Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzi Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir təşkil edib.

Baş İdarədən "Xalq qəzeti"nə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkına gələrək Ulu Öndərin burada ucalan abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirdə mərkəzin foyesində Xocalı soyqırımı ilə əlaqədar təşkil olunmuş “Soyqırımı” adlı rəsm sərgisinə baxış keçirilib.

Sonra iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən ekspozisiyalarla, “Muzey”, "Rəsm studiyası", “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə acıq elan olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirini giriş sözü ilə açan Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin direktor əvəzi Zəkiyə Hacıyeva Xocalı soyqırımı haqqında məlumat verərək bildirib ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil...

Suraxanı rayon İcra Hakimiyyətinin başçısının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva tarixi torpaqlarımızda məskunlaşmış ermənilərin ölkəmizə qarşı daim ərazi iddiasında olmaları, məkrli və təcavüzkar siyasət yürütmələri torpaqlarımızın iyirmi faizini işğal etmələri, əlverişli strateji və coğrafi mövqedə olan Xocalıda və digər yaşayış məntəqələrimizdə xüsusi amansızlıqla xeyli sayda dinc sakinləri qətlə yetirmələri və əsirlərə qarşı qeyri-insani hərəkətlər etmələrindən danışıblar.

Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı ilə əlaqədar xüsusi Fərman verib, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlar məlumatlandırılıb. 25 fevral 1997-ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Prezident Heydər Əliyev tərəfindən Fərman imzalanib.

Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq. Bu gün biz qalib xalqın vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində ərazi bütövlüyünün təmin edilməsi və üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığını diqqətə çatdırıblar və bildirilib ki, biz tariximizi heç zaman unutmamalıyıq. Bədnam qonşumuzun tarixdə dəfələrlə xalqımıza qarşı törətdiyi vəhşilikləri gələcək nəsillərə çatdırmalıyıq.

Sonda Xocalı soyqırımına həsr olunmuş Xocalıdan son sağ qurtulan 6 yaşlı uşağın yaşadıqları, real faktlar əsasında çəkilən “Ümid işığı” adlı bədii-sənədli filmi təqdim olunub.

24 Fevral 2022 13:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə