Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Folklorda metaforik düşüncənin semantikası”

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklorda metaforik düşüncənin semantikası” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbirdə AMEA-nın Folklor, Fəlsəfə, Arxeologiya və Etnoqrafiya institutlarının əməkdaşları, respublikanın ali təhsil müəssisələrinin müəllim və tələbə kollektivi, doktorant və dissertantlar, o cümlədən KİV nümayəndələri iştirak ediblər.  

Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov qeyd edib ki, konfransın həsr olunduğu mövzu müasir folklorşünaslığın olduqca aktual istiqamətlərindən birini təşkil edir. Mövzunun aktuallığı ilk növbədə onunla şərtlənir ki, folklorun metaforik düşüncə kontekstində araşdırılması ona bütöv bir sosial-mədəni təsisat kimi daha sistemli yanaşmanı təmin etmiş olur. Atalar sözləri, tapmacalar, nağıl və lətifələr, əslində gerçəkliyin metaforik-simvolik təzahürü kimi özündə dərin məna qatlarını ifadə edir. Həmin mənaların araşdırılması folklora metaforik düşüncə kontekstində yanaşma əsasında mümkündür.

science.gov.az saytı yazır ki, sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Rüstəm Kamal ““Kitabi-Dədə Qorqud” eposunda nitq janrları və ritual davranışın semantikası” mövzusunda çıxış edərək vurğulayıb ki, “Kitabi-Dədə Qorqud” kommunikativ hadisələrin, nitq aktlarının və ya nitq janrlarının təsvir olunduğu poetik sistemdir. “Kitabi-Dədə Qorqud” bütövlükdə ilkin janrlardan yaranmış, müvafiq etnik ənənədə mövcud olmuş mürəkkəb nitq janrıdır, etiket janrıdır. Nitq janrlarının bir sistem kimi öyrənilməsi M.M.Baxtinin nitq janrları nəzəriyyəsinin və C.Ostinin performativlik nəzəriyyəsinin araşdırmaya tətbiqini mümkün edir. Məruzəçi qeyd edib ki, “Kitabi-Dədə Qorqud”un kommunikativ məkanında sistemyaradıcı nitq janrları, personajlar yaradır ki, bu da öz növbəsində mətnin sosial, ritual kontekstini şərh etməyə imkan verir.

Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

24 Noyabr 2018 16:37 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə