Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qan sızan yaramız – Xocalı

...Qarşımda qara cildli, iri həcmli bir kitab var. “Xocalı soyqırımı: Milyon imza – bir tələb” adlanır. Azərbaycan, ingilis və rus dillərində nəfis tərtibatda çap olunmuş bu kitab, adından da göründüyü kimi, 1992-ci ilin fevralında baş vermiş “Əsrin faciəsi”nin dəhşətlərinə həsr olunmuş və qətliamı törədənlərin haqq divanına çəkilməsi tələbi ilə geniş yayılmışdı. Oxuduqca unudulmaz müdhiş səhifələr göz önündə canlanır, faşizmin bəşəriyyət üçün necə böyük bəla olduğu qənaəti daha da güclənir. Xocalıda amansızlıqla qətlə yetirilən, itkin düşən, girov götürülən soydaşlarımı­zın – qoca, qadın və uşaqların siyahısına baxınca yenidən dəhşətə gəlirəm, qəzəbdən əllərim əsir və XX əsrin sonunda belə bir vəhşilik aktını həyata keçirməyə cəsarət edənləri dönə-dönə lənətləyirəm.

Milyon imzalıq həmin petisiyanın nə ilə nəticələndiyini bilmirəm. Bir onu bilirəm ki, Xocalı faciəsi ilə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Beynəlxalq Konvensiyanın tələbləri bütünlüklə pozulub, bu hadisə Ovsensim, Holokost faşist həbs düşərgələrində, Qvatemalada, Burundidə, Ruandada, Şərqi Timorda, Somalidə, Xorvatiyada, Bosniya və Hersoqovinada... törədilmiş kütləvi qətliamlarla bir sırada durur. Fərq ondadır ki, sadalanan ölkələrdə bəşəri cinayətləri törədənlərin əksəriyyəti layiqli cəzalarını alsalar da, Xocalı qətlləri hələ də dünyada hamılıqla və birmənalı olaraq soyqırımı kimi tanınmayıb, qatillər isə məhkum olunmayıblar. Yalnız 10-dan çox ölkə bu soyqırımını rəsmən tanıyaraq təsdiq edib.

Xocalı qətliamının bütün dünyada tanıdılması prosesi davam edir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib - video, fotomateriallar kifayət qədər geniş auditoriyaya təqdim olunub. Dünya görür ki, Azərbaycan xalqı XX əsrin sonunda necə ağlagəlməz soyqırımına məruz qalıb. Təsəllimizi bir də onda tapırıq ki, 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu Qarabağı işğaldan azad edərək, hərbi təcavüzü törədənləri layiqincə cəzalandırmaqla Xocalı qurbanlarının da qisasını ala bilib. Ötən ilin fevralında Prezident İlham Əliyev jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib ki, biz Xocalı faciəsi qurbanlarının qisasını döyüş meydanında aldıq, onu törədənlərin çoxu məhv edildi.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc əhalinin məruz qoyulduğu soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Qətliam hayların törətdiyi sistemli cinayətlərin zirvəsidir. Erməni faşistlərinin təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, dinc əhalini məhv etmək niyyətilə törədilib. Ondan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı soyqırımından cəmi bir neçə gün əvvəl – fevralın 17-də isə Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.

Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasındakı strateji nöqtədə yerləşən, Qarabağın yeganə hava limanının olduğu Xocalı fevralın ikinci yarısından başlayaraq, erməni hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülüb. Dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınıb. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlıları bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin əhalisinin üzərinə ağır hərbi texnika yeridib, camaata misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri barbarcasına dağıdıblar. Yalnız bizə deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməlləri nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, (bunlar hələ meyiti tapılanlardır) onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girovlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.

Xocalı soyqırımından sonra da azərbaycanlılara qarşı etnik etnik təmizləmə aparılıb. Şuşa və Laçın alınarkən faşist qəddarlıqları davam etdirilib.

...Şuşanın işğalını müşahidə etmək üçün R.Koçaryan, S.Sarkisyan, Z.Balayan, Adrey Saxarovun ögey oğlu A.Semyonov, Yelena Bonner, Baronessa Koks, eləcə də “Ümumdünya xristian həmrəyliyi” və “Daşnaksütyun” terror təşkilatının rəhbərləri, bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər Şuşakəndə toplaşmışdılar. Fasiləsiz raket zərbələrindən vahiməyə düşən şəhərin mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar. Azsaylı döyüşçülərimizsə hücum tapşırığı olmadığına görə yalnız müdafiə mövqeyində dayanmışdılar.

O zaman Şuşada 1860 azərbaycanlı yaralanıb, 480-i həlak olub, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə hələ də məlumat yoxdur. Şuşadan doqquz gün sonra işğal edilən Laçında 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.

Daha sonra Goranboyun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış onlarla azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib. Öldürülənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Kəlbəcərin işğalından bir il öncə erməni faşistləri tərəfindən törədilmiş Ağdaban faciəsi də təcavüzün ən qanlı səhifələrindəndir. İnsanlığa sığmayan vəhşiliklərin törədildiyi bu kənddə kütləvi qırğına rəvac verilib. İstər hərb qanunlarına, istərsə də bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqlarına sığmayacaq səviyyədə soyqırımına “imza” atılıb. Başlıbel işğal edilərkən erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Rayonun işğalı zamanı düşmən ikinci dəfə Ağdabanı oda qalayıb, viranəyə döndərib. Qızlar əsir düşməmək üçün özlərini qayadan atıblar. Erməni qəsbkarları bir gecədə bir kəndi yer üzündən siliblər. Tək bu kənddə törədilənlərlə bağlı Ermənistana qarşı xeyli sayda cinayət işinin qaldırılması və işğalçı dövlətin beynəlxalq tribunallarda ittiham edilməsi düşmənin iç üzünün, saxta, yalançı diplomatiyasının ifşasının və uzun illərdən bəri yaratdığı “məzlum xalq” maskasının yırtılmasının əsl səhnəsi olardı...

Bildiyimiz kimi, ümummilli lider Heydər Əliyev Xocalının o dövrkü ölkə rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz buraxılmasına kəskin etiraz edərək deyib: “O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır”.

Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğınlar həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyidlərin bir qismini minalayıblar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirib.

Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə erməni silahlı qüvvələri, Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətidir ki, onun da tərkibində ruslarla bərabər, çoxlu ermənilər olub.

Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib. Azərbaycan parlamenti 2017-ci il fevralın 24-də ondan 24 il əvvəl Ermənistan hərbi birləşmələri, Qarabağdakı silahlı quldur dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalıda azərbaycanlıların kütləvi qırğınının Milli Məclisin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsini bir daha təsdiq edib.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı - XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar səslənib, şüarlar nümayiş etdirilib.

Bu il yanvarın 28-də Prezident İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü haqqında sərəncam imzalayıb. Həmin sənəddə bir daha vurğulanıb ki, bu müdhiş soyqırımına hüquqi qiymət verilməli və dəhşətli faciəni törədənlər layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.

Nə qədər ki, erməni faşizmi tam məhv edilməyib, işğalçılar insanlığa qarşı bəd əməllərini davam etdirməyə çalışacaqlar. Biz Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq. 1992-ci ildə Xocalıda olduğu kimi, 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə, digər şəhər və rayonlarda Ermənistanın hərbi-siyasi rəhbərliyinin dinc əhalini hədəf seçməsi, yaşayış məntəqələrini raket atəşlərinə məruz qoyması aşkar faşizm aktlarıdır. Ermənilər bilməli və unutmamalıdırlar ki, törətdikləri əməllərə görə beynəlxalq hüquq məsuliyyətindən qaça bilməyəcək, Azərbaycan xalqı və dövləti qarşısında mütləq cavab verəcəklər.

Əli NƏCƏFXANLI,

 Əməkdar jurnalist

27 Fevral 2022 01:23 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə