Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Co Bayden Ağ evdə Olaf Şoltsla görüşəcək

ABŞ Prezidenti Cozef Bayden fevralın 7-də Ağ evdə Almaniya kansleri Olaf Şoltsu qəbul edəcək. Bu barədə Ağ evin mətbuat katibi Cen Psaki bildirib.

“Amerikanın səsi” radisosu yazır ki, C.Psaki Almaniya kanslerinin Vaşinqtona səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Onun sözlərinə görə, tərəflər Rusiya–Ukrayna münaqişəsi, həmçinin koronavirus pandemiyasına qarşı mübarizə, iqlim dəyişikliyi problemləri və demokratik dəyərlərə əsaslanan beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Yeri gəlmişkən, ABŞ Prezidenti iki gün əvvəl Ağ evdə keçirdiyi tədbirdə deyib ki, onun ölkəsi Ukraynaya qoşun yeritməyəcək. Çünki Ukrayna ətrafında eskalasiya dünyanı dəyişə bilər. Məlum olduğu kimi, son vaxtlar Rusiya ilə Ukrayna arasındakı gərginlik özünün pik həddinə çatıb. Ağ ev rəhbərliyi də bunun fərqindədir. “Əgər qüvvələr ora (Ukraynaya – red.) hərəkət edərsə, bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük işğal olacaq. Bu, dünyanı dəyişəcək”, – deyə ABŞ Prezidenti bildirib.

Bundan əvvəl də Co Bayden bəyan etmişdi ki, Birləşmiş Ştatlar Ukraynaya qoşun yeritmək niyyətində deyil. “Bizim Ukraynada öz ordumuzu və NATO qüvvələrini yerləşdirmək niyyətimiz yoxdur”, – deyə dövlət başçısı vurğulayıb.

M.HACIXANLI, “Xalq qəzeti” 

29 Yanvar 2022 11:04 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə