı faciəsinin 30 illiyi ərəfəsində Əvəz müəllimlə söhbətimizin əsas mövzusu nankor qonşularımızın xalqımıza qarşı törətdiyi qətliamlar, xəyanətlər və bu müsibətlərin dünyada tanıdılması barədədir.

–Əvəz müəllim, şer və poema­lardan, dram əsərlərindən ibarət 22 kitabın, 600-dək elmi-publi­sistik məqalənin müəllifisiniz. Erməni faşizmindən bəhs edən “Ümumbəşəri bəla – erməni xəstəliyi” “Xocalı harayı”, “Ölməyə vətən yaxşı”, “Dünya, hara gedirsən” və sair kitablarınızı, azərbaycanlıların soyqırımı, Sumqayıt hadisələri, fitnəkar erməni xisləti haqqında məqalələrinizi oxucular maraqla qar­şılayıblar. Ermənilərin zaman-zaman xalqımızın başına gətirdiyi faciələr Azərbaycan dövləti tərəfindən ardıcıl olaraq beynəlxalq hüquq müstəvisinə çıxarılır, cinayətkarların ciddi cəzalandırılması tələb olunur. Elə qələm sahiblərimizin ifşaedici yazıları da davamlı olaraq dünya ictimaiyyətinin nəzərinə çatdırılır. Amma hələ də faciəni törədənlər layiqli cəzalarını almayıblar. Fikirlərinizi bilmək istərdik.

–Azərbaycanlıların dədə-baba yurdlarından deportasiyası da, Xocalı qətliamı da erməni faşizmi zəncirinin halqalarıdır. Ədalətsiz dünyanın güc mərkəzlərinin müsəlmanlara, o cümlədən azərbaycanlılara qarşı total hücumlarının icraçıları olan ermənilərin beynəlxalq hüquqa görə layiqincə cəzalandırılması bir qədər inandırıcı gö­rünmür. Amma haqq var, haqqın divanı var və Allah heç zaman günahkarları cəzasız qoymur, bu və ya digər şəkildə suçlarının bədəlini ödəməli olurlar. Elə götürək 44 günlük Vətən müharibəsini. Erməni işğalçıları havadarlarına arxayın olub nə qədər döşlərinə döysələr də, bu savaşda rəşadətli Azərbaycan Ordusundan layiqli cavablarını aldı­lar, eyni zamanda, Xocalı şəhidlərinin qisası da, necə deyərlər, qiyamətə qalmadı. Bu gün Ermənistan çox miskin bir durumdadır, dövlətin ölüm-qalım məsələsi gündəmdədir. Biz də mübarizəmizi davamlı olaraq aparmalı, erməni barbarlığını, vandalizmini bütün cəhətləri ilə dünyaya car çəkməkdə davam etməliyik. Xocalı faciəsinin 30 illiyi ilə bağlı bu yöndə təbliğatın gücləndirilməsi də elə bu mərama, bu qayəyə xidmət edir.

–Sizi 40 ildir ki, tanıyıram, bir şəhərdə yaşayırıq. Əsərlərinizi oxumuşam. Sumqayıt teatrının səhnəsində yeddi pyesinizin tamaşa­sına baxmışam. Sözügedən mövzuda yazdığınız “Tələ”, “Dağlarda tufan”, “Qorxaq”, “Batmanla gələn dərd”, “Burda bir el vardı”, “Haray, dün­ya, haray, mənim Koroğlu babam” pyesləriniz uğurlu səhnə həllini tapıb. Seyrçilərin həmin tamaşalar­dan necə gözüyaşlı çıxdığının şahidi olmuşam.

–Elədir. Bu mövzuda yazmaqdan yorulmuram. İstəyirəm ki, xalqımız, gənc nəsil başımıza gətirilən faciələri dərindən bilsin. Hansı naşükür və nankor xalqla qonşu olduğumuzu unut­mayaq. Mən qədim Zəngəzurdakı əzəli yurdlarımızın toponimləri barədə də çox yazmışam. Yaşadığımız ağrı-acılar qələmə aldıqlarımın baş mövzusu olub:

Qanqallı yaylağı, Leyli bulağı,

Sinəmi göynədir Bəryabad dağı.

Çalmalı təpəsi, a Murğuzbağı,

Nə müddətdir sizi görə bilmirəm.

“Xocalı harayı” adlı tarixi dramımda 22 yaşlı Mələyin faciəsi təsvir olunub. Orada Koçaryanın Ohanyana və Xaça­tura söylədikləri heç də yazıçı uydur­ması deyil: “Ara, şandığa, 613 nəfər ölü azdır. Öldürdüyünüz 106 qadından soyduğunuz qızıllar hanı bəs?.. Yüz dəfə demişəm, sırğaları qulaqdan dartın qopardın, barmaqları kəsib üzükləri çı­xardın, qolbağı çıxmasa, biləkləri kəsin götürün. Ara, a şan dığa, bundan artıq nə istəyirsən?”

Tamaşanın başqa bir yerində Balayan deyir: “Biz Xaçaturla Xocalı şəhərində bir türk evinə girdik. Bizim əsgərlər tərəfindən qollarından pəncərə çərçivəsinə mıxlanmış 13 yaşlı bir türk uşağını gördük. O qışqırırdı. Onun zəhlətökən səsini eşitməmək üçün Xaçatur yeniyetmənin anasının kəsilmiş döşünü onun ağzına dürtdü. Sonra Xaçatur onu balta ilə tikə-tikə doğradı, ac itlərə atdı”.

Girov götürülmüş Mələyin ona ya­xınlaşmaq istəyən Robertlə dialoqu da dəhşət saçan səhnədir:

Mələk: – Sənin qanın zəhərdi, ilan südü əmmisən. Səndəki ürək deyil, kin, paxıllıq yuvasıdır. Ən vəhşi heyvanlar belə çağalara toxunmur. Xəyanətkar, çörək itirən qurumsaq, duza gedirsən hələ.

Koçaryan: – Sən bu türk qızında dilə bax e?

Mələk: – Qolları qələm vuran, barmaqları sındıran, başkəsən vəhşilər. Yerdə qalmaz bu qisas. Sənin qəlbin daşdı, daş, ürəyin kin yuvasıdır. Anan, bacın nişanlın bir gün ağlar qalacaq (o, döşündəki körpəni göstərir). Bu günah­sız körpənin axı nədir günahı?

Koçaryan: – Onun günahı türk olma­sıdır, türklər yer üzündən silinməlidir!

Mələk nifrət dolu baxışlarla onun murdar üzünə tüpürdü.

Davud: – Ara, Robert, onu niyə hürdürürsən? (o avtomatın bir daraq gülləsini boşaltdı Mələyin bədəninə. Körpə qaynaq oldu Mələyin sinəsinə)...

–Əvəz müəllim, Ermənistanı monoetnik respublikaya çevirmiş bədnam qonşularımız Qarabağa da göz dikdilər, Xocalı faciəsini törətdilər. Layiqli cəzalarını da aldılar. İndi yenə də revanşist çıxışlar edir, sülh müqaviləsi imzalamaqdan hər vəchlə yayınırlar. Nədəndir ki, onlar dinc yanaşı yaşamaq istəmir, elə hey qonşularına qarşı ərazi iddiaları qaldırırlar?

– Ermənistan daim müharibə cinayətləri törətməkdə maraqlı olub. Dünya gücləri tərəfindən bir alət kimi istifadə olunduğunun fərqində deyil. Bəşəri ideyalar bu haylara yaddır. Həm də hələlik beynəlxalq miqyasda lazımi təpki görməyiblər. Utanmadan, həyasızcasına Qarabağa yiyələnmək eşqinə düşmüşdülər. Xocalı faciəsini də xalqımızın gözünü qırmaq üçün törədiblər. Mənhus niyyətləri öz baş­larında çatladı. İşğalçılığın nəticəsini gördülər. Amma yenə də abır-həya etmirlər. Buna görə də zəlil günə düşüblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri o dövrdə Xankəndi şəhərində yerləşən 366-cı sovet motoatıcı alayının bilavasitə iştirakı ilə altı min nəfərdən çox azərbaycanlının yaşadığı Xocalı şəhərinə bütün istiqamətlərdən hücum etdilər. Aylardı ki, Xocalı nankor qon­şular tərəfindən mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstə, yaralı, qoca, qadın və uşaq vardı. Əksəriyyətini vəhşicəsinə qırdılar. Şəhəri yerlə-yeksan etdilər. Bu, onların Qarabağda törətdiklərinin zirvəsi idi.

Azərbaycanın Müdafiə Nazirliyinin tibbi xidmət rəisi Xanlar Hacıyev xidməti işi zamanı çox ölüm və əzablarla qarşılaşsa da, Xocalıda törədilmiş vəhşiliklərdən dəhşətə gəlmişdi. Don­muş qızın üzünün bıçaqla kəsilməsi, döyüşçünün bağırsaqlarının çıxarıla­raq qarışdırılması bu cür vəhşiliklərə misaldır.

–İnsanın insana qarşı bunca rəzalət törətməsi nə deməkdir?

–Əhməd bəy Ağayev yazırdı: “Yer üzərində Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı varsa, onlar başqa heyvanları parçalayırlar, amma öz həmcinslərinə toxunmurlar. Vəhşi hey­vanların etmədiklərini ermənilər etdilər. Tarixdə buna bənzər heç bir hadisəyə rast gəlməmişik”.

Erməni quldur dəstəsinə yardım­çı olan 366-cı sovet motoatıcı alayın komandiri Zaqviqarov, separatçılara həvəslə silah-sursat verən general-polkovnik Qromov, general-leytenant Qrekov və polkovnik Qraule də Xocalı­da döyüşlərdə iştirak ediblər. Günahsız azərbaycanlıları həvəslə güllələyənlər arasında Baylukov, Moifeyev, Novatix, Mirzoxalvarov, Qarmaş və başqala­rı da olublar. Dinc əhalini meydana yığıb güllələyiblər. Fevralda Xankəndi şəhərinə xeyli sayda uçuşlar olub. Pilotlar muzdla tutulmuş Suriya və Livan erməniləri idi. Həmin vertolyot­lar 1992-ci il fevralın 22-də Xankəndi şəhərinə uçuş edərək 366-cı motoatıcı alayın tərkibinə qatılıblar. Onlar fevralın 25-də saat 16-dan başlayaraq Xocalını vurmaq üçün 89 ədəd raket buraxıb­lar. Həmin gün Zahid əl-Məhəmməd və Suren Pirimyan döyüşdə fəallıq göstərdiklərinə görə “Qızıl Xaç” ordeni ilə təltif olunublar. General-leytenant Qrekovun verdiyi məlumatda deyilir: “Xocalı ərazisini azərbaycanlı yaraq­lılardan təmizləmək üçün “Qrad” və “Uraqan” tipli artilleriya qurğularından istifadə olunmuşdu”. Azərbaycanlılara qarşı törədilən ağlasığmaz vəhşilikləri Fransadan gəlmiş operatorlar Jül Ba­rilyan və Şerik Staryan çəkiblər. Onlar güllələnmiş xocalıların meyitlərinin 02-19 MM nömrə nişanlı “KamAZ” avtoma­şınında gətirilib tonqallarda yandırılması səhnəsini çox soyuqqanlılıqla lentə alıb­lar. Ona görə ki, qanlarında, canlarında azərbaycanlılara qarşı ölçüyəgəlməz dərəcədə kin-küdurət var idi.

–Bədnam Zori Balayan da orada olub...

–Qələm əhli olsa da, canilərin canisi sayılan Zori Balayan 1935-ci ildə Xankəndidə anadan olub, orada boya-başa çatıb, Azərbaycanın suyunu içib, havasını udub. İxtisasca həkim idi. Lakin bu sənətin ardınca getməyib, insanlara şəfa verməkdən gen düşüb. Uzun müddət "Komsomolskaya pravda" qəzetində müxbir işləyib. Azərbaycan xalqına qarşı böhtan xarakterli yazılar yazmaqla məşğul olub. Yaxşı yadım­dadır, 1963-cü il oktyabr ayının 16-da “Komsomolskaya pravda” qəzetində dərc etdirdiyi məqaləsində yazmışdı: “Ermənistan SSR-in dilbər guşələrindən olan Şuşa şəhəri, oradakı mədəniyyət abidələri oranın erməni xalqının qədim yaşayış məskəni olmasından xəbər verir...”

Düzü, o zaman bu məsələyə ciddi yanaşılmadı, əhəmiyyət verilmədi. Millətlərarası ədavət yaradan bu cani bir-birinin ardınca azərbaycanlıların heysiyyətinə toxunan əsərlər çap etdirirdi. 1984-cü ildə 20 min tiraj­la buraxılan “Ocaq” kitabı, 1986-cı ildə çapdan çıxan “Yolda” povesti və nəhayət, 1996-cı ildə “Ruhumuzun canlanması” kitabı işıq üzü gördü. So­nuncu kitabında cəhənnəmlik Balayan Xocalı şəhərində bir uşağı şəxsən necə qətlə yetirməsini təsvir edib. Baxın: “Mən onun başının, qarnının və sinəsinin dərisini soydum. Sonra saata baxdım. Yeddi dəqiqədən sonra türk balası çoxlu qan itirməsi nəticəsində öldü. Mən həkim olduğum üçün bu hərəkətimə bir o qədər sevinmədim. Məni sevindirən o idi ki, xalqımın qisasını aldım. Axşamçağı daha üç türk yeniyetməsini bu yolla qətlə yetirdik. Sonra dostum Suren dedi: "Biz yırtıcı deyilik, ona görə də ürəyimizi buz kimi saxlamalıyıq. Türk cəlladlarının qətlə yetirdikləri ermənilərin ruhları az da olsa sakitləşəcək".

Livandan, Suriyadan, Beyrutdan gələn muzdlu əsgərlərdən biri, erməni Daud Xeyriyanın "Xaç naminə" kitabın­dan da bir hissəni nəzərinizə çatdır­maq istərdim: "Bir şaxtalı qış günündə erməni işğalında olan ərazidəki Daşbulaq yaxınlığından 1 kilometr bataqlığı keçmək üçün meyitlərdən körpü salmalı olduq. Mənim meyitlərin üstündən keçmədiyimi görən polkovnik Seyran Ohanyan (sonra müdafiə naziri oldu) mənə bildirdi ki, qorxmaq lazım deyil, bu, müharibənin qanunudur. Mən qana bulaşmış meyitlərin üstündən keçib getdim".

Daud Xeyriyan yazır: “Martın 2-də “Qaflan” erməni qrupu 200-dən artıq azərbaycanlı meyitini yığıb Xocalıdan təxminən 1 km aralı olan qəbiristanlıqda yandırdı. Axırıncı maşında mən alnın­dan və qolundan yaralanmış 10 yaşlı bir qız uşağı gördüm. Sifəti göyərmiş bu uşaq aclığa, soyuğa, yaralarına baxmayaraq, hələ də sağ idi. O, sakitcə nəfəs alırdı. Ölümlə çarpışan bu uşağın baxışlarını unuda bilmirəm və heç vaxt unutmayacağam. Bir qədər sonra Tiq­ran adlı əsgər qızın saçlarından tutub alovlanmaqda olan meyit tonqalına atdı. Mənə elə gəlirdi ki, yanan meyitlərin arasında kimsə qışqırır, köməyə çağırırdı. Bu vəhşiliyi gördükdən sonra mən daha yeriyə bilmədim”. Bu, erməni vəhşiliyinə erməninin etirafıdır!

Xocalıda törədilən erməni cinayətkarlığı dünya tarixində analo­qu olmayan ən dəhşətli genosid idi. Əminəm ki, qana susamış bu vəhşilər özlərinin layiqli cəzalarını alacaqlar.

– Müsahibəyə görə sağ olun.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”

27 Fevral 2022 01:27 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə