Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 502 Bakı şəhəri, 26 noyabr 2018-ci il
 
“Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 741-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 1522 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali məktəblərin hazırlıq şöbələrinin Əsasnaməsi haqqında” 1993-cü il 23 dekabr tarixli 631 nömrəli, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali məktəblərin hazırlıq şöbələrinin Əsasnaməsi haqqında” 1993-cü il 23 dekabr tarixli 631 nömrəli qərarında qismən dəyişikliklər və əlavələr edilməsi haqqında” 1994-cü il 8 dekabr tarixli 412 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 23 dekabr tarixli 631 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali məktəblərin hazırlıq şöbələri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 2013-cü il 2 oktyabr tarixli 271 nömrəli qərarları ləğv edilsin.
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri 
 
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin təşkili məsələlərini tənzimləyir.

1.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respub-likasının 2017-ci il 13 iyun tarixli 741-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 1522 nömrəli Fərmanının 2.3-cü bəndinə uyğun olaraq, Nazirlik bakalavriat səviyyəsində hazırlıq qrupları təşkil olunan ali təhsil müəssisələrini və ixtisasları tabeliyində ali təhsil müəssisələri olan icra hakimiyyəti orqanlarının və özəl ali təhsil müəssisələrinin təklifləri əsasında müəyyən edir.

 

2. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili

 

2.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-1-ci maddəsinə uyğun olaraq, Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunur. Hazırlıq qruplarında təhsil əyani formada aparılır. Tədris ili 2 semestrdən ibarətdir və oktyabr ayının 1-də başlayır. Hər semestrdə 15 həftə nəzəri tədris üçün, birinci semestrin sonunda 2 həftə tələbələrin biliyinin aralıq qiymətləndirilməsi üçün, ikinci semestrin sonunda isə 2 həftə buraxılış imtahanları üçün nəzərdə tutulur. Hazırlıq qruplarında təhsilalanlar üçün 2 həftəlik qış tətili müddəti müəyyənləşdirilir.

2.2. Hazırlıq qrupları ali təhsil müəssisəsinin struktur bölməsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.22-ci bəndinə uyğun olaraq təşkil edilir və fəaliyyət göstərirlər.

2.3. Hazırlıq qruplarında dərslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu  Qaydaları” (bundan sonra – Qaydalar) ilə müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə imtahan fənlərini əhatə edən və Nazirlik tərəfindən təsdiq olunan hazırlıq qruplarının tədris planları əsasında aparılır.

2.4. Birinci semestrin sonunda tələbələrin biliyinin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin monitorinqi məqsədi ilə ali təhsil müəssisələri tərəfindən aralıq imtahanları keçirilir. Aralıq imtahanlarının nəticələrindən asılı olmayaraq, tələbələr ali təhsil müəssisəsinin hazırlıq qruplarından xaric olunmur və təhsillərini tədris ilinin sonunadək davam etdirirlər. Aralıq imtahanları Qaydalara uyğun olaraq keçirilən tələbə qəbulu imtahanlarına müvafiq formada təşkil edilir.

2.5. Hazırlıq qruplarında təhsil alan tələbələr ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməyə borcludurlar. Tələbə ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda və ya tədris aparıldığı semestrdə fənlər üzrə ayrılmış ümumi saatların 25 faizindən çoxunda iştirak etmədikdə, ali təhsil müəssisəsinin hazırlıq qrupundan xaric olunur.

2.6. Hazırlıq qrupları Qaydalarla müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılır və hər qrupda tələbələrin sayı 20 nəfərdən çox olmamalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilmir.

 

3. Yekun müddəalar

 

3.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.9-cu maddəsinə uyğun olaraq, hazırlıq qruplarında ixtisaslar üzrə tələbə qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.2. Qaydaların 5.10-cu bəndinə əsasən müsabiqənin nəticələri elan olunduqdan sonra, Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən Qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır. Onlar barədə məlumat “Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə daxil edilir.

3.3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.3-cü yarımbəndinə müvafiq olaraq, hazırlıq qruplarına keçid balları Nazirliklə razılaşdırılmaqla, Mərkəz tərəfindən müəyyən edilir.

3.4. Hazırlıq qruplarına qəbul edilən tələbələr aşağıdakı sənədləri 5 (beş) gün müddətində qəbul olunduqları ali təhsil müəssisələrinə təqdim etməklə, qeydiyyatdan keçməlidirlər:

3.4.1. tam orta təhsil haqqında sənədin əsli;

3.4.2. təhsil haqqının ödənişini təsdiqləyən sənəd;

3.4.3. 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil.

3.5. Qaydaların 5.10-cu bəndinə əsasən, hazırlıq qruplarında tədrisin sonunda Mərkəz tərəfindən Qaydalarda nəzərdə tutulmuş qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçirilir və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.

3.6. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hazırlıq qruplarında tədris bitdikdən sonra ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunmayan tələbələr barədə “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində müvafiq qeyd aparılır.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə