Ən son xəbərlər
Ağrılı-acılı Xocalı faciəsindən 30 il ötür. İndi həmin günü qalib xalq kimi qeyd edirik. 1992-ci il fevralın 25-dən 26-na keçən o qanlı gecə... Bütün yollar bağlandı və Xocalıda dünyanın görmədiyi vəhşiliklə insanlar qətlə yetirildilər. Bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə yazıldı. Dinc, silahsız yüzlərlə qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak oldu. Minlərlə insan yaralandı, xəsarət aldı, şikəst oldu, əsir düşdü.
Mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğala qarşı barışmaz mövqeyimizi sarsıda bilmədi.
2020-ci il sentyabrın 27-dən başlayaraq, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu öz gücünü göstərdi. Şəhidlərimizin, günahsız insanların qanı yerdə qalmadı. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Qarabağımız böyük bir şücaətlə düşməndən azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Qəhrəman ordumuz Azərbaycanın zəfər tarixini xalqımızın yaddaşına şanlı hərflərlə yazdı. 44 günlük Vətən müharibəsindən sonra Qarabağ problemi, nəhayət, həllini tapdı və torpaqlarımız öz əzəli sahiblərinə qayıtdı.
Xocalıda soyqırımına məruz qalan insanların qisası döyüş meydanında alındı, günahsız soydaşlarımızın qanı yerdə qalmadı. Bununla da şəhidlərin yaxınlarının, eləcə də, bütün Azərbaycan xalqının ürəyinə sərin su çiləndi. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heçzaman yadlarından çıxarmayacaqları dərsi verdilər. Şəhidlərimizin uzun illər boyunca Xocalı üzərində narahatla dolaşan ruhları rahatlıq tapdı.
Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, biz heçnəyi unutmadıq və unutmayacağıq. Biz informasiya silahımızı heçbir zaman yerə qoymamalıyıq, həqiqətimizi var gücümüzlə dünya icimaiyyətinə çatdırmalı, ədalətimizi tələb etməliyik. Əslində, bu, tək Azərbaycan xalqının deyil, həm də sülhsevər bəşəriyyətin haqqıdır. Yer üzündə bir daha Xocalı soyqırımı kimi dəhşətli qətliamlar olmamalıdır. Vətəndaşlar, insanlar milli, dini mənsubiyyətinə, irqinə görə qətlə yetirilməməlidir. Məhz buna görə də dünyanın Xocalı soyqırımına qiymət verməsi, bu dəhşətli qətliamı törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi lazımdır və vacibdir.
Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. XX əsr dünya tarixinin ən qəddar qətliamı olan Xocalı soyqırımı haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün də uğurla davam etdirilir.
Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” – deyən Prezident İlham Əliyevin birbaşa səyi nəticəsində bu gün dünyanın bir sıra dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Xocalı soyqırımını indiyədək dünyanın 16 ölkəsi və ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatının 57 ölkəsi tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb və pisləyib. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Təbii ki, bu çətin bir prosesdir. Bunu qısa müddət ərzində bütün dünyaya yaymağın özüdə çətin və mürəkkəb işdir.
Heydər Əliyev Fondu, şəxsən fondun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhədir. Bu çağırış beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.
Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə səsləyir. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə dəvət etməkdir. Həmçinin, beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də, insan hüquq və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Heçbir cinayət, xüsusilə, insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır və qalmayacaq. Əminik ki, Xocalıda dinc əhalinin qırğınına səbəb olmuş, bu əməllərin törədilməsində iştirak etmiş, eləcə də, onlarla əlbir olan, kömək və havadarlıq edənlərin hər biri fərdi qaydada ədalət məhkəməsinə çıxarılacaqdır.
Allah şəhidlərimizə rəhmət etsin! Tanrı xalqımızı, ordumuzu, Prezidentimizi qorusun!
Jalə ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini
Köhnə versiyamızdan xəbərləri izlə