Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan alimləri beynəlxalq elmi konfransda

Moskvadakı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) “Fiziklər və liriklər: MDB ölkələrində elm və ədəbiyyat sahəsində dünya təcrübəsi və reallıq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir AMEA, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və BNTİ tərəfindən təşkil olunub. Konfransda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Milli Məclisin deputatı Ağacan Abıyev, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid iştirak ediblər.

science.gov.az saytı yazır ki, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev konfransı açaraq Dubna elmi şəhərciyi və rəhbərlik etdiyi institutun fəaliyyəti barədə məlumat verib. Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Aqşin Əliyev alimlərə işlərində uğurlar arzulayıb.

Sonra təbiət elmləri ilə humanitar elmlərin qarşılıqlı fəaliyyəti, gənclərin elm və mədəniyyət tarixinin öyrənilməsinə cəlb edilməsi, Azərbaycan və Rusiya alimlərinin əməkdaşlığının inkişafı və digər məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrdə BNTİ-nin əməkdaşları Valter Furman, Yevgeni Şablin, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun dosenti Abuzər Bağırov, AYB Moskva bölməsinin məsul katibi Afaq Şıxlı və başqaları iştirak ediblər.

Qeyd edək ki, dəqiq və humanitar elmlərin nümayəndələri arasında mübahisə ötən əsrin ortalarında sovet şairi Boris Slutskinin “Literaturnaya qazeta”da 1959-cu ildə dərc olunmuş “Fiziklər və liriklər” şeirindən sonra başlayıb. B.Slutski şeirində dünya qanunlarının dəyişməsi, müasir dövrdə ədəbiyyatçılara deyil, dəqiq elmlərə daha çox ehtiyac duyulduğunu bildirmişdi.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

24 Noyabr 2018 16:01 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə