Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tbilisidə Azərbaycan rəssamlarının Xocalı soyqırımına həsr etdikləri əsərlərin sərgisi açılıb

Fevralın 20-də Tbilisidə Azərbaycan rəssamlarının Xocalı soyqırımına həsr etdikləri əsərlərindən ibarət “Xocalıya ədalət!” adlı sərgi açılıb.

Sərginin açılışında Tbilisidə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev, ölkəmizin səfiri Faiq Quliyev, Türkiyə səfirinin müavini Onur Sevim, Gürcüstan Təhsil Nazirliyinin, Elmlər Akademiyasının, Rəssamlar İttifaqının rəsmiləri, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərliyi, elm, ictimaiyyət, din xadimləri, Xocalı faciəsində yaxınlarını itirmiş ailələrin üzvləri iştirak ediblər.

Əvvəlcə nazir, səfir və digər rəsmi şəxslər sərgi ilə tanış olublar.

Sərginin əsas təşkilatçılarından olan Azərbaycan Rəssamlar İttifaqının üzvü Ülkər Əbülfət sərgidə nümayiş etdirilən əsərlər barədə məlumat verib. Bildirilib ki, sərgidə 60-a yaxın yağlı boya, qrafika, rəngkarlıq və digər janrlarda çəkilmiş əsərlər nümayiş etdirilir. Sərgi 3 gün davam edəcək.

Nazir və səfir, həmçinin Xocalıda yaxınlarının itirmiş və hazırda Marneulidə yaşayan Haqnet Çıldırlı, Zərifə Bayramova və hər iki ailənin digər üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Faiq Quliyev Xocalı faciəsinin baş vermə səbəbləri, acı nəticələri barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Xocalı faciəsi Azərbaycan tarixinə ən dəhşətli səhifə kimi daxil olub. 30 il öncə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalıda dinc əhaliyə qarşı amansız qətliam törədiblər. Xocalı şəhəri yerlə-yeksan olunub.

Faciəyə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Məhz Heydər Əliyevin ciddi səyi nəticəsində Xocalıda törədilən vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasına başlanılıb. Faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ədalətin zəfər çalmasına öz töhfəsini verib.

Səfir deyib ki, bu istiqamətdə ən başlıca beynəlxalq layihələrdən biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” kampaniyasıdır. Kampaniya çərçivəsində aparılan fəaliyyət nəticəsində bir sıra mühüm qərar və qətnamələr qəbul edilib, bəzi ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb.

Tədbir iştirakçılarını “Xocalıya ədalət!” çağırışına səs verməyə dəvət edən səfir bildirib ki, dünya Xocalı soyqırımını tanımalıdır.

F.Quliyev 44 günlük Vətən müharibəsindəki Zəfərlə Xocalı faciəsinin qurbanlarının qisasının alındığını, günahsız qurbanların qanlarının yerdə qalmadığını xüsusi qeyd edib.

Təhsil naziri Emin Əmrullayev çıxışında deyib ki, Xocalı soyqırımı yalnız Azərbaycan və azərbaycanlıların deyil, bütün bəşəriyyətin, hər bir insanın faciəsidir. Çünki günahsız insanların qətli qəbuledilməzdir. Dünya bu faciə ilə bağlı ədalət səsini ucaltmalıdır. Onun sözlərinə görə, soyqırımına düzgün qiymət verilməlidir ki, bu cür faciələr bir daha təkrarlanmasın.

Nazir bildirib ki, Azərbaycan Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edib. Lakin Xocalıda, müharibə dövründə qətlə yetirilən bütün günahsız qurbanlar unudulmur. Biz Xocalını unutmayacağıq və unutdurmayacağıq.

E.Əmrullayev Azərbaycanın parlaq qələbəsi ilə regionda yeni reallıq, sülh üçün yaxşı şəraitin yarandığını qeyd edib.

Sonra Türkiyə səfirinin müavini Onur Sevim, Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Tertsvadze, professor Nikolaz Cavaxişvili, Azərbaycan Rəssamlar İttifaqının üzvü Ülkər Əbülfət, Xocalı faciəsində yaxınlarını itirmiş ailənin üzvlərindən Gülnar Çıldırlı, Zərifə Bayramova və başqaları çıxış edərək, faciə ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş amansız cinayətdir.

Çıxış edənlər dünya birliyinin bu qətliama səssiz qalmamasının və günahkarların ədalət məhkəməsi qarşısında cavab vermələrinin vacibliyinin qeyd ediblər.

20 Fevral 2022 21:15 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
13 Avqust 2022 | 09:00
Səsin sehri

Köhnə versiyamızdan xəbərləri izlə